Hüquq müdafiəçisi Oktay Gülalıyev Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova açıq məktub ünvanlayıb.
Gundemxeber.az hüquq müdafiəçisinin müraciətini olduğu kimi təqdim edir:
Respublikanın Baş Prokuroru Zakir Qaralova
A Ç I Q M Ə K T U B
Hörmətli cənab prokuror!
Son vaxtlar ictimai-siyasi fəalların, mülki şəxslərin şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması, bəzi hallarda isə qətlə yetirilməsi halları genişlənməkdədir. Aşağıda qeyd edəcəyim hadisələr son zamanlar baş verənlərin bir hissəsi, həm də fikirlərimin qısa izahıdır:
1. 10 iyul 2018- ci ildə Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon məhkəməsində keçirilən proseslərdə bir daha aydın oldu ki, hadisələr zamanı həbs olunmuş şəxslər Gəncə polisində və Bakıda DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıblar. Bütün bunlar isə respublika prokurorluğunun yüksək vəzifəli əməkdaşlarının gözü qarşısında baş verib. Təqsirləndirilən şəxslərin əksəriyyəti öz çıxışlarında onlara verilən işgəncənin başında dayan şəxslərdən birinin respublika prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin məsul əməkdaşı Orxan Babayevin dayandığını bildirirlər. Amma təqsirləndirilən şəxslərin və müdafiəçilərin çoxsaylı vəsatətlərinə baxmayaraq nə Orxan Babayev məhkəməyə dəvət olunur, nə də onlara verilən dəhşətli, qeyri- insani işgəncə halları haqqında ölçü götürülmür. Eyni zamanda təqsirləndirilən şəxslərin əməllərinə adekvat olmayan, qanunvericiliyə zidd olan ittihamlar verilmiş və prosessual hərəkətlər düzgün icra edilməmişdir. Belə ki, cinayət hadisəsinin iştirakçısı (təşkilatçı, təhrikçi, əlbir və s.) olmadıqları halda onların barəsində eyni maddələrlə ittihamlar verilmiş (CM- nin 15- 23 fərqli maddələri- red.), müstəqil vəkillər müdafiə işində olmamış, ailə üzvləri ilə əlaqə saxlanmasına imkan verilməmişdir… Baş prokurorluğun “mütəşəkkil cinayətkar dəstə” kimi təqdim etdiyi şəxslərin əksəriyyəti bir- birini tanımır. Bu da ittihamın saxta və qurama olmasına dair şübhələri artırır.
Məhkəmənin gedişində aydın olur ki, 10 iyul 2018- ci il məlum Gəncə hadisələrindən sonra qətlə yetirilmiş 8 nəfər rəsmi qurumların dediyi kimi güc strukturlarına silahlı müqavimət göstərməyib və onlar həbs olunub qətlə yetirilərkən silahlı olmayıblar. Öldürülənlərdən biri Ağa Sərxaninin nəşi 9 aydır ki dəfn olunması üçün ailəsinə təhvil verilmir.
2. 2017- ci ildə Tərtərdə bir qrup hərbçinin müəmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesində, eləcə də onların valideynlərinin, müdafiəçilərinin verdiyi məlumatlardan aydın olur ki, həbs edilən hərbçilərə ağlasığmaz, dəhşətli işgəncələr veriblər. “Xüsusi amansızlıq və qəddarlıqla işgəncə verən” (fikirlər Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019- cu il 1(098)-7/2019 saylı hökmündən götürülüb- red) vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində ən azı 8 nəfər qətlə yetirilib ki, həmin şəxslərin 4 nəfəri ölmündən sonra bəraət alıb. Dəhşətli və təəccüblü haldır ki, işgəncə verən vəzifəli şəxslərə qarşı irəli sürülən ittihamda adam öldürmə maddəsi İttiham Aktından çıxarılıb (!?). Halbu ki məhkəmə sənədində açıq qeyd olunur ki, “hərbi qulluqçu Elçin Quliyev çox saylı zərbələr almış, baş beyin, ağciyər və böyrəkətrafı toxumalara qan sızması nəticəsində 06 may 2017- ci il tarixdə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə Qərargah binasında ölmüşdür” (!?). 100- lərlə hərbçinin- əsgər və zabitlərimizin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində addımlar atılmır. Nəticədə 15 il həbs cəzası almış hərbçi İsmayıl Hüseynovun timsalında ədalət tapa bilməyən məhbuslar həbsxanada özünə qəsd edir.
3. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sənay ictimai yerdə Tural Qarayev adlı şəxsin hücumuna və təhqirlərinə məruz qalıb. Əslində bu şəxsin hərəkətlərində ciddi qanun pozuntusu və cinayət tərkibi var. Amma çox təəssüf ki, ictimai- siyasi fəalların şərlənib həbs olunmasında, onlara qarşı ağır ittiham Aktlarının qəbul edilməsində xüsusi fəallıq nümayiş etdirən prokurorluq orqanları Tural Qarayevin yetkinlik yaşına çatmayan 14 yaşlı yeniyetməyə qarşı xuliqanlıq və kobudluqla müşayət olunan, ictimaiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətini “görmür”.
Eləcə də məktəbli Elena Hacıyevanın ölümü, ona vaxtında tibbi yardım göstərilməsinə imkan verilməməsi, yeniyetmənin özünü ölüm həddinə çatdırması barədə obyektiv araşdırma aparılmır, kimsə cəazalandırılmır.
4. Son 1 ay ərzində onlarla ictimai fəal- “heykəl məhbusu” Bayram Məmmədov, Tofiq Məmmədov, Qaraçuxur sakini Ruslan Cumayev, AXCP üzvləri- Nicat Abdullazadə, Nicat Nizamov, Yalçın Abdullayev, Paşa Umudov, Saqif Qurbanov və digərləri inzibati qaydada qanunsuz həbslərə məruz qalmış, ictimai fəallar- Qiyas İbrahimov, Gülnarə Rahimova, Fatimə Mövlamlı, jurnalist Sevinc Sadıqova dəfələrlə əsassız olaraq saxlanılaraq polis bölmələrinə aparılıblar. Həmin şəxslərin əksəriyyəti polis bölmələrində və saxlanma yerlərində zorakalığa, insan ləyaqətini alçaldan münasibətə məruz qalıblar. Xüsusən, Bayram Məmmədov və Ruslan Cumayev polis bölməsində xüsusi qəddarlıqla işgəncəyə, insan ləyaqətini alçaldan münasibətə məruz qalıb.
5. İş adamı Hüseynov Bəybala Qaraş oğlu Sizə ünvanladığı müraciətdə bildirib ki, oğlu Emin Hüseynovun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəltmək üçün adı çəkilən idarənin rəhbərliyinə 200 min ABŞ dolları həcmində rüşvət verib. Bir müddət sonra isə onun oğulu Türkiyədə müəmmalı şəkildə zəhərlənərək dünyasını dəyişir. Çox təəssüf ki, sizin rəhbərliyiniz altında olan, korrupsiyaya qarşı mübarizə aparmalı olan bir idarənin adının korrupsiyada hallanır və keçmiş əməkdaşınızın ölümü indiyə qədər araşdırılmır. Bu faktın özü təkcə qanun pozuntusu deyil, həm də cəmiyyəti silkələyən və narahat edən məsələdir. Bəybala Hüseynov son günlər Baş Prokurorluğun 1- ci müavini Rüstəm Usubovla görüşsə də cinayətin araşdırılması istiqamətində heç bir ciddi addım atılmır və faktla bağlı cinayət işi açılmır və s.
Cənab baş prokuror!
Çox təəssüf ki, yuxarıda qeyd etdiyim cinayət tərkibli ciddi qanun pozuntularına Sizin və rəhbərlik etdiyiniz Respublika Baş Prokurorluğu tərəfindən nəinki lazımi reaksiya verilib, əksinə bu cinayətlərin bəzilərinin baş verməsində, ört- basdır edilməsində sizin qurumun bir sıra əməkdaşları bilərəkdən və ya bilməyərəkdən iştirak edib. Respublika baş prokurorluğu başda olmaqla aidiyyatı qurumlar insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalıdır. Sizi yol verilmiş qanunsuzluqların aradan qaldırılması, işgəncə və qətl hərəkətləri barədə ciddi ölçü götürməyə çağırıram!
Sorğu
Yeni dizaynımız necədir?