Bu gün “Gündəm Xəbər”in redaksiyasına Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, bina-29, mən-35 ünvanda yaşayan şair-publisist Nizami Süleymanoğlu tərəfindən müraciət daxil olub. Müraciət müəllifi bu günə kimi keçdiyi həyat yollarından, yaradıcılıq fəaliyyətindən, eyni zamanda hal-hazırda üz-üzə qaldığı müəyyən problemlərinin varlığından, ən əsası isə cənab Prezidentə çatdırmaq istədiyi fikir və arzularından bəhs edir. Ona görə də adı çəkilən şəxsin redaksiyamıza təqdim etdiyi müraciətin nöqtə, vergülünə və s. toxunmadan, onu olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik.
Müəllifdən
Sizlərə öncə salam və sayğılarımı bildirirəm. Təfərrüatları, əsaslandırmaları bir ərizə, müraciətə sığdırmaq olmasa da nəzərə aldım ki, bu müraciət 41 illik bəzi hadisələrin yekunu, özətidir. Sizə 2015-ci ildə «Uzaqları yaxından görənlər» (Yəhudilər) kitabının I hissəsinin bir nüsxəsini gönərmişəm. Həmin nüsxədən o zaman İsrailin Azərbaycandakı səfirliyinə də göndərmişdim. Həmin kitabı 2012-ci ildə 87 yaşında yaxın qohumlarımın bizə qarşı qondarma iddia Mülkü Məhkəmə prosesində insultdən dünyasını dəyişən atamın vəsiyyəti ilə 3 ilə yazmışdım. Bu ilin oktyabr – dekabr aylarında isə I – II hissə birgə və təkminləşdirilmiş şəkildə Allahın izni ilə nəşr olunacaq. Sadəcə, böyük itkilərimə, həmçinin yaradıcılığıma yönələn neqativ təsirlərə, vaxt itkilərinə heyfsilənirəm. Əziz Prezident! Əminəm ki, sözü gedən kitab toplusu kitabçılıq sahəsində özünəməxsus mövqeyini ölümsüzləşdirib saxlayaraq YƏHUDİ DÜNYASI ÜÇÜN mənəvi bir xəzinə olacaq. Bunun Azərbaycana faydasını doğma dilimizin gözəllikləri, ifadə tərzi ilə məhz Azərbaycandan yazılması və sairələr, saxlayacaq. Hazırda toplunun təkmilləşdirilməsi və cilalanması mərhələsindəyəm, o nəsr və nəzm nümunəsidir. Özünəməxsusluqda bir neçə parametrdə bu kitabdan üstün bir kitabın yazıla bilməcəyi inamını öncədən çox düşünür və bütün ədəbi-bədii, fəlsəfi, poetik və sair elmi potensialımı bu kitaba sərf edirəm. Süleymanın İkinci Oğlu Nizami (SİON). Sion mənim imzamdır. Hətta bütün sənədlərdə qolumu Sion sözü ilə çəkirəm. 2012-ci ildə atam yəhudilər haqqında öz sirrini (həm də o zamana qədər mənim bilmədiyim sirri) açandan sonra çox mətləbi anladım. Hazırda yaşadığım 2 otaqlı mənzildə divarlardan tavana qədər hər şey YƏHUDİ SİMVOLİKALARIDIR.
Yəhudi dərdlərini elə duydum dərindən, Fironu görə bildim Musanın gözlərindən.
