Milli Onkologiya Mərkəzi vətəndaşa lazım olan dərmanları vermir.
Bakının Əhməd Cəmil küçəsi, ev 29, mənzil 12-də yaşayan Məmmədov Araz Nəsrəddin oğlu çarəsiz vəziyyətdədir.
Görəsən MOM direktor müavini, deputat Kəmaləddin Qafurov hara baxır? Öz apteklərində bu dərmanlardan yoxdurmu? Təkcə bu il Milli Onkologiya Mərkəzi (MOM) deputata məxsus “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb.
Yanvar və mayda “Azəri Med” MMC MOM-dan ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb. Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb.
Bundan əlavə, “Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).
Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi. Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur.
“Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib. Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman
preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.
Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir.
Ancaq onkoloji xəstəliyin müalicəsi üçün tələb olunan dərmanları Azərbaycanda tapa bilməyən Araz Məmmədova dərman verilmir. O, bunun ölüm olduğunu yazıb.
K.Qafurov isə nə millət vəkili, nə həkim, nə MOM-un rəhbər şəxsi, nə biznesmen kimi vətəndaşın mətbuatda yayılmış bu ürəkparçalayan müraciətinə reaksiya verməyib.
Onsuz da deputatlıq fəaliyyəti hiss olunmayan K.Qafarov ən azı belə müraciətlərə həssaslıq göstərməklə özünə xal qazana bilərdi.
Amma belə görünür ki, bu ölkədə ölüm ayağında olan, təcili əməliyyata ehtiyacı olan, kimsəsiz insanlara yalnız prezident və xanımı dəstək olmalıdır, məmurlar yaxasını kənara çəkməlidirlər. MOM-da direktor müavini olan millət vəkili isə vətəndaşı əzrayılın pəncəsinə buraxıb.
Gundemxeber.az cebhe.info-ya istinadla xəbər verir ki, Araz Məmmədov 2013-də Almaniyanın Mannheim şəhərindəki “Uniklinika”ya aparılıb və təcili əməliyyat olunub. Əməliyyat zamanı prostat vəzi və limfa düyünlərinin əksəriyyəti çıxarılıb. “Bu əməliyyata görə 30 min avro ödəməli oldum. Həkimlər əməliyyatdan sonra bildirdilər ki, hər 3 aydan bir müayinə və müalicə olunmalıyam.
Həkimlərin yekdil rəyi bu oldu ki, ildə 4 dəfə müvafiq prosedurları keçməli, "Bikalutamed" adlı dərmanı gündəlik olaraq istifadə etməliyəm. 90 günlük dərman 3500 avrodur. “Firmagen 80 mg” iynəsi ayda bir dəfə vurulmalıdır. Bu isə ayda 500 avro deməkdir.
Bundan başqa, hər 6 aydan bir ümumi bədən PCT vasitəsilə də yoxlanılır ki, bu da 3500 avrodur. İndi mənə başqa dərman qəbulu tapşırılıb.
"Zytiga 500" dərmanından istifadə etməliyəm ki, bu dərmanın da bir qutusunun qiyməti 3500 avrodur. 90 gün üçün 4 qutu tələb olunur”.
A.Məmmədov bildirib ki, özünün və yaxın qohumlarının müalicəni davam etdirmək üçün maddi imkanı tükənib:
“Xərçəng xəstələri pulsuz müalicə edilir. Dövlət büdcəsindən hər il bu məqsədlə külli miqdarda vəsait ayrılır. Ancaq dərmanlar üçün Səhiyyə Nazirliyinə müraciət edəndə bildirilir ki, ölkədə dərman yoxdur.
Mən səhiyyə naziri Oqtay Şirəliyevdən bunun səbəbini soruşmaq istəyirəm ki, xərçəng xəstələrinin müalicəsi ölkədə aparıla bilmirsə, ən azından onları dərmanla təmin etmək olmaz? Büdcədən vəsait ayrılır”.
Şikayətçinin sözlərinə görə, nazirlikdən müraciət Milli Onkologiya Mərkəzinə yönləndirilib. Ancaq mərkəzin baş həkimi
Azad Kərimlinin imzasıyla daxil olan cavab məktubunda ölkəmizdə sözügedən dərman preparatlarının olmadığı vurğulanıb.
Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 266 nömrəli qərarı ilə Azərbaycanda onkoloji xəstələrin dərman vasitələri ilə təminatı, onların cərrahiyyə əməliyyatından polikimyəvi terapiyasına qədər müalicəsi pulsuzdur.
Bura sıra müalicəsi almaq, o cümlədən ağrıkəsici vasitə kimi narkotik vasitələrdən pulsuz istifadə də daxildir.
Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir.
Qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır.
Bu il MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb.
1.İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2.Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterapiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır.
Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3.Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.
Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutulmuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4.Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?