Dünən gecə İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovun kimliyi, Bakıda harada işlədiyi, nə zaman Türkiyəyə getdiyi və hazırda hansı ölkənin vətəndaşı olduğuna dair yeni məlumatlar ortaya çıxıb.
Qeyd edək ki, İsmayılovun qatilinin 1990-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində idarə rəisi vəzifəsini tutduğu, sonralar təqaüdə çıxdığı qeyd edilib. Onun qardaşı Bakı Soyuducular Zavodunun direktoru olub. Gözəl Dəmirovun Türkiyədə böyük biznesə sahib olduğu, eyni zamanda Azərbaycanda biznes işləri gördüyü haqda xəbərlər var. Dəmirovun "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da deyilir. Sabiq daxili işlər naziri İsgəndər Həmidov isə deyir ki, Gözəl Dəmirovu yaxından tanıyır: “Gözəl Dəmirovla Bakı Şəhər Baş Polis İdarəsində bir yerdə işləmişik. Sonralar Suraxanı rayonunda mən polis idarəsinin rəisi, Gözəl Dəmirov isə müavin olub. Nazir olduğum dövrdə Gözəl Dəmirov DİN-də idarə rəisi işləyirdi. Gözəl Dəmirov əslən sabirabadlıdır. Onun atası SSRİ dövründə Sabirabadda aptek müdiri olub. Səhv etmirəmsə Dəmirovun anası millətçə belarusdur. Bildiyim qədər Dəmirov AXC hakimiyyəti süqut etdiksən sonra da DİN-də işləyib və yaşı çatanda təqaüdə çıxıb. Gözəl Dəmirovun özü təbiətcə sakit insan idi. Mən onu son 25 ildə görməmişəm və heç bir əlaqəm olmayıb. Gözəl Dəmirov biznes fəaliyyəti ilə məşğul olub. Əsasən Ukrayna, Belarus və Türkiyədə iş qurub və zənginləşib”. Bu arada o da bəlli olub ki, Gözəl Dəmirov Türkiyə vətəndaşıdır və çoxdandır İstanbulda yaşayır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?