Ölkənin səhiyyə sisteminin inkişafı məqsədilə ayrılan küllü miqdarda dövlət vəsaitinin mövcudluğuna baxmayaraq bu sahədə problemlər həll olunmaq bilmir ki, bilmir. Əyalətlərdə isə vəziyyət xüsusilə dözülməzdir. Bu sırada isə can verməkdə olan Ağstafa səhiyyəsi “öncüllər” sırasındadır. Mövzu ilə bağlı qəzetimizə daxil olan məlumatda bildirilir ki, rayon əhalisi Ağstafa rayon Mərkəzi Xəstəxanasının (RMX) keçmiş baş həkimi Elşad Məmmədov işdən çıxarılanda seviniblərmiş ki, nəhayət Ağstafa səhiyyəsinə də “gün doğacaq.” Amma necə deyərlər, sıravi ağstafalılar saymağında olsun, görək xəstəxananın yeni baş həkimi İlham Mustafayev “nə sayır” Qəzetimizə verilən məlumata görə, İlham Mustafayevin gəlişindən sonra durum bir qədər də qəlizləşib. Xüsusilə də əhalinin daha çox müraciət etdiyi rayon Uşaq Xəstəxanasında rüşvətxorluq və bu kimi digər neqativ hallar artmağa başlayıb. Mənbənin sözlərinə görə, Ağstafa Uşaq Xəstəxanasının baş həkimi İradə Batıyeva Ağstafa RMX-nın keçmiş baş həkimi Elşad Məmmədovun həyat yoldaşıdır. Aldığımız məlumatlarda vurğulanır ki, rayonda uşaq səhiyyəsinin tənəzzül prosesi, məhz İ.Batıyevanın bu sahəyə rəhbərlik etdiyi illər ərzində daha qabarıq formada görülməyə başlayıb. Ağstafa Uşaq Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək rüşvət məbləğlərinin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunur. Qəzetimizin elektron ünvanına yazan sakinlər artıq dözülməz vəziyyətə etiraz əlaməti olaraq onlar uşaqlarını yaxın digər rayonlara aparmaq məcburiyyətində qalırlar: “Biz xəstələrimizi niyə ya Qazağa, ya da Tovuza aparmalıyıq? Axı, Ağstafanın özündə hər bir şəraiti olan, lakin baş həkimin səhlənkarlığı üzündən xəstəxanadan çox bazara oxşayan müalicə müəssisəsi var. Biz səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək, Ağstafa səhiyyəsini məhv edən şəxslərə qarşı amansız mübarizə tədbirlərinə start verməyə çağırırıq. Əks təqdirdə biz daha yuxarı instansiyalara müraciət etməyə məcbur olacağıq”. Yazıda adları keçən tərəfləri də dinləməyə və mövqelərini dərc etməyə hazırıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?