Şirkətin qısamüddətli kreditor borcları 355 mln manat təşkil edib, amma borcun yaranma səbəbi məlum deyil
“Bakıelektrikşəbəkə” ASC 2012-ci il üçün maliyyə hesabatını açıqlayıb. Ona əsasən, şirkətin xalis mənfəəti 2011-ci illə müqayisədə 3 dəfə artıb və 26,3 mln manat olub. Elektrik enerjisi təfarükü 2,5% azalıb. Auditor rəyini “Audit-Servis” MMC verib. 2012-ci ildə “Bakıelektrikşəbəkə” istehlakçılara 391,5 mln manatlıq elektrik enerjisi verib. Xidmətin maya dəyəri 390,2 mln manat olub. SC-nin elektrik enerjisi satışından ümumi mənfəəti 1,3 mln olub. Ötən il “Bakıelektrikşəbəkə”nin əməliyyat gəlirləri 65,5 mln manat təşkil edib. Əməliyyat xərcləri çıxılandan sonra (kommersiya, inzibati və s.) balans mənfəəti 32,9 mln manat olub. Yanvarın 1-i üçün “Bakıelektrikşəbəkə”nin aktivləri 1 mlrd manatı keçib. İl ərzində onlar 4,4% artıb. Nizamnamə kapitalı 255,3 mln manat olan şirkətin bölünməmiş mənfəəti 154,7 mln manata çatıb. İlin əvvəli üçün “Bakıelektrikşəbəkə” ASC-nin qısamüddətli debitor borcları 472,5 mln manat olub. Onlar 13 mln manat artıb. Qısamüddətli kreditor borcları 355 mln manat təşkil edib. Hesabatda borcun yaranma səbəbi açıqlanmır. Son illər elektrik enerjisinin pulunun ödənilməsi yaxşılaşıb. İstehlakçıların çoxuna smart-sayğaclar qoyulub.
Sorğu
Yeni dizaynımız necədir?