Yanvarın 26-da 50-60 nəfərdən ibarət bir qrup şəxs "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında deyilir.
Bildirilir ki, bu zaman həmin şəxslər ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.
"Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb Yasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb.
Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb," məlumatda qeyd olunur.
Bununla yanaşı, Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytında bu məlumat yerləşdirılməyib.
Bakı Şəhər Baş Polis İdarəsi yürüşün təşkilatçıları, saxlanılanların kimliyi barədə məlumat vermir.
Bundan öncə, Demokratik Qüvələrin Milli Şurası yanvarın 26-da mitinq keçirmək barədə qərar qəbul etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsini məqsədəuyğun hesab etməyib və Milli Şura mitinqi təxirə salıb.
Sorğu
Yeni dizaynımız necədir?