"Mehriban xanım vurğuladı ki, biz onun övladının hər hansı bir çətinliyi olarsa, kömək etməyə daimi hazırıq"
Meydan TV-in 19 noyabr tarixində "Mehriban xanım söz vermişdi, amma etmədi" reportajına deputat Qənirə Paşayevadan reaksiya gəlib. Qənirə Paşayeva AzVision.az-a bildirib ki, aktrisanın qızının təhsil problemləri ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edəcək.
“Xanımın ailəsindən bir dəfə mənə məktəblə bağlı mesaj daxil olmuşdu. Hesab edirəm ki, hər bir uşaq evinə yaxın ərazidəki məktəbə getməlidir. Məktəbə uşaq qoymaqla bağlı heç bir problem yoxdur. Mən onların məktəblə bağlı nə problemlərinin olmasını öyrənəcəyəm".
Deputat deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xanım Qafarovanın bütün müalicə xərclərini ödəyib: "Mehriban xanım vurğuladı ki, biz onun övladının hər hansı bir çətinliyi olarsa, kömək etməyə daimi hazırıq. Təbii ki hansısa bir ciddi problem olarsa, biz yenə də kömək edəcəyik”.
Deputat Xanım Qafarovanın ailəsinə köməklik göstərilməməsi haqda deyilənləri qəbul etməyib:
“Kömək edilmir, deyilməsini mən qəbul etmirəm. Bütün çətin məqamlarda onlara kömək olunub. Onlar başqa necə məktəb istəyirlər? Dövlət məktəblərində heç bir xərc yoxdur. Məktəblərdə oxumaq üçün pul istəmirlər. Əgər onun məktəbdə xoşuna gəlməyən bir şeylər varsa, təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəyəm. Xanım bacının qızı həmin məktəbdə təhsil almaq istəmirsə problem yoxdur, o əraziyə yaxın məktəbdə də təhsil ala bilər”.
Qənirə Paşayeva Xanım Qafarovanın ailəsinin evlə bağlı mətbuatda səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Onlar köhnə evdən çıxmaq istəmələri ilə bağlı lazımı instansiyalara müraciət etməlidirlər. Mən bu məsələ ilə bağlı xahiş etmişəm. Yenə də xahiş edəcəyəm. Mən bir millət vəkili kimi hökumət üzvlərinə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yenə də müraciət edəcəyəm. Parlamentdə rəsmi məktub yazmaqla yanaşı bir daha öz müraciətlərimi edəcəyəm. Onların o evdən daşınmalarını böyük məmnuniyyətlə istəyirəm. Xanım bacının sağlığında da mən evlə bağlı müraciət etmişdim. Əgər onların problemi evlə bağlıdırsa mən də hesab edirəm ki, bu məsələ öz həlllini tapmalıdır. O ev yaşamaq üçün yaralı deyil. Ümid edirəm ki, bu məsələ öz həllini tapacaq. Bu gün onların özləri ilə görüşəcəm və problemləri ilə yerindəcə maraqlanacağam”-, deyə Qənirə Paşayeva bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?