Atam dünyasını dəyişəndən sonra məni həyatda saxlayan insanlığa, xüsusən yəhudi dünyasına bəslədiyim qeyri-adi sevgidən aldığım enerjilər olub. Dünyanın necə idarə edilməsini yetərincə anlayıram. Azərbaycanlı olsam da, yəhudiliyi elə içsəlləşdirmişəm ki, artıq dünyaya demək mümkünsə, yəhudi nəzərləri ilə baxıram. Orta məktəbdən özümü xəyalən, arzumda Təhlükəsizlik Sisteminin işçisi kimi görmüşəm. Amma bu istək içimdə basdırılmış, boğulmuş arzu kimi qaldı. Atamın əmisi «Lenin» ordenli Uzun Səməd kişi (çekist – milis işçisi) Sizin rəhmətlik atanızın, Ulu Öndərimizin dostu olub. Bu barədə 10 il öncə qəzetdə geniş yazı gedib. Bəzi hadisələri sıralayım: 1. 1977-ci ildə Füzuli şəhərində Mədəniyyət evinin açılışında Azərbaycanın I katibi Heydər Əliyevin vasitəsilə o zaman Füzulini gərginləşdirən bir qətlin üstünün açılmasına təsir göstərdim. Heydər Əliyev bunu nüfuzu və uzaqgörənliyi ilə cəmi bir saata açdı. Özü də 50 minlik izdihamın içində. Elə həmin gün izdihamdan, nəzarətdən kənar bir yerdə, Kor Nüsrət deyilən bir kişinin (qızları, övladları həyatdadır) həyətindəki tut ağacının üstündən «Gek» tüfənginin atəşindən Möhtərəm Qonağımızı Allahın izni ilə xilas elədim. 1992 və 1996-cı illərdə bu barədə fərqli iki qəzetdə məqaləmdə qısa yazı gedib. Sovet dövründə əsgərliyə hazırlaşan, mağaza müdiri işləyən adi bir gəncin belə fədakarlığı çox güman ki, Heydər Əliyevdən gizli olaraq ölümlə mükafatlandırıla bilərdi. Çünki bu səhlənkarlığı I katib güc strukturlarına bağışlamazdı. Bundan əlavə, ona atəş açmaq istəyənlər də məni sonradan onları ələ verməyəcəyim zəmanəti olmadığına görə öldürə bilərdi. Üçüncüsü, qətlin üstünün açılmasında köməyimə görə də təhdid altında idim. Heydər Əliyevə sui-qəsdin qarşısını almaq borcum idi. Amma I katiblə heç bir əlaqəm yox idi. Bu hadisədən dərhal sonra Sverdlovskaya əsgərliyə getdim. Az vaxtda partiyaya namizəd göstərildim və mülkülərlə əsgərlər arasında sərbəst güləş üzrə keçirilən çempionatda 85 kilo çəkidə qalib oldum. Amma azərbaycanlılara yönələn ayrı seçkiliyə qarşı çıxdığıma görə ordudan uzaqlaşdırıldım. Əks halda 16 nəfər həbs olunmalı, kursantlıq məktəbinin rəhbərləri də cəzalandırılmalı idilər. Mən rus vəzifəli insanlarını eşidib onların məsləhətilə “bütün xətaları” öz üzərimə götürüb çoxlarını cəzalardan xilas etdim. Bu da bir taledir. Möhtərəm Prezident! Heydər Əliyev haqqında bu müraciətdə gerçəklərin bəzilərini açıqlamağı uyğun bildim. Qalanlarını «Yəhudilər» haqqında topluda II hissədə verirəm. 2. 1990-cı il 20 yanvar qırğınından sonra Füzulinin böyük mitinqində camaatımıza belə müraciətim oldu: «Əziz füzulililər, hakimiyyət zirvəsinə onsuz da Heydər Əliyev gələcək. Sizi agah edirəm ki, Ona kömək etmək istəməyənlər, mane olmağa çalışmasınlar». 3. 