Prezident Administrasiyasına ən çox şikayətlər gələn bölgələr cərgəsində Ağstafanın xüsusi yeri var. Bu iddia yox, PA tərəfindən açıqlanan rəsmi siyahıda əksini tapır.
Ağstafa sakinlərinin şikayətlərinə baxılmaması, yerli icra orqanı tərəfindən qulaqardı edilməsi məktubları daha yuxarı instansiya olan PA-ya yönəldilməsi ilə nəticələnir.
Mediaya da gələn şikayət məktubları arasında Ağstafadan müraciətlər az deyil. Sakinlər icra hakimi Məhərrəm Quliyevin yarıtmaz idarəçiliyindən bezar olduqlarını yazırlar.
Reportyor.info araşdırıb ki, Ağstafa RİH bu müddət ərzində inkişaf və yenidən qurma üçün heç bir real addımlar atmayıb. Dövlətin ayırdığı maliyyə isə müxtəlif tender şirkətlərinin əli ilə yuyulub.
Bu firmalar arasında “Səma MM İnşaat” MMC-nin adına daha çox rast gəlinir. Məsələn, ötən il Ağstafa Suvarma Sistemləri İdarəsi “Səma MM İnşaat” MMC-yə mal-materiallar üçün 95160.06 manat ayırıb.
Ağstafa Rayon Mərkəzi Xəstəxanası da qəribədir ki, bu firmaya üstünlük verib. “Səma MM İnşaat” MMC-yə Ağstafa rayonunda səhiyyə müəssisələrinin cari təmiri işləri üçün 29391.00 manat çatıb.
Nədənsə Ağstafa RİH-nin şəhər İcra Nümayəndəliyi də “Səma MM inşaat” MMC-nin “qara qaşına, qara gözünə vurulub”. İcra nümayəndəliyi kommunal yaşayış binalarının təmiri işləri üçün 118287.73 manat ayırıb.
Eyni zamanda çoxmənzilli binaların təmiri işlərinə görə sözügedən firma tenderdə yenə qalib gələrək 276487.00 manatla işlərə başlamalı olub. İcra Nümayəndəliyi yalnız yumşaq inventarlar üçün “Təchizat AS” MMC-yə6395.00 manat peşkəş edib.
Digər maşın və avadanlıqlara görə 12168.00 manat, dəftərxana və təsərrüfat malları üçün 13295.00 manat həmin firmaya tenderdə qalib gəldiyinə görə ayrılıb. Ağstafa Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi isə “Ağköynək-S” MMC-yə təsərrüfat malları üçün keçən il 33925.00 verib.
İndisə gəlirik, araşdırmanın real rəqəmlərinin ardınca məsələnin arxasındakı gizlinlərə…
Sən demə, bir müddət əvvəl Yaşar Aslanov adlı şəxsin rəhbərlik etdiyi həmin “Səma-MM İnşaat” MMC-nin icra başçısının sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirməsi, görülməyən işlərə görə pul ödənişləriaşkar olunub. Müfəttişlər təftiş apardıqdan sonra üzə çıxardıqları faktları nazirliyə təqdim edilib.
Göründüyü kimi, şirkətin və Y.Aslanovun maxinasiyalarda ustalığı M.Quliyevin ürəyincə olub, onunla “tender əməliyyatları”ını davam etdirib.
Söhbət ondan gedir ki, Ağstafada nə kommunal binalar təmir edilib, nə çoxmənzilli binalara əl gəzdirilib, nə də xəstəxanada əsaslı yenidənqurma işləri aparılıb.
Amma bu işləri həyata keçirmək üçün tenderdə qalib gələn “Səma-MM İnşaat” MMC-yə külli-miqdarda vəsaitlər çatıb. Həmin məbləğlərin şəffaf xərclənməsinə dair şübhələr var. Ehtimala görə, Ağstafa İH başçısı bu pulları da həzm-rabedən keçirə bilib.
O da xəbər verilir ki, M.Quliyevin maliyyə oyunlarında Y.Aslanovla paralel olaraq etibar etdiyi şəxs öz müavini Ramiz Tatarovdur. Hesablama Palatasının hələ 2014-cü il üzrə hesabatında Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilmişdi.
Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən RHİ-in birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.
Ortaya çıxan faktlar Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarovun rayonda korrupsiya və maliyyə maxinatoru kimi şöhrətləndiyini göstərir.
Rayonda həyata keçirilən maxinasiyalar, oyunlar və yağma prosesləri bilavasitə Tatarovun adı ilə bağlanır. Məsələn, Qarayazı meşələrinin talan edilməsi, BTC-nin keçdiyi ərazilərə görə kompensasiyaların alınması zamanı edilmiş fırıldaqlar, insanların adından saxta sənədlər düzəldilərək, yüz minlərlə manatın mənimsənilməsi, habelə boru “biznesi”nin tam himayə altına alınması və bu zaman hətta qonşu rayonların ərazilərinə müdaxilələr bu qəbildən olandır.
Üstəlik, Ağstafa RİH başçısı Məhərrəm Quliyev rayonun tikinti sektorunu Məlik adlı qohumuna həvalə edib. Rayonda inşaatı anlayan yox idimi ki, icra başçısı bu sahəni yaxın qohumuna tapşırıb? Qardaşı oğlu Faiq Məhərrəmov isə rəsmi sənədlərdə bağban kimi göstərilsə də, o, konkret olaraq icra başçısının köməkçisi funksiyasını yerinə yetirir.
Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsindəki Yardımçı Təcrübə Təsərrüfatı icra başçısının adamları tərəfindən zəbt olunub.
Belə ki, adı çəkilən iki təsərrüfatı özünün şəxsi obyekti hesab edən başçı yaxınları vasitəsilə həmin təsərrüfatların gəlirlərinə tam nəzarət edir. Ötən dövrdə Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə “qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir.
Belə ki, 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir.
Başçıya ən yaxın şirkətlərin arasında “Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir. Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir.
Bir sözlə, Ağstafa icra başçısı M.Quliyev həm Y.Aslanov, həm R.Tatarovun fərasətindən yararlanır, bu trio rayonu çapıb-talamaqdadır. Odur ki, sahibkarların, fermerlərin, sadə insanların şikayətlərinə baxılmır. Bu laqeydliyin nəticəsi olaraq PA-ya Ağstafadan saysız-hesabsız məktublar ünvanlanır.
Prezidentin son islahatları, xalqla təmasları, bölgələrdə ev-ev, qapı-qapı görüşləri, insanlardan məktubları əlbəəl alması göstərir ki, Məhərrəm Quliyev kimi yarıtmaz məmurların işləmədiyi, camaatla ünsiyyət qurmadığı, belə başçılarla vidalaşmağın vaxtı yetişdiyi göz qabağındadır. Çox güman ki, prezident Ağstafaya da islahatçı, enerjili yeni kadr təyin etməli olacaq…
Sorğu
Yeni dizaynımız necədir?