Maştağada yerləşən 22 saylı məktəbin direktoru Azər Ələkbərovun 9-cu sinif şagirdi Rauf Oruclunu döyməsi və iş üzrə Sabunçu rayonu 14-cü Polis Bölməsində araşdırma aparıldığı barədə redaksiyamıza daxil olan məlumat əsasında 14 mart tarixində yazı dərc edildi.
Yazıda 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əlizadənin faktı təsdiqlədiyi haqda səs yazısına da əsaslanmışdıq. Buna baxmayaraq, həm Bakı şəhər Təhsil İdarəsinin, həm də 22 saylı məktəbin direktorunun mövqeyi öyrənildi və eyni məqalədə əks etdirildi.
22 saylı məktəbdən suala cavab verən Azər Ələkbərov xahiş etdi ki, məqalədə onun adı çəkilməsin, sadəcə, məktəbin rəsmi mövqeyi kimi dərc edilsin. Qarşı tərəfin hüquqlarına hörmət əlaməti olaraq, elə də etdik və A.Ələkbərovun adını məqalədən çıxardıq (mövqeyini isə məktəbdən verilən məlumat olaraq, olduğu kimi saxladıq).
Amma A.Ələkbərov demə, jurnalist araşdırmasından narazı qalıbmış. Mətbuat Şurasına müraciət edərək, guya onun haqda düzgün olmayan məlumat yaymağımızdan şikayət etdi. Mətbuat Şurasında müzakirə aparıldı və hər tərəfin mövqeyi əks etdirildiyi üçün Axar.az-ın məlum araşdırmasına heç bir irad bildirilmədi (A.Ələkbərov isə öz təsəvvürünə uyğun fərqli böhtanlar uydurur).
Bunun ardınca A.Ələkbərov məqalənin saytdan qaldırılması üçün növbəti cəhdlərə başladı. Hər dəfə imtina ediləndə isə adam sosial şəbəkədə şər və böhtan atmaqla bərabər, polisə də müraciət edib, “bizi məhv etməyə” qərarlı olduğunu nümayiş etdirdi.
A.Ələkbərov “102 Çağrı Xidməti”nə müraciət etdiyi üçün Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparıldı. Araşdırmanı aparan tədqiqatçı səs yazısını da dinlədi və qarşı tərəfin iddiasının əsassız olduğu üzə çıxdı.
Maraqlı məqamlar isə bundan sonra başladı.
5-ci Polis Bölməsinin təhqiqatçısı Elvin Bəşirov daha sonra redaksiya ilə əlaqə saxlayaraq, bildirdi ki, A.Ələkbərov yazının saytdan qaldırılmasını tələb edir və deyir ki, əgər yazını qaldırarsınızsa, o da iddialarından geri çəkilər.
E.Bəşirova xatırlatdıq ki, bir media qurumundan araşdırma yazısını şantaj və hədə yolu ilə çıxartdırmağa cəhd etmək heç bir əxlaqa sığmır və bu əməl cinayət tərkiblidir. Digər tərəfdən, biz yazımızda bütün tərəflərin mövqeyini işıqlandıraraq, jurnalistikanın tələblərinə “A-dan Z-yə qədər” əməl etmişik.
Burada əsas maraqlı nüanslardan biri təhqiqatçı Elvin Bəşirovun guya direktoru müdafiə etməsi, onun əməkdaşımız tərəfindən təhqir olunduğunu bildirməsidir. A.Ələkbərov öz şantaj və böhtanına E.Bəşirovu da şərik edərək deyir ki, təhqiqatçı guya səs yazısının “qeyri-qanuni” yazıldığını bildirib, onun təhqir olunduğunu təsdiqləyib. Buna görə də A.Ələkbərov ayrı-ayrılıqda məhkəməyə iddia verəcəkmiş.
Bu “təhqir böhtanı”nın yalan olduğunu, əməkdaşımızın direktorla maksimum nəzakətli danışdığını, əksinə, qarşı tərəfin hədə üzərində qurulan ritorikasını göstərmək üçün səs yazısını təqdim edirik. Eyni zamanda xatırladırıq ki, əməkdaşımız A.Ələkbərova bu hədələrinin yazıldığını xatırladır (Səs yazısında əksini tapıb).
Direktor Azər Ələkbərov məsələni başqa mövzulara çəkərək, diqqəti əsas problemdən – onun şagirdi döyməsindən yayındırmaq istəyir. Halbuki məsələ ilə bağlı araşdırma aparan təhqiqatçı Ə.Əlizadə Axar.az-a bildirmişdi ki, 9-cu sinif şagirdi Rauf Oruclunun döyülmə faktı məktəbin şagirdləri tərəfindən təsdiqlənib və faktla bağlı ekspertiza təyin edilib. İşi araşdıran təhqiqatçı Əşrəf Əlizadənin sözlərinə görə, ekspertizanın nəticəsi var və nəticələr aidiyyəti üzrə prokurorluğa göndərilib.
Ancaq maraqlıdır ki, təhqiqatçının bu sözündən sonra araşdırmanın nəticəsi it-bata düşüb. Bu da onu düşünməyə əsas verir ki, hüquq-mühafizə orqanlarında kimlərsə bu şəxsi – məktəb direktorunu ciddi şəkildə himayə edir.