1991-ci ildə Füzuli Rayon Sovetinə 70 deputatın içində ən güclü alternativlər arasında 89 faiz səslə deputat seçildim. Yerli «Araz» mətbəəsindən qəzetdən kənar istifadə edib Heydər Əliyev haqqında rayona onu leyhinə yönəldilən vərəqələr yaydım. Mövqeyimi bilən o zamankı Azərbaycan rəhbərliyi Füzuli İcra Hakmiyyəti ilə təcili əlaqəyə girib, Ali Sovetə Millət vəkilliyinə namizədliyimin qarşısını hiylə ilə kəsdi. Onlar böyük qardaşımın Ali Sovetə namizədliyini təmtəraqla irəli sürdü. Bilirdilər ki, o zaman hörmət qoyduğum qardaşımın önünə keçməyəcəyəm. Seçki prosesində rəhmətlik Əbülfəz Elçibəyi telefonla təcili rayona dəvət etdim. İsa Qəmbərlə gəldi. Qohumumgildə qonaq oldular. Anlatdım ki, nə qədər ki, böyük rayonlar əlimizdədir, Azərbaycanın Heydər Əliyevi hakimiyyətə gətirməkdən ümidli yolu yoxdur. Elçibəy bildirdi ki, Heydər Əliyev böyük şəxsdir, hörmətimiz var, ancaq yollarımız ayrıdır. 4. 1992-ci ilin may ayında Ali Sovetin qarşısında yaş senzinə qarşı yığıncaqda rəhmətlik Murtuz Ələsgərovla, rəhmətlik Siruz Təbrizlidən söz alıb 67 yaşına, ümumən yaşa görə kiməsə Vətən, millət, hakimiyyət sevgisini yasaqlamağın ədalətsizliyini əsaslandırdım. Bildidim ki, H.Əliyevin namizədliyi verilməlidir, seçilib-seçilməyəcəyini xalqın öhdəsinə buraxmaq doğrudur. O zaman mən Rayon Sovetinin deputatı kimi Füzulinin göndərişi ilə həmin rayonun iradəsini ifadə etdim. Sonralar Naxçıvana dəvət aldım. Amma istər o zamankı hakimiyyət, istərsə də müxalifət tərəfindən arzulanmaz şəxsə çevrildim. Onu da deyim ki, maliyyə asılılığına düşməmək üçün Füzuli şəhərində mərkəzdə işçilərimin vasitəsilə kommersiya, tərtibat təyinatlı qeyri-adi böyük maqazinim fəaliyyət göstərirdi. Füzuli İcra Hakimiyyətinin mənə 200 000 (iki yüz min) manat borcu vardı. Bu pul o vaxt Bakıda 40 (qırx) ədəd 2 otaqlı mənzil puluna uyğun məbləğ idi. Mən bir yerə imkan daxilində əliboş getməyi xoşlamayanlardanam. İcra Hakmiyyətindən pulun 50 mini birbaşa banka kredit borcuma getdi. 200 mindən 50 minini İcra Hakmiyyətinə «hörmət» kimi təklif etsəm də 150 mini ala bilmədim. Yəni, məqsəd Naxçıvana getməiymin qarşısını almaq idi. Yeri gəlmişkən deyim ki, banka borclu olduğum 50 min manatın 40 minini 1989-cu ildə Mehri Dəmir Yolu dağıdılan zaman Horadiz stansiyasında «Naxçıvan—Culfa» qatarında 4 gün qalan insanlara ərzaq şəklində xeyriyyəyə xərcləmişdim. AXC birinci qurultayı bu hadisəni alqışlamışdı. Təbii ki, mən Füzulidəki o zamankı nüfuzumdan və mitinqlərin təsirindən istifadə edib, yerli İcra Hakimiyyətindən hətta 200 mini bütöv ala bilərdim. Amma şəhidlərdən söz gedən mitinqlərdə pul məsələsini dilə gətirməyə çox utanırdım. Başqa vasitələr də tapa bilərdim. Amma ümumiyyətlə mən pul barəsində düşünmürdüm. Mən heç ailəmi, uşaqlarımı, səhhətimi də düşünmürdüm, Qarabağı, Azərbaycanı düşünürdüm. Mən sözün içinin için deyirəm, Dərd məni yeyincə, dərdi yeyirəm.
