Baş nazirin müavini Hacıbala Abutalıbov yenə narazılıq yaradıb. Budəfəki narazılıq Abutalıbovun on iki sahibkarla sövdələşməsi nəticəsində ortaya çıxıb. Bu barədə xəbər “Unikal” qəzetinin bugünki sayında dərc edilib.
Gundemxeber.Az bildirir ki, qəzetə məlumat verən mənbənin sözlərinə görə, məsələ H.Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı olduğu dönəmdən başlayıb: “Bildiyiniz kimi, tikinti ilə bağlı ölkə başçısının son fərmanına qədər iri miqyaslı tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verirdi. Təbii ki, bu icazənin haqqı da iri məbləğlə ifadə olunurdu. Məndə olan məlumata görə, Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla Bakıda tikinti işlərinin aparılması ilə bağlı razılığa gəliblər. Həmin razılaşmaya görə sahibkarlar yüz milyon manat pul ödəyiblər. Ancaq bundan bir müddət sonra Hacıbala Abutalıbov Bakı meri postundan çıxarıldı. Bu səbəbdən də həmin sahibkarlara tikinti haqqında sərəncamı imzalaya bilmədi”.
Sözügedən sövdələşmədə xanım iş adamının vasitəçi olduğunu deyən mənbəmiz əlavə edib ki, indi sözügedən sahibkarlar həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb edirlər. “Vasitəçi xanım isə narazı sahibkarları Hacıbala Abutalıbova yönləndirib” – deyən mənbəmiz bundan sonra vəziyyətin daha da gərginləşdiyini deyiblər.
Qaynağın bildirdiyinə görə, bundan sonra sahibkarlar H.Abutalıbovun yeni iş yerinə – Nazirlər Kabinetinə getməyə məcbur olublar. Onlar uzun müddətdir keçmiş merin yeni iş yerinin qapısı ağzında qalıblar.
Qeyd edək ki, bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 400-ə yaxın binada tikintinin müafiq qaydalara uyğun aparılmadığını, layihələrinin şəhərin baş planına uyğun gəlmədiyini müəyyənləşdirdiyi açıqlanıb. Buna görə bir çox tikinti şirkətlərinin fəaliyyətinin dayandırıldığı, layihələrinin geri qaytarıldığına dair xəbərlər var…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?