İyunun 19-da Gürcüstanın Kvemo-Kartli Regionun Marneuli Məhkəməsi Azərbaycan vətəndaşı olan hüquq müdafiəçisi Avtandil Məmmədovun 3000 lari (1200 ABŞ dolları) girov müqabilində azadlıqa buraxılması barədə qərar qəbul edib.
Bu barədə Amerikanın Səsinə Məmmədovun məhkəmədə olan ailə üzvü bildirib.
“Ailə 1200 dollar məbləğində girovu ödəyən andan hüquq müdafiəçisi azadlığa buraxılacaq. Hazırda ailənin bu məbləğdə vəsaiti yoxdur. Gürcüstandakı hüquq müdafiə təşkilatlarına kömək məqsədi ilə müraciət edəcəyik. Girov bir ay müddətində ödənilməlidir,” o qeyd edib.
Məhkəmənin qərarına əsasən Gürcüstanın hüquq mühafizə orqanları üç ay ərzində Azərbaycanın ekstradisiya ilə bağlı müraciətinin əsaslı olub-olmamasını araşdıracaq.
2017-ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan ictimai fəal Avtandil Məmmədov iyunun 17-də yerli polis tərəfindən saxlanılıb.
Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Gürcüstan Daxili İşlər Nazirliyinə göndərdiyi məktub əsasında Məmmədov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
Bu zaman Gürcüstanın hüquq-müdafiə təşkilatları Avtandil Məmmədovun hüquqlarının müdafiəsinə qoşulub. Gürcüstan İnsan Hüquqları Evinin tutduğu vəkil Rusudan Mçedlişvili onun hüquqlarını müdafiə edib.
Avtandil Məmmədov 2008-ci ildən Azərbaycanda QHT-lərdə çalışıb. O, bir müddət İşgəncələrə Qarşı Azərbaycan komitəsinin Şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub.
O, 2011-ci ildən Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.
Məmmədov 2015-ci il parlament seçkiləri zamanı bitərəf vətəndaşların seçkilərini müşahidə məqsədi ilə “Şimal müstəqil seçki müşahidə qrupu” təsis edib.
Məmmədov bir neçə dəfə polisdə dindirildikdən və təzyiqlərə məruz qaldıqdan sonra 2017-ci ilin yazında mühacirətə getdiyni bildirib.
O, 2018-ci ilin oktyabrında Gürcütanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu”(HAMİ) adlı hüquq-müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir.
Avtandil Məmmədov mühacirətdə olduğu zaman onun ailə üzvləri Azərbaycanda dəfələrlə polisdə dindirilib.
Azərbaycan hüquq mühafizə orqanları Avtandil Məmmədovun Gürcüstanda saxlanılması ilə bağlı hələ məlumat yaymayıb. Onun Cinayət Məclləsinin hansı maddəsi ilə ittiham edildiyi barədə də indiyədək rəsmi məlumat verilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?