Qədim Roma cinayət məcəlləsinin I maddəsində Vətənini, dövlətini daha çox üstün tutub ailəsinə, özünə zülüm edənlərə ən azı mənəvi cinayət maddəsi vardı. Bu cəzaya Yuli Sezarla, Pompey layiq görülüb. Əslində mən də həmin cəzaya layiqəm. 1988 – 1993-cü illərdə mən Füzulidə «Xəyanətə qarşı sipər» adlı gizli xalq kəşfiyyatı özəyi yaratmışdım. Özüm maliyyələşdirirdim. Elə bilirdilər ki, mənim qoşunum var. Amma mən tək idim. Sadəcə informasiyalarla insanlar arasında işləyirdim və həftəlik bülleten çıxarıb şəhərin mərkəzinə iri lövhəyə vuraraq olmuş və olacaq hadisələrin səbəb və nəticələrini izah edirdim. Bir dəfə rusların BTR – ZTR-lərini, silahlı, maskalı əsgərlərini Füzulinin iri tonnajlı maşınları və 20 min əliyalın insanla ikiqat mühasirəyə salmışdım. Onlar Füzulidən 2 polisi tələb edib, Hadruta girov aparmaq istəyirdilər. Onlar çıxılmaz vəziyyətdə əliboş geri dönməyə vadar oldular. Bu əməliyyatı Moskva, İran, Fransa televiziyaları göstərdi, amma Bakı yox! O zamankı Füzuli hadisəsi 20 Yanvar – Bakı qırğınının məşqi kimi idi. Füzuli Qarabağ zonası içində ilk qəhrəmanlığını göstərdi. Yerli DTK-nnı sədri gəncəli rəhmətlik Sabir Hüseynov camaatın içində yaxınlaşıb əlimi sıxaraq dedi ki, sağ ol, Nizami, sənin zəka əməliyyatın ilə bu əcaib hadisəni şərəflə, itkisiz yoluna qoyduq. Ümumən deyim ki, Füzuli şəhərində 100-ə qədər dinc erməni əhalisini Allahın izni ilə ölümün cəngindən almışam. Tuğ uçurumunda isə üzümlükdən (Kələsərdən) işdən dönən 1 yük maşını dolusu qadın, qoca, uşaq, yeniyetmə, dinc erməniləri qızğın, dəlisov azərbaycanlı gənclərin məhz uçuruma maşınla birgə yuvarlatmasından təkbaşına xilas etdim. Bu hadisələr yalnız ermənilərin xilası deyildi. Pərdə arxasında yüzlərlə füzulili gəncin həbsdən xilası da vardı. Nəinki Fuzulidən, heç Dağlaq Qarabağ erməniləri içindən 3 nəfər vicdanlı insan da deyə bilməz ki, odun doğrayan, «Drujba» ləqəbli, «şofer» Süleyman kişinin oğlu Nizami (Haycan) hansısa ciddi ədalətsizliyə yol verib. Sülh prosesi Füzulidən başlayacaq. Uzaqgörən Heydər Əliyev Horadizi geri almaqla Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarına dəhlizi saxlayaraq, gələcəkdəki sülhə böyük mesaj verib. İndii bir daha deyirəm, Ermənistanın və erməni xalqının inkişafı yalnız və yalnız Azərbaycanla ədalətli sülhdən keçir. Bunun başqa yolu və alternativi yoxdur. Səbrin, qan tökmək istəməməyin, tolerantlığın da bir sonu var axı… Mən nikbinəm və düşünürəm ki, erməni xalqı içində də ağıllı, uzaqgörən insanlar az deyil. Baxın, Bakıda nə qədər erməni qohumluğu olan Azərbaycan vətəndaşımız var. Bəs Ermənistanda? Bu Azərbaycanın qəlbinin genişliyi deyil, bəs nədir? Avropa oyunlarını dünya gördü. Nar dənələrinin havada uçuşunu, dünya idarəçiliyi bu qardaşlığı anlamadılarmı? Təbii ki hər şey anlaşılandır. O da var ki, heç vaxt yəhudi dünyası Azərbaycan xalqının arxasından qətiyyən qaçmaz. 1941-45 müharibəsində yəhudilərə ən gözəl sığınacaq Azərbaycan olub. Nə isə…
