Tanınmış jurnalist Əli Zülfüqaroğlu “Maxi.az” İntegral QSC dükanlar şəbəkəsindən şikayətlənib.
gundemxeber.az bildirir ki, Ə.Zülfüqaroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, şənbə günü “Maxi.az”-ın Sumqayıt filialından televizor alıb:
“Onlar mənə qarantiya kağızı verdilər ki, 14 gün müddətinə hər hansısa bir problem olarsa, əşyanı həm qaytarıb, həm də dəyişə bilərsiniz. İl ərzində isə problem olarsa, servisə müraciət edə bilərsiniz.
Televizoru evdə quraşdırdıqdan sonra isə gördük ki, televizor söndükdən sonra görünür ki, ekranın 4 yerində ləkə var. Mən də mağazaya zəng etdim ki, gedib dəyişim. Onlar isə bildirdilər ki, əşyanı dəyişmək mümkün deyil. Bir halda bu mümkündür ki, bunu aparıb servisə verəsiniz və o təsdiqləyə ki, əvvəlcədən problem olub, beləliklə kağız verməlidir ki, televizor dəyişsin”.
Şikayətçi bildirib ki, özü Ceyranbatanda yaşayır, servis isə Bakıdadır:
“Əgər şərtdə 14 gün ərzində qaytarmaq və dəyişmək bildirilibsə, 1 gün keçdikdən sonra nə üçün servisə getməliyəm?
Bunlar keyfiyyətsiz malı satıblar. Mən də indi servisə inanmıram. Həm də mənim servisə gedib gəlməm üçün pul da lazımdır. Daha sonra təsdiq edilsə, yenidən mağazaya da getməliyəm. Bu mənə 50 manata başa gələcək. Mən niyə bu qədər xərc çəkməliyəm ki? Bu proses məntiqsizdir”.
Məsələ ilə bağlı olaraq “Maxi.az” İntegral QSC dükanlar şəbəkəsi ilə əlaqə saxladıq. “Maxi.az”-dan verilən məlumata görə məhsul alınıbsa, nəsə bir problem olarsa, 14 gün ərzində dəyişdirilə və qaytarıla bilər:
“Məhsulun defektli olmağı sübut olunmalıdır. Bunu nə satıcı, nə müştəri sübut edə bilməz. Bu servisə getməlidir və servis baxmalı, bunun əsasında akt tərtib edilməlidir. Aktın nəticəsinə əsasən müştəri gedib aldığını dəyişə və qaytara bilər.
Məhsula elə bir zərbə dəyə bilər ki, bir saniyə ərzində də problem yarana bilər. Burada xırdalıqlar çoxdur. Bu elə bir şeydir ki, bunu ancaq servis müəyyənləşdirməlidir”.
Şəbəkə əməkdaşı həmçinin bildirib ki, “Maxi.az” məhsulun dəyişməsindən və ya qaytarılmasından qaçmır:
“Sadəcə olaraq qanuna, bizim şərtlərə əsasən bu proses olmalıdır. Həmçinin şəxsin özü olmasa da, ailə üzvləri də bunları edə bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?