Lakin Azərbaycanda qanunların xalqın rifahına xidmət etməsinə bir çox harınlamış, zülmkar icra başçıları, məmurlar, polis və prokratura orqanlarında çalışanlar imkan vermir! Onu da qeyd edim ki, 28.01.2019-cu il tarixinə qədər bir dəfə də olsun polis və prokratura orqanlarına nə çağırılmış, nə də şikayət bildirmişəm. 28.01.2019-cu il tarixdə “facebook” sosial şəbəkəsində tanımadığım profildən özümün, yaxınlarımın ünvanına nalayiq ifadələr bildirildi. Bir neçə saat sonra tanımadığım mobil nömrədən zəng gəldi. Cavab verən zaman həmin “facebook” profilindəki şəxs olduğunu (zəng edən özü bunu dedi) və bu dəfə küçə söyüşləri ilə özümün, yaxınlarımın ünvanına təhqirlər yağdırdı, sonra isə hədə-qorxu gəldi. Bu hadisədən dərhal sonra faktiki yaşadığım ünvan üzrə Yasamal rayon 29 saylı polis idarəsinə müraciət edərək yazılı şikayət bildirdim. Şikayətimdə məni təhqir edən, hədələyən şəxsin “facebook” profilini, mobil nömrəsini də qeyd etdim. Bir neçə gün sonra həmin polis idarəsinin dəftərxanasına zəng edərək şikayətimin qeydiyyat nömrəsini (№ 0952014) öyrəndim.
Beş-altı gün sonra həmin polis idarəsində sahə rəisi (uçaskovu) vəzifəsini icra edən kapitan İbadov Ramin mobil nömrəmə zəng edərək bölməyə yaxınlaşmağımı bildirdi. Həmin gün saat 18.00 radələrində təyinat başında oldum. Şikayətimlə bağlı geniş izahat yazdım. İzahatımda bir daha məni təhqir edən, hədələyən şəxsin “facebook” profili ilə mobil nömrəsini qeyd etdim. Adı çəkilən polis kapitanı “narahat olmayın bəy, ən geci bir həftəyə sizi təhqir edən şəxsi tapıb bura gətirəcək, sizi də çağıracağıq. Həmin şəxs əməlinə görə qanun qarşısında cavab verəcək”. Lakin 40 günə yaxın (qanunda isə vətəndaşın müraciətinə ən geci 30 gün müddətində cavab verilməlidir) vaxt keçməsinə baxmayaraq, nə mobil telefonuma zəng edildi, nə də rəsmi olaraq cavab məktubu göndərildi.
Mənə qarşı bu cür kobud qanun pozuntusuna görə daxili işlər naziri Ramil Usubov cənabları adına şikayət məktubu yazdım, eyni zamanda 102 xidmətinə də məlumat bildirdim. Şikayətimə cavab olaraq 08.04.2019-cu il tarixdə Bakı şəhəri Baş Polis idarəsinə çağırılaraq həm məni təhqir edən, həm də şikayətimi qulaq ardına vuran 29 saylı polis idarəsi barədə yenidən izahat yazdım. Son şikayətimə 26.04.2019-cu il tarixdə № 04315620İ-3219 nömrəli cavab məktubu gəldi. Məktubda deyilir: “Müraciətiniz tam, ətraflı, obyektiv araşdırılaraq müvafiq tədbirlər görülməsi məqsədilə aidiyatı üzrə Yasamal Rayonu Polis idarəsinə ( yəni, 29 saylı polis idarəsinə) göndərilmişdir. Görülmüş işlərin nəticəsi barədə Yasamal Rayonu Polis idarəsi tərəfindən sizə əlavə məlumat veriləcək”. Lakin bir aydan çoxdur adı çəkilən Polis idarəsindən mənə heç bir xəbər, bildiriş, əlavə məlumat verilmir!... Bütün bunlar ona dəlalət edir ki, 29 saylı polis idarəsinin əməkdaşları nə Azərbaycan Respublikasının qanunlarını, nə də daxili işlər naziri Ramil Usubovu sayır! Polis orqanlarında bu cür laqeyd, səhlənkar, harınlamış və s. bu kimi xüsusiyyətlərlə zəngin bu ünsürlərin çoxluq təşkil etməsi xalqın DİN –nə olan etimadını yerə vurur. Sonda xalq arasında məşhur: “Azərbaycanda qanunlar kağız üzərindədir! Vətəndaşların şikayətinə, müraciətinə baxılmır, hüquqlarımız kobud şəkildə tapdalanır” və s. bu kimi ifadələrə haqq qazandırmamaq mümkün deyil!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?