Bu gün bir çoxlarımızın dinlədiyi, lakin nə vaxt, hansı səbəbdən yazıldığını bilmədiyiniz "Lalələr" mahnısının olduqca maraqlı tarixinə nəzər yetirək.
1918-ci ildə Azərbaycanın bir çox şəhərləri radikal erməni təşkilatları və ruslar tərəfindən işğal edilmişdi. Şaumyan tərəfindən idarə olunan hərəkat, tamamilə xalqın məhv olunmasına yönəlmişdi. Bakıda 18 Mart-1 Aprel 1918-ci il tarixləri arasında azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilirdi, 12000 azərbaycanlı şəhid oldu. İşgəncə və ölümdən qaçmaq üçün insanlar şəhəri tərk etməyə başlamışdılar. İnsanlar çox çətin günlər yaşayırdı. Onlar üçün tək ümid yeri Anadolu türkləri idi. Osmanlıdan kömək istəyəcək olan heyətə Nağı Şeyxzamanlı rəhbərlik edirdi. Nağı bəy öz xatirələrində yazır: "Ənvər Paşadan Qafqaza göndəriləcək ordunun başına Nuru Paşanın keçməsini istədim. Ənvər Paşa bizi incitmədən təklifimizi qəbul etdi. Türk ordusu Azərbaycana gəldikdə xalq yola tökülür və ordunu həvəslə salamlayırdı".
25 may 1918-ci ildə Gəncəyə gələn Nuru Paşa burada ordunu hazırlamağa başlayır. Nuru Paşanın tabeliyindəki ordu Gəncə və Şamaxı bölgələrini erməni, rus və ingilislərdən təmizlədi. Bununla da Bakıya daxil olarkən 15 sentyabr 1918-ci ildə minlərlə şəhid verdi.
Qafqaz İslam Ordusunun Azərbaycanı yox olmaqdan qurtaran bu köməyini, "Lalələr" mahnısı çox gözəl ifadə edir. Osmanlı ordusu Gəncəyə girərkən minlərlə əsgərin başlarındakı fəs və fəsin ucundakı saçaqlar adətən laləyə bənzəyirdi. Diqqət etsəz bu mahnının sözləri belə başlayır: "Yazın əvvəlində, Gəncə çölündə" Burada Qafqaz İslam Ordusunun Gəncəyə 1918-ci il may ayında daxil olduğunu bildirir. Musiqinin sonlarında isə deyilən " Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr" sözləri, çətin vəziyyətdə olan xalqın türk ordusunu həsrətlə gözlədiyini bildirir. Qeyd edək ki, Sovetlər Birliyi vaxtı, senzuraya düşməmək üçün bu mahnının son misrasında deyilən Bakı sözü dəyişdirilib, "Nə vaxtdır Rəşidin gözü yoldadır" formasında oxunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?