Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə baş vermiş hadisəyə görə, saytımızda dərc olunan yazıya təmsil olunduğu qurumun mövqeini bildirib.
Həmin açıqlamanı olduğu kimi oxucuların diqqətinə çatdırırıq: ''Bildiririk ki, “GundemXeber.az” saytının 07.08.2019-cu il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda oğlu Nofəl Rüstəmovun bir qrup şəxs tərəfindən döyülməsinə polis əməkdaşlarının əhəmiyyət vermədikləri, məsələ ilə maraqlanmadıqları barədə Göyçay rayon sakini Ulduza Rüstəmovanın iddiaları həqiqətdən uzaqdır və qərəzlidir. Bu il avqustun 3-dən 4-nə keçən gecə Göyçay rayon sakini G.Rüstəmova Daxili İşlər Nazirliyinin “102 Xidməti”nə zəng edərək qardaşı N.Rüstəmovun həmkəndlisi Saday Əhmədov və daha iki nəfər tərəfindən döyülməsi barədə məlumat verib. Müraciətlə bağlı Göyçay RPŞ-də ilkin təhqiqat aparılıb, toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq orqanına göndərilib. Polis əməkdaşları tərəfindən müəyyən edilib ki, N.Rüstəmovla S.Əhmədov arasında baş tutmuş telefon danışığı zamanı birincinin təhqiramiz ifadələr işlətməsi səbəbindən sonuncu şəxs adları istintaqa məlum olan iki tanışı ilə həmin gün saat 02.00 radələrində rayonun Qarabaqqal kəndində yerləşən yeməkxananın qarşısına gəlib. Burada o, N.Rüstəmovla görüşərək münaqişə zəminində sonuncuya bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə xəsarətlər yetirib. Araşdırma zamanı tərəflərin izahatları alınıb, məhkəmə-tibbi ekspertiza təyin olunub, digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Hazırda RPŞ-nin İstintaq bölməsində qeyd olunan material üzrə araşdırma davam etdirilir.''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?