5. Bir dəfə məni rəhmətlik Aqil Əliyev qəbuluna dəvət etmişdi. 1996-cı ildə «Riyad» şadlıq evinin binasında. Heydər Əliyevə xidmətimdən danışıb, Naxçıvana nədən getmədiyimi soruşdu. Səbəbləri dedim. Bildirdi ki, 3-cü mikrorayonun bazarını təhvil al, get dolan. Təşəkkürlə dedim ki, Aqil müəllim onda kiçik yaxşılığımın əvəzini almış olub, onu heçə endirmiş olaram. Aqil müəllim buyurdu ki, nə zaman ehtiyacın olsa, fikrini dəyişsən gəl köməkçim İlham Məmmədova de. Təbii ki, mən hörmətli İlham Məmmədovun yanına sonra getmədim. Çünki fikrimi dəyişmədim, Aqil müəllim dünyasını dəyişdi. Mənə isə o gözəl insanı hər xatırlayanda gözlərimin islanmağı qaldı. 6. Mənim ilk kitabım 1996-cı ildə «Prezidentin nitqinə bir baxış»dır. Bu kitab 500 nüsxə ilə Bakıda, Azərbaycanda yayıldı. Diqqət edin, 1996 – 97 – 98 – 99 – 2000 – 2001-ci illərdə «Təzadlar» qəzetinin xüsusi eksperti kimi müxalif yazılarım çap olunurdu. O zaman rəhmətlik şair Bəxtiyar Vahabzadənin Heydər Əliyevlə sıx görüşləri olurdu. Bəxtiyar müəllimin evində onun dəvəti ilə çox olmuşam. Ondan çox yazılarım gedib. Kitabına da 7 məqaləmi salıb. Mənimlə məqamında məsləhət edirdi. Bir gün dedi ki, Kişinin qəbulunda idim. (O möhtərəm Prezidentə mənimlə danışıqda sadəcə Kişi deyirdi, təbii ki, böyüklük anlamında.) Dedi ki, Kişi bıçaqlanmandan narahatdır. (Bu barədə 7 qəzet yazmışdı. Mirzə Xəzər də Praqadan dünyaya car çəkmişdi.) Buyurub ki, bir müraciət yazsın, ona ictimai münasib bir vəzifə verim, gedib özünə bir gün ağlasın. Onun taleyinə acıyıram. Belə olmamalıdır. O, istedadlıdır, cəmiyyətdə layiq olduğu yeri tutmalıdır. Açığı o böyük insanın mənə qayğılı təklifindən çox sevindim. Bəxtiyar müəllimə dedim ki, ağsaqqal, mənim təşəkkürümü möhtərəm prezidentə çatdırın və deyin ki, ona köməkliyimi çoxdan halal etmişəm. Elə o gündən sonra «Təzadlar»dan getdim və «X» gününü arzulayanlara qarşı redaktoru olduğum “Xəzərin səsi” qəzetində yazılar, fərqli məqalələr, şeirlər yazdım. Yeri gəlmişkən, deyim ki, Bakıya gəlməzdən öncə bir il Yevlaxda meşədən odun doğrayıb satmışam və «Aydınlıq»ın Qərbi Azərbaycan üzrə xüsusi müxbiri olaraq, «Xalq» qəzetinə müavinliyə dəvət də almışdım. Amma artıq faciəyə uğramışdım. Füzulidən gətirdiyim bütün var-dövlətim əlimdən alınmışdı. Mən özümə ölüm axtarırdım. Ona görə də «Xalq» qəzetinə deyil, «Təzadlar»a çox israrlı dəvətdən sonra getmişdim. Müxalifətçi