A.Ələkbərov təhqir, hədə vasitələri ilə yanaşı, şər, böhtan atmaqla da saytımızın, əməkdaşlarımızın nüfuzuna xələl gətirməyə çalışır. O, Feysbukda paylaşdığı “məqaləsində” saytımızın əməkdaşının məktəb direktorlarını şantaj edib, təhdid yolu ilə 5 min manat aldığı zaman hüquq-mühafizə orqanları tərəfindən həbs olunduğunu iddia edib. Diqqətinizə çatdırmaq istəyirik ki, yarandığı gündən peşə əxlaqına və tələblərinə riayət edən Axar.az saytı heç bir halda hansısa şəxsdən təhdid və ya şantaj yolu ilə 1 qəpik belə almayıb. Onun əsaslandığı məhkəmənin isə Axar.az saytına heç bir aidiyyəti yoxdur.
Direktor ünvanımıza səsləndirdiyi bu əxlaqsız böhtana görə məhkəməyə veriləcək.
A.Ələkbərov görün hansı əxlaqa sahibdir ki, özü həmin məsələnin başqa sayta aid olduğunu bilə-bilə şantaj cinayətini Axar.az-a, “Teleqraf” Holdinqə yamamağa çalışır. Açığı, mediaya belə böhtan atan şəxsin öz məktəb müəllimlərinə, şagirdlərinə hansı böhtanları atacağını təsəvvür etmək çətin deyil.
Başqa bir ağlasığmaz məqam ondan ibarətdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi ona göndərdiyimiz sorğunu hansısa səbəbdən bu direktora ünvanlayıb.
Bildiririk ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyimiz sorğuda quruma bu sualla müraciət etmişdik:
“Ə.Kazımov adına 228 nömrəli məktəbdən çıxarılıb, nə üçün digər məktəbə təyin olunub?”
Biz Təhsil İdarəsinə ona görə belə sualla müraciət etmişdik ki, Azər Ələkbərovun Qaradağda yerləşən 228 nömrəli məktəbdən həmin təhsil ocağının müəllimlərinin şikayəti əsasında qovulması haqda redaksiyamıza məlumat daxil olub. Bu məlumatı araşdırmaq niyyətilə Bakı şəhər Təhsil İdarəsinə sorğu vermiş, sorğunun cavabını almışıq. Sadəcə, araşdırma davam etdiyi üçün bunlar tirajlanmayıb.
Maraqlıdır, Bakı şəhəri üzrə Təhsil İdarəsi bizim onlara göndərdiyimiz sorğunu hansı əxlaqla direktora ötürüb? Bu faktı Təhsil İdarəsinin və ümumiyyətlə, Təhsil Nazirliyinin həmin direktoru müdafiə etməsini göstərən nüanslardan biri deyilmi?
Direktor təhqir, hədə, şantaj əməlləri ilə yanaşı, öz savadsızlığını da nümayiş etdirməyə davam edir. Belə ki, o, İKT üzrə təcrübəsinin olduğunu iddia etsə də, “Quql”un saytımıza yerləşdirdiyi reklam xarakterli materialları bizim əməlimiz kimi təqdim etməyə çalışır. Halbuki həmin reklamlar dünyanın məşhur xəbər portallarına, agentliklərinə yerləşdirilir.
Direktor “siz icazə verdiyiniz üçün saytınıza belə reklam yerləşdirilir. Bəs yaxşı, bizim məktəbimizin saytına niyə elə reklam qoyulmur?” deməklə bir daha öz savadsızlığını ortaya qoyur. Çünki bu tip reklamlar yalnız yüksək tirajlı saytlara yerləşdirilir.
Azər Ələkbərovun savadsızlığı bununla da kifayətlənmir. Böyük bir təhsil ocağının direktoru, təkcə şagirdlərin deyil, həm də müəllimlərin rəhbəri olan bu şəxs Feysbukdakı məqaləsində ibtidai sinif şagirdinin belə yol verməyəcəyi orfoqrafik səhvlərə, üslub xətalarına yol verib. Direktorun Azərbaycan dövlətçiliyinin, millətçiliyinin, tarixinin, mədəniyyətinin əsas sütununu təşkil edən ana dilini bilməməsi dəhşət doğurur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev öz ana dilini bilməyən insanları “şikəst insanlar” adlandırırdı.
Direktor səhvlərlə, təhqir və böhtan xarakterli cümlələrlə dolu Feysbuk “məqaləsini” Rusiya Prezidenti Vladimir Putinin bir nitqi ilə yekunlaşdırır (Onun Rusiyaya, xüsusən SSRİ rejiminə qarşı sevgisi haqda artıq araşdırma dərc edib, faktları ortaya qoymuşuq – red.). Biz isə 22 saylı məktəbin direktoru Azər Ələkbərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlər haqqında dediyi sözləri xatırladırıq:
“Jurnalistlər mənim köməkçilərimdir. Buna görə onlara minnətdaram. Əminəm ki, gələcəkdə də onlar bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında – harada ki hansısa ədalətsizlik, qanunsuzluq var – dərhal operativ reaksiya verəcəklər, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəklər”.
Biz məhz öz Prezidentimizin dediyi kimi etdik: cəmiyyəti narahat edən bir məsələni – direktorun şagirdi döyməsini işıqlandıraraq, neqativ halı ortaya qoyduq.
Ümid edirik ki, istər Daxili İşlər naziri, həddən artıq ictimai həssaslığı ilə böyük hörmət qazanmış cənab Ramil Usubov, istərsə də yeni Təhsil nazirimiz, böyük ümidlər vəd edən cənab Ceyhun Bayramov jurnalistlərin üzə çıxardığı bir problemin həllini tapması üçün lazımı tədbirləri görəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?