Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabiti Eldar Məmmədovun 2014-cü ildə Bakıda sərnişindaşıma xidməti göstərən “Xaliq Faiqoğlu” MMC şirkətinin sahibinin oğlu tərəfindən “Land Rover” markalı avtomobillə vurularkən aldığı xəsarətlərdən ölməsi ilə bağlı ötən il başladılan təkrar istintaqdan xəbər yoxdur.
Xatırladaq ki, iş adamı Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi həmin avtoqəza ilə bağlı virtualaz.org saytının üzə çıxardığı sənədlərdən sonra hüquq-mühafizə orqanları yenidən cinayət işi qaldırmışdı. Həmin cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilmişdi. Lakin daha sonra cinayət işi Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işinin istintaqı yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılıb.
Həmin cinayət işinin təhqiqatının hazırda nə yerdə olduğu barədə məlumat əldə etmək cəhdlərimiz nəticəsiz qalıb. Hər halda iş adamının oğlunun bu hadisəyə görə məsuliyyətə cəlb edildiyinə dair məlumatlara da rast gəlinmir. Xatırladaq ki, 2014-cü ildə avtoqəza ilə bağlı cinayət işinə xitam verilmişdi və bunun üçün polkovnikin “öz əcəli ilə öldüyünə dair” rəy əsas götürülmüşdü. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının həkimləri tərəfindən verilən epikrizdə göstərilirdi ki, zabit avtomobillə vurularkən həyatla uzlaşmayan ağır xəsarətlər alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?