Ölkədən çıxışına qadağa qoyulan jurnalist Şahvələd Çobanoğlu məhkəməyə müraciət edib.
gundemxeber.az bildirir ki, bu haqda Turan-a jurnalistin vəkilləri bildiriblər.
Onların bildirməsinə görə, Ş.Çobanoğlu son 2-3 ildə Azadlıq qəzeti ilə bağlı, həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalist avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanılıb. Xaçmaz rayonundakı Şirvanovka buraxılış məntəqəsində 1 saata yaxın saxlanılan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistə bildirilib ki, onun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.
Ş.Çobanoğlunun vəkilləri hesab edir ki, onun ölkədən çıxışna qoyulmuş qadağa qanunsuzdur. Məhkəməyə şikayətdə bildirilir ki, Azərbaycanda ölkədən getmək qaydaları "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunla tənzimlənir. Həmin qanunda ölkədən çıxışa yasaq qoyulmasının əsasları sadalanıb.
"Ş.Çobanoğlu prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanun şahid qismində dindirilmiş şəxslərin ölkədən çxışına qadağa qoyulmasına imkan vermir", jurnalistin vəkilləri məhkəməyə müraciətlərində qeyd ediblər.
Jurnalistin Baş Prokurorluga qarşı şikayəti artıq Nəsimi rayon Məhkəməsində icraata qəbul edilib. İlk məhkəmə iclası sentyabrın 5-nə təyin edilsə də prokurorluğun nümayəndəsi gəlmədiyindən təxirə salınıb. Məhkəmə sentyabrın 11-də keçiriləcək.
Ş.Çobanoğlu tənqidçi jurnalistdir. Müxtəlif vaxtlarda "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru, "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru, Azadlıq qəzetinin əməkdaşı, "Fərqli Düşüncə" dərgisinin redaktoru olub.
2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub.
Onlardan bəziləri qadağanı qanunsuz saydıqları üçün məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib.
Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət ediblər.
AİHM-ə şikayətçi olan jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayılova, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur Qənbərova və Aytac Əhmədovadır.
Avropa Məhkəməsi 2017-ci ilin sonundan etibarən onların şikayətlərini araşdırmağa başlayıb. AİHM bu şikayətlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?