deyildim, müxalif ruhlu idim. «Nə qədər bitərəf olsam, yenə dövləttərəfəm» misrası mənə aiddir. Bir şeyə çox mat qalırdım. Təbii ki, Heydər Əliyev hər hansı bir iqtidar nümayənədəsini ekrana çıxardıb dedirdə bilərdi ki, bu necə müxalif şair, publisitdir ki, 1996-cı ildə məni mədh edən «Prezidentin nitqinə bir baxış» kitabını yazıb? Heydər Əliyev bunu etdirsəydi təbii ki, cəmiyyətdə mənə qarşı ifşa effekti yaradacaqdı. Amma O böyük şəxsiyyət bunu etmədi. Ona gizli sevgim birə min artdı. Ona görə də sonralar haqqında daha 4 kitab yazdım. «İdeal» kitabı isə onu özümə ideal qəbul etməyimin inkaredilməz sübutudur. 7. 2001-ci ildə çap etdirdiyim «İdeallığın sonsuzluğu» kitabı toplu şəkilində oğurlanaraq «Xan çinar» adı altında çap edildi. 1996-cı ildə yazdığım «Prezidentin nitqinə bir baxış» kitabını isə «Yeni Azərbaycan» qəzetinin redaktor müavini «Birinci şəxs» adlı kitabının içərisinə bütövlüklə saldı. 8. Möhtərəm Prezident! Sizin ilk prezidentlik seçkinizdə «Lider» kitabını əruz və heca vəznində yazdım. Nəşriyyatın 2000 (iki min) dollar xərcini faizlə, borcla ödədim. Bu əsərin çapına elə bir maneə yarandı ki, mənim iki ayağımın (dabanlarımın) qığırdaqları xıncım-xıncım oldu. İki ay qoltuq ağacında gəzdim. 15 ildir ki, ayaqlarım zədəlidir. Əvəzində bir qarabağlı, çox hörmətli bir iqtidar nümayəndəsindən guya mənə vermək adı altında küllü miqdarda pul alıb mənimsədi. 2004-cü ilin yanvarında, maliyyə-maddi çətinlik ucbatından ilk və son sayını çıxardığım «SİMVOL» (Sabaha İlhamla, Millətlə, Var Olan Ləyaqətlə) qəzetində həmin adamı qınadım. O adi adam deyildi, amma haqlı olsaydı o qınayıcı, ittihamedici sərt yazıma heç olmasa iki kəlməlik təkzib verərdi. 9. 2007-ci ildə əruz vəznində 300 iri səhifəlik bir kitabda Heydər Əliyevin hesabına milyonçu olmuş bir hörmətli sponsor kitabdakı bəzi mövzuların başlığından Heydər Əliyevdən gətirdiyim sitat epiqrafları çıxardı. Mən də qəzet vasitəsilə artıq üz cildi çap olunan «Adiloğlu» nəşriyyatına qəzet vasitəsilə müraciət edib, müəllifliklə bağlı Nizami Süleymanoğlu imzasını Nizami Heydər ilə əvəzləməyi xahiş etdim. Sonra 2000 nüsxəlik və çəkisi 2 ton olan həmin kitabları aparıb təhvil verəndə adını çəkmək istəmədiyim həmin Sponsor prinsipial mətləbi anladı. Amma nəinki mənim 8 000 (səkkiz min) dollar haqqımı kəsdi. Hətta 15 il həbs cəzasında olan böyük oğluma 3 ayda bir edəcəyi 200 manat pul yardımından da imtina etdi. Qeyd etməyi vacib bilirəm ki, bu tarixi ərizə müraciətdə bütün yazdıqlarım faktlara, sənədlərə, fotolara, diktafon, qəzet yazılarına, video çəkilişlərə və istənilən qədər şahidlərin mövcudluğuna əsaslanır. 