“Baş verən ölüm faktı ilə bağlı toplanmış iş materiallarının araşdırılmasını həyata keçirən müstəntiq, bir neçə gündən sonra oğluma məxsus “Ayfon” markalı telefonu tam yarasız vəziyyətdə mənə göstərdi”
Bir-iki gün bundan öncə “Gündəm Xəbər”in redaksiyasına Səfərov İkram Qasım oğlu adlı şəxs təşrif buyurdu və ürəkyanğısı ilə yazmış olduğu müraciətini təqdim edib, üz-üzə qaldıqları “tükürpədici müsibətlər”in ictimailəşdirilməsini də xahiş etdi. Belə ki, adı çəkilən şəxs təqdim etdiyi müraciətində qeyd edir ki, “Oğlum Səfərov Səbuhi İkram oğlu düz 12 il idi ki, “Azərişıq” ASC–də sürücü işləyirdi. Səbuhinin dediyinə görə, rəhbərlik onu 1 noyabr 2018-ci il tarixdə məzunuyyətə çıxarır.
O, bizə belə desə də, fakt budur ki, Səbuhi 1-i və 2-si noyabrda işdə olur və ölüm hadisəsi də, 2 noyabrda gecə saat 23-24 radələrində baş verir. Hadisə baş verən vaxtlarda onun yanında bir nəfər kənar şəxs olur (hadisə tibbi-təcili yardım stansiyasının həyətində baş verir) və həmin şəxs baş verən ölüm hadisəsi ilə bağlı tibbi təcili yardıma məlumat verdikdən sonra, dərhal hadisə yerindən qaçır. 2 noyabrda Səbuhini morqa aparırlar və bizə onun işlədiyi idarədən bir kimsə bu haqda heç bir məlumat vermir.
Mən 3 noyabrda sübh tezdən oğlumun işlədiyi “qaraj”a getdim və ilk əvvəl “qaraj”da olan şəxslər hadisəsinin necə, hansı səbəbdən baş verməsi haqda heç bir məlumata malik olmadıqlarını bildirdilər. Elə ki, mən “qaraj”dan geri qayıdırdım, o halda kimsə arxadan məni səsləyib özünün “qaraj”ın müdiri Sədaqət Səlimov olduğunu bildirdi. Az sonra isə o, mənə “Sənin oğlun Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının morqundadır” dedi. Həmin an ləngimədən morqa getdim və morqda oğlumun meyitini gördüm. Bir neçə gündən sonra Yasamal rayon Prokurorluğundan zəng olundu və zəng edən şəxslər, məni prokurorluğa dəvət etdilər. Prokurorluqda oğlumun meyitinə aid olan şəkilləri mənə göstərib “Səbuhini iş yerində elektrik cərəyanı vurub” dedilər. Sonra ona aid bir çox sənədləri, şəxsiyyət və sürücülük vəsiqəsini, bir də oğlum iş başında olarkən yaxasından asdığı “kartişka”sını, həmçinin mənə məlum olmayan kiçik açarları da göstərdilər. O halda onlara bəs oğluma məxsus telefonlar hardadır deyə sual verdikdə, prokurorluq əməkdaşları mənə oğluma məxsus ucuz telefonu göstərdilər.
Yəni, onlar Səbuhiyə məxsus “Ayfon” markalı mobil telefonu (nömrəsi 050-470-39-31) “itbat” etdirmişdilər. Onu da bildirim ki, oğlum ölüm hadisəsi baş verən gün axşam saat 23-ə işləmiş anasına zəng edir və “Ana maşını “qaraj”a qoyub evə gəlirəm” deyir. Anası onun belə bir zəngindən olduqca narahat olur və saat 23-24 radələrində ona tez-tez zəng etsə də, Səbuhiyə heç bir halda zəng çatmır. Prokurorluqda isə mənə bildirdilər ki, hadisə saat 24-də, yaxud da saat 1-ə işləmiş radələrdə baş verir. O halda ortaya belə bir sual çıxır ki, əgər Səbuhini elektrik cərəyanı vurursa, bəs telefon nömrələrinə niyə zəng çatmır? Məgər, ona məxsus mobil telefonları da, elektrik cərəyanımı vurur? Əgər oğlum hadisə yerində olubsa, deməli ən azından onun mobil telefonlarına zəng çatmalı idi. Yasamal rayon Prokurorluğunda olduğum gündən iki gün sonra, prokurorluğun müstəntiqi Tamerlan müəllim zəng edib, məni prokurorluğa dəvət etdi. Prokurorluğa vəkillə getdim və orada məndən yazılı izahat da aldılar. Bir neçə gün keçdikdən sonra isə “Ölüm hadisəsi baş verən vaxt oğlun hadisə yerində tək olmayıb” dedilər. Yəni, onun yanında kənar şəxs də olur. Həmin şəxsin kim olması haqda təqribi məlumatlara malik olduğumdan, həmin şəxslə bağlı təqribi “koordinat”ları Tamerlan müəllimə çatdırdım. O halda o, mənə “Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində