ƏLBİR OLUB TİKİNTİ ŞİRKƏTİ BANK İLƏ... Quliyev qardaşları və maxinasiya ortaqlarının mütəşəkkil cinayətlərinə niyə göz yumulur?
GundemXeber.Az bildirir ki, Konstitusiya Məhkəməsi dollar kreditlərinin aqibətini bankların xeyrinə həll etməsi borc yükü altında inləyən vətəndaşlar tərəfindən məyusluqla qarşılandı. Belə görünür, bankların tikinti şirkətləri ilə əlbir olaraq vətəndaşların başına açdıqları oyunlara da bəraət veriləcək. Belə bədbin proqnozun gerçəkləşəcəyindən narahat olmağa əsas verən tipik bir misal Bank Respublika" ilə "İnvestA" MMC şirkətinin həyata keçirdikləri mütəşəkkil cinayətlərdir. Tikinti şirkəti Masazır qəsəbəsində "Park Solero" yaşayış kompleksində fərdi evlərin inşasının ipoteka yolu ilə bank tərəfindən maliyyələşdirildiyini elan edərək, insanları cəlb etmişdir. Son nəticədə aldadılan vətəndaşlar bankdan və şirkətdən yuxarı instansiyalara şikayətçi düşür, problemləri həllini tapmadığı üçün haqq səslərini ucaltmaqdan ötrü daha yüksək tribuna axtarır, məsələni KİV-də ictimailəşdirməyə qərar verirlər. Aldadılaraq ziyana düşən vətəndaşlardan bir qrupu Mediatv.az saytının redaksiyasına müraciət etmişlər. Bildirirlər ki, “İnvestA” MMC-nin rəhbərləri Namiq və Natiq Quliyev qardaşları onları hər cür infrastrukturu, kommunal xidmətlərlə təminatı olacaq yaşayış kompleksindən fərdi evə sahiblənəcəklərinə inandırmış, tikiləndən sonra evləri sənədləşdirmək öhdəliyini də öz üzərinə götürmüşdür. Onlara “Bank Respublika” ASC –də kredit müqaviləsini imzalatdırdıqdan sonra pul vəsaitlərini birbaşa “İnvestA” MMC-nin nümayəndəsi götürmüşdür. Vətəndaşlara nağd satılmış torpaq sahələrini və onların üzərində inşa ediləsi evləri ipoteka yüklü edən “Bank Respublika” ASC indi məhz həmin kredit müqavilələrinə istinad edərək, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və “İnvestA” MMC-nin bu məsələyə heç bir aidiyyatının olmadığını bildirir. Həmçinin bildirirlər ki, “İnvestA” MMC rəhbəri Namiqgilin digər qardaşı Qliyev Elçin Saday oğlu bir müddət əvvələdək “Bank Respublika” ASC-nin vitse-prezidenti olub. Şikayətçilər qeyd edirlər ki, inşa edilmiş fərdi evlərin, eləcə də torpaq sahələrinin (0,3 ha) sahələri onlara vəd ediləndən az çıxmışdır. Bundan əlavə, onlara yalnız həmin fərdi evlərə faktiki köçmək icazəsi verilmiş, lakin evə sahiblik üçün hüquq müəyyən edici sənədlərlə təmin olunmamışlar. Şirkətin Masazırda Duzlu gölün üstündə inşa etdiyi 250 - dək villanın tikinti işlərinin mühəndis - texniki qaydalara uyğun aparılmadığı da deyilir. Mənzillərə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatı əhali üçün nəzərdə tutulmuş tariflərlə deyil, hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərlə hesablanır ki, bu da xeyli baha çıxır. Redaksiyamıza edilən müraciətlərə əlavə edilən materiallardan, apardığımız araşdırmalardan çıxardığımız nəticəyə görə, layihənin sənədləri və Abşeron rayon İcra Hakimiyyətinin tikintinin aparılması barədə sərəncamı “İnvestA” MMC - nin adınadır. Banka girov qoyulan torpaq səhələri isə məqsədli şəkildə fiziki şəxslərin adına formal alqı-satqı edilib ki, tikintinin də fiziki şəxslər tərəfindən aparılması görüntüsü yaradılmışdır. Ancaq gözlə də görünür ki, bütün bunlar şirkəti məsuliyyətdən kənarda saxlamaq üçün edilən cəhdlərdir. Ancaq uğursuz da deyildir. Hələ ki, Quliyev qardaşlarının yalanları ayaq tutub yeriyir. Bank və şirkət tərəfindən aldadılmış vətəndaşlar arasında prokurorluğa, məhkəməyə üz tutanlar da vardır. Əfsus ki, cinayət təqibi orqanları açıq-aşkar surətdə mütəşəkkil cinayət hadisəsini mülki mübahisə kimi tövsif etmiş, məhkəmələr isə iddia müddətinin ötməsini əsas götürərək, onların iddialarını rədd etmişdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?