Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Fərrux Zeynalovun cinayət işi üzrə məhkəmə başlayıb. İttihama görə, 2014-cü il martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Bakı şəhər sakini Fərrux Zeynalov münaqişə zəminində Elçin Dəmirovu ürək nahiyəsindən bıçaqlayıb. Elçin Dəmirov aldığı xəsarətdən ölüb.
Həbs olunduqdan sonra Fərrux Zeynalov polisə bildirib ki, hadisə zamanı parkda məşq edirmiş. Həmin vaxt Elçin Dəmirov orada bir qızla öpüşürmüş. Fərrux ona qızla öpüşməsini irad tutub. Guya o deyib ki, bura yaşayış sahəsidir, qohum-qonşu var, get özünə başqa yer tap. Elçin isə Fərruxa mübahisə üçün başqa yerdə görüşməyi təklif edib. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Bu zaman Fərrux özündə olan bıçağı Elçin Dəmirovun ürəyinə sancıb.
İstintaq isə cinayət hadisəsinin cinayətkar danışan kimi baş vermədiyini aydınlaşdırıb. Bir müddət əvvəl qətlə yetirilmiş Elçin Dəmirov bir qızla nişanlanıbmış. Qətli törədən Fərrux Zeynalov da həmin qızı sevirmiş. Sevdiyi qızın nişanlandığından xəbər tutan gənc Elçin Dəmirova zəng vuraraq, onu görüşə çağırıb və onu bıçaqla ürəyindən vuraraq qətlə yetirib.
Elçin Dəmirov 2010-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. İstedadlı gənc kimi tanınırmış. Oxuduğu ali məktəbdə prezident təqaüdünə layiq görülübmüş. Onun istədiyi qız isə hazırda BDU-da kimya fakültəsində təhsil alır. Elçin Dəmirovun Lənkəranda aparılan bir inşaat işində rəhbər vəzifədə çalışdığı bildirilir.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?