GundemXeber.Az bildirir ki, ötən gün mediada jurnalistlərin binasında mənzillərin satılması ilə bağlı yazıdan sonra bir qrup həmkarımız AzEuroNews.com-un elektron poçt ünvanına məktub göndəriblər.
Jurnalistlərin birinci və ikinci binasının sakinləri adından göndərilən məktubda mənzillərin satılmasının səbəblərinə aydınlıq gətirilib.
Təkcə bir binadan ayda 6 min manat yığılır
Məktubda qeyd olunur ki, jurnalistlər binasının sakinlərinin problemlərini dinləyən yoxdur. 2013-cü ilin iyul ayında istifadəyə verilmiş birinci binanın sakinlərinin dəfələrlə KİVDF sədri Vüqar Səfərlinin yaratdığı “Jurnalist Evi” MMC-yə müraciətinə baxmayaraq MMC tərəfindən binanın və həyətin problemləri həll edilməmiş qalır. Bir çox problemlər də jurnalistlərin özlərinin hesabına aradan qaldırılmalı olur.
Bir neçə həftə öncə yağan yağış zamanı binanın həyətindəki su ötürücünün işləməməsi nəticəsində binanın zirzəmisi və su anbarı çirkab sularla dolub. İki gün öncə isə “qorunan” binaya gecə saat 05:00 radələrində ərazidə sərgərdan həyat sürən bir nəfər daxil olaraq qapıları döyməyə və sakinləri narahat etməyə başlayıb.
Bina sakinləri ayda hər kvadrat metrə görə 50 qəpik ödəyir. Bura təmizlik, mühafizə, işıqlandırma, yaşıllaşdırma, lift və digər xidmətlər daxildir. Ayda 156 mənzilli birinci binadan 6000 manata yaxın pul yığılsa da hesablamara görə, xərclər 3000 manata çatmır. Qalan vəsaitin taleyi naməlum olaraq qalır.
Bina sakinləri arasında illərdir pul ödəməyənlər də var. Bunlar Vüqar Səfərliyə yaxın qəzetlərin və saytların əməkdaşlarıdır. Dəfələrlə digər sakinlərin məsələni ictimailəşdirmək üçün “Jurnalist Evi” MMC rəhbərliyinə təkid etməsinə baxmayaraq bunu bəlli səbəblərdən etməyib. Qeyd edək ki, digər sakinlər mənzil pulunu ödəmədikdə gündə zəng vuran, narahat edən KİVDF onlarla bağlı artıq 4 ildir heç bir addım atmır.
Ətraf ərazilərdə yaşayanların pir deyib dərdini demək üçün üz tutduğu jurnalistlər binasının sakinləri öz dərdlərini kiməsə deyə bilmir.
➤ Zirzəmi çirkab su ilə dolub…
Bu problemlər isə aşağıdakılardır:
Bina və həyətin təmiz olmaması. Hansı ki, təmizlik üçün sakinlərdən pul yığılır.
Liftlər problemlidir. Ayda iki liftə görə lift təmiri idarəsinə 800 manat ödədiklərini iddia eləsələr də, liftin təmirini idarə deyil, binanın bağbanı həyata keçirir.
Binanın bayırının işıqlandırılmasına görə pul hesablanır. Halbuki Bakıda məlum penoplast üzlüklü binada yanğın çıxandan sonra jurnalistlər binasında aparılan kosmetik dəyişikliklər zamanı çöl işıqları sökülüb. Həyətdəki işıqların da yalnız bir neçəsi yanır. Arxa hissə isə küçənin işıqları hesabına işıqlanır.
Binanın yanğın təhlükəsizliyi üçün çəkilən su xətti işləmir. Yanğın olduğu təqdirdə ciddi problemlər yaşanacaq.
Binanın qəza çıxış qapıları plastik qapılarla əvəzlənib. “Külək qırmasın” deyə qapılar açarla bağlanıb. Bir çox sakinlər lift işləmədiyi zaman qapını qıraraq açmalı olub. Digər qapılar hələ bağlıdır.
Binanın zirzəmisinə düşən qapılar bayırdan açıqdır. Mühafizə kamerasının müşahidə etmədiyi o hissələrdən dəfələrlə zirzəmiyə enib-çıxan ətraf məhəllələrdən aididiyyəti olmayan şəxslər sakinlər tərəfindən yaxalanıb.
Ehtiyat su anbarının motoru işləmir. İllərdir yığılan çirkab suyu dəyişmirlər.
Uşaqlar üçün nəzərdə tutulan sahədə bütün avadanlıqlar sınıb dağılıb, nəzarət olunmur.
“Jurnalist Evi” MMC sakinlərdən pul yığmasına baxmayaraq sakinlərə hesabat vermir və imtina edir.
Mühafizə sıfır səviyyəsindədir. Dəfələrlə sakinlər binanın blokundan qaraçıları, dilənçiləri çıxarıblar. “Riad” mühafizə xidməti isə MMC-nin açıqladığından az vəsait ödədiyini, bu səbbdən kamera nəzarətini və naryadları təşkil edə bilmədiklərini deyirlər. İndiyədək binadan ona yaxın oğurluq hadisəsi olub. Ağanisə Sultanovanın evindən qızıl və pulun aparılması, blokun dəhlizindən velospiedlərin oğurlanması, 5 mərtəbədə su şaxtalarının alüminium materialdan ibarət qapaqlarının oğurlanması, həyətdə bir neçə maşından akkumulyator və güzgünün açılıb aparılması və s.
➤ Sakinlər mənzillərini sataraq başqa yerə üz tutmaq məcburiyyətində qalırlar
Vüqar Səfərli həyətdəki oğurluqlarla bağlı açıqlamada “mühafizə həyətə cavabdeh deyil”, mənzildən oğurluqda “mühafizə binanın daxilinə cavabdeh deyil” deyə əndrabadi bəyanatlar verir.
Sakinlərin binadakı çatışmazlıqlarla bağlı problemləri sosial şəbəkədə ya mediada işıqlandırması qadağan edilib. Dərhal Səfərli və onun adamları hər tərəfdən zəng edərək və ya etdirərək təsirlər göstərməyə başlayırlar.
Bu səbəbdən də sakinlərin əksəriyyəti mənzillərini sataraq başqa yerə üz tutmaq məcburiyyətində qalırlar.
İndi iş o yerə çatıb ki bir qrup sakin KİVDF-nin təsis etdiyi MMC-dən imtina edərək, sakinlərin iştirakı ilə yeni MMC yaradıb binanın nəzarətini ona həvalə etmək istəyir. Hazırda məsələnin hüquqi tərəfi bir hüquq şirkəti ilə müzakirə olunur. Sakinlər hesab edirlər ki, belə olan təqdirdə aylıq xərci təxminən 35-36 qəpiyədək azaltmaq və daha keyfiyyətli işlər görmək mümkündür.
Jurnalistlərin problemləri ilə bağlı “Jurnalist Evi” MMC və KİVDF sədri Vüqar Səfərlinin mövqeyini öyrənmək mümkün olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?