Rüstəm adlı əməkdaş var, sən onun yanına get” dedi. Elə ki, həmin şəxsin yanında oldum və hadisənin necə baş verməsi haqda ona ətraflı məlumat verdim, o halda o, mənə sual etdi ki, “Sən belə bir məlumatı necə və haradan əldə etmisən?” Cavab olaraq bildirdim ki, həmin şəxsin kimliyi barəsində əvvəlcə ərazi üzrə sahə müvəkkilinə məlumat versəm də, o, on gündən çoxdur ki, verdiyim məlumatı gizlədir. Bundan əlavə, oğluma məxsus “Ayfon” markalı telefonun “itbat”a slınması ilə bağlı yazılı izahat verdim və onu da xahiş etdim ki, hadisə baş verən əraziyə yaxın yerdə yerləşən “Rate” restoranına məxsus kameralardan görüntülər götürülsün və müəyyən araşdırmalar da aparılsın. Təəssüflər olsun ki, bu yöndə onlardan müəyyən xahişlərimi etsəm də, kimsə heç bir addımını atmadı. Hadisə baş verən gündən bir gün sonra, yəni 3 noyabrda mən morqda olarkən, yaşadığımız əraziyə göy rəngli “mersedes-çeşka” markalı avtomobillə iki nəfər naməlum şəxs gəlir və onlar Səbuhi ilə maraqlanırlar. Həmin şəxslər onun öldüyünü bildikdən sonra, dərhal ərazini tərk edib gedirlər. (Onu da qeyd edim ki, onlar Səbuhini kiçik oğlumun dostundan soruşurlar) Mən bu barədə Yasamal rayon Prokurorluğunun müstəntiqi Tamerlan müəllimə məlumat versəm də, o bununla bağlı heç bir araşdırma işi aparmadı. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində çalışan Rüstəm adlı əməkdaşa isə, belə bir məlumata heç cür əhəmiyyət vermədi. Yalnız Tamerlan müəllim mənə iki kiçik açar göstərdi, o halda ondan onu da xahiş etdim ki, açarları ekspertə təqdim edin ki, açarlarda oğlumun əl izlərinin olub-olmadığı müəyyən olunsun. Belə bir təklifimin qarşılığında o, mənə “Açarları götürməmişəm” dedi. Morqda olarkən oğlumun hər iki dizinin üst hissəsinin dərisinin sıyırıldığını gördüm. Bununla bağlı müəyyən video-görüntülər də var. Ona görə də, mən aidiyyəti qurumlardan xahiş edirm ki, hadisə baş verən əraziyə yaxın yerdə yerləşən “Rate” restoranına məxsus kameralardan lazımi görüntülər götürülsün, oğlumun əynində olmuş paltarlar ekspertizaya göndərilsin, hadisə vaxtı tapılan açarlardan əl izləri götürülsün və hadisədən sonra yaşadığımız əraziyə gələn və Səbuhi ilə maraqlanan şəxslərin kimliyi müəyyən olunsun. Bəli, hadisə vaxtı oğlumun yanında naməlum şəxs(lər) olub. Müəmmalı ölüm hadisəsi baş verdikdən sonra, həmin şəxslər təcili tibbi yardıma xəbər verdikdən sonra, dərhal ərazidən qaçırlar. Həmin şəxsin və ya şəxslərin kimliyi Natiq adlı sahə müvəkkilinə bəlli olsa da, o 16 gün ərzində baş verən hadisə ilə bağlı bir kimsəyə məlumat vermir və baş verənləri tam şəkildə gizlətməyə də çalışır. Təəccüb doğuran hal o oldu ki, ölüm hadisəsindən sonra nə “Azərişıq” ASC-dən, nə də ki, Səbuhinin işlədiyi “qaraj”dan bizə bir kimsə zəng etmədi, bu işlə maraqlanan olmadı, hətta başsağlığı belə verən olmadı.
P.S. O halın varlığını xüsusi qeyd edim ki, “oğlum “Azərişıq” ASC-də elektrik montyoru deyil, sürücü işləyirdi və hər zaman da elektrik cərəyanından ehtiyat edirdi. Vəzifə sahibi olan şəxslərin iddialarına görə, əgər o, şit açıb götürmək istəyibsə, deməli elektrik cərəyanı onu əlindən vurardı, daha bel nahiyəsinin orta hissəsinə xəsarət yetirməzdi. Deməli, səslənən ittihamlar heç də həqiqəti ifadə etmir. Baş verən ölüm faktı ilə bağlı toplanmış iş materiallarının araşdırılmasını həyata keçirən müstəntiq, bir neçə gündən sonra oğluma məxsus “Ayfon” markalı telefonu tam yarasız vəziyyətdə mənə göstərdi. Bu gün isə, “Azərişıq” ASC-i bizdən oğlumun ölüm şəhadətnaməsini tələb edirlər”.
Yazıda adları çəkilən hər kəsin möveini dinləyib dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?