Azərbaycanın bir qrup hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı Gürcüstanın baş naziri Mamuke Baxtadzeyə müraciət edərək iyunun 17-də Tbilisidə həbs edilmiş fəal Avtandil Məmmədovun Azərbaycana verilməməsinə çağırıb.
Müraciətin təşəbbüsçüsü, hüquq müdafiəçisi Oqtay Gülalıyev Turan-a bildirib ki, müraciətdə deyilir ki, A.Məmmədov hüquq-müdafiə fəaliyyətinə görə Azərbaycanda təqib edilib və Gürcüstanda sığınacaq istəməyə məcbur olub.
A.Məmmədov hipertoniyadan və beyin qan dövranı pozulmasından əziyyət çəkir. Himayəsində iki azyaşlı uşağı var.
Həmçinin qeyd olunur ki, Gürcüstan hakimiyyəti A.Məmmədovu saxlamaqla siyasi məhbusların müdafiəsinə dair beynəlxalq konvensiyaların tələblərini pozub.
Digər tərəfdən, əgər Azərbaycan hakimiyyətinin A.Məmmədova qarşı iradı vardısa, niyə iki il susub və indi onun barəsində axtarış elan edib.
Müraciət müəllifləri A.Məmmədovun saxlanmasını pisləyirlər və Gürcüstan hakimiyyətini onu Azərbaycana verməməyə çağırırlar. Onlar həmçinin beynəlxalq təşkilatları A.Məmmədovu fəal müdafiə etməyə çağırırlar.
Müraciətdə xatırladılır ki, Gürcüstan hakimiyyəti jurnalist Əfqan Muxtarlının işilə bağlı beynəlxalq təzyiqə məruz qalıb. Ə.Muxtarlı Tbilisidə oğurlanaraq gizli şəkildə Azərbaycana gətirilib və burada mühakimə edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?