Məlum olduğu kimi, Elmir Mirzə oğlu Axundov iki gün öncə Qazax polisi tərəfindən saxlanılıb. Yaxınları dünən Elmirin ölüm xəbərini alıb. Onun ölümündə polisi günahlandıran qohumları buna etiraz olaraq Qazax Rayon Polis Şöbəsinin (RPŞ) qarşısına toplaşıb.
Yaxınlarının sözlərinə görə, Elmiri polis əməkdaşlarına müqavimət adı ilə rayon polis şöbəsinə aparıblar.
Qohumları bildirirlər ki, mərhum polis şöbəsində ölüb. Elmir Axundovun fiziki zorakılığa məruz qaldığı, başına və sinəsinə endirilən zərbələr nəticəsində qabırğalarında sınıqlar yarandığı göstərilib.
Digər diqqətçəkən məqam isə ondadır ki, Qazax rayon polis şöbəsində mərhumun qohumlarından şikayətçi olmadıqlarına dair ərizə tələb ediblər, əks təqdirdə meyiti verməyəcəklərini bildiriblər. Hazırda Elmir Axundovun qohumları onun polis şöbəsində döyülərək öldürüldüyünü iddia edərək faktın düzgün araşdırılması üçün Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məsələ ilə bağlı, DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis leytenantı Eşqin Qasımov ilə əlaqə saxlanılıb. O, bildirib ki, qısa müddət ərzində məsələni olduğu kimi ictimaiyyətə çatdıracağıq. Bir məqamı da nəzərə çatdırırıq ki, dünən mərhumun dəfnində Qazax rayon icra hakimiyyətinin başçısı, prokuror və polis rəisi iştirak edib. Bu da onu göstərir ki, vətəndaşın öldürülməsində birbaşa polis əməkdaşının əli olub. Əgər ölən şəhid və ya mötəbər statusa malik insan deyilsə Qazax rəhbərliyinin iştirakına nə ehtiyac vardı? Görünür, məsələnin ört-basdır edilməsinə çalışılır. Amma fakt faktlığında qalmaqdadır.
Sorğu
Yeni dizaynımız necədir?