10. Bir gün rəhmətlik Bəxtiyar Vahabzadəyə dedim ki, ağsaqqal qəlbimdən keçir, möhtərəm prezidentlə görüşmək istəyimi O böyük insana çatdırasınız. Böyük şair söz verdi. Amma vaxt keçdikcə, ölməz Ulu Öndərimizin səhhətində problemlər yarandı. Bu problemlərdən sonra mənim görüşmək israrım artıq nəzakətsizlik olardı və mən bunu etmədim. Bəs görüşməkdə məqsədim nə idi? 1). Arazboyunda Füzulinin işğalından sonra Kərimbəyli kəndində çəkilən bu şəkili prezidentə vermək və 1977-ci ildə Füzulidə Onu sui-qəsdən Allahın izni ilə xilas etməyimin bütün incəliklərini təfərrüatları ilə şəxsən özünə açıqlamaq. Heyf ki, bu istəkləri gerçəkləşdirə bilmədim. Mən olduğum kimi olmağa çalışan adamam. Bunu nə qədər bacarıram bilmirəm. Konkret adlar çəkib, kimlərinsə ailəsinin, övladlarının xəcalət çəkməsini qətiyyən istəmirəm. Və mən bağışlanmaz xəyanətdən başqa hər şeyi bağışlamağı bacarıram. Amma bağışlamaq unutmaq demək deyil.
Möhtərəm Prezident! Oğlum Nicat 11 il 1 aydır ki, 15 illik həbs cəzasından Qobustan qapalı həbsxanasında dustaqdır. Ondan məktub almışam. Yazır ki, bir adam onun əllərini qandallayıb, 40 dəqiqə başına və bel sütununa zərbələrlə onu dəhşətlə döyüb, sonralar keçən ilin dekabr ayının 22-də Pentensianer Müalicə Müəssisəndə onun bel, onurğa sütununu iynələrlə qəsdən, ya qeyri-qəsdən dəlmə-deşik ediblər. Təbii ki, nə oğlumu əli bağlı döyən o vəhşinin, nə də naşı həkimin adlarını yazmıram. Oğlum ciddi müalicə olunmazsa, o halda dünyasını dəyişəcək. Onu itirəcəyəm. Əminəm ki, TANRINI UNUTMAĞIN CƏZASI ELƏ TANRINI UNUTMAQDIR. Həyatda hər şeyin qarşılığı (enerjinin geriyə dönməsi, karma) qanunauyğunluğu mövcuddur. Kainat sahibsiz, ölkə böyüksüz deyil. Daxili İşlər Nazirliyinə müraciət etdim, oğlumu xəstəxanaya köçürdülər. 6 gün sonra heç bir müayinə, müalicə aparmadan onu yenidən “Qobustan həbsxanasına qaytardılar. Ümidim Allaha və Möhtərəm Vicdanınızadır. Onun müalicəsinə münasib bildiyiniz tərzdə kömək etməyinizi Sizdən xahiş edirəm. Əks halda oğlumu itirə bilərəm. Düşünürəm ki, 2 il öncə oğlumu qolları qandallı, ayaqları bağlı bel sütununa, başına 40 dəqiqə döyən icraçı bilinməlidir ki, yönəldiçilər də, məqsədləri də aşkarlansın və hər kəs günahına görə cəzasını alsın. Hər halda məsləhət sahibi göydə Allah, yerdə Sizsiniz cənab Prezident! Qeyri-adi qabiliyyət yeni gerçəkləşmə yolları arayar. Oğlumun müalicəsinə köməklə Siz mənim yaradıcılıq fəaliyyətimə də yeni üfüqlər açmış olarsınız. Özümü İctimai Təhlükəsizlik Məsələlərində sözün nüfuzu üzrə xüsusi ekspert qismində görürəm. İnformasiyalarla dəyərlərin üstünlüyünü saxlamaq mümkündür. Yetər ki, mühit ola, Əziz Prezident!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?