Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları ilə bağlı qalmaqal yaşanıb. Bunlar barədə bir qədər sonra...
Əvvəla, onu qeyd edək ki, çempionatdan bir gün əvvəl məlum olub ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Qazaxıstana baş məşqçisiz gəlib. Bildirilib ki, dağıstanlı baş məşqçi Saypulla Absaidov mundial öncəsi komandanın sükanını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi açıqlanmayıb. Komanda Nur-Sultana köməkçi-məşqçilər Arif Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gəlib.
“Report” xəbər verib ki, federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin bu addımını şərh etmək istəməyib.
Saypulla Absaidov 68 kq çəki dərəcəsində 2 dəfə SSRİ çempionu olub. 1980-cı ildə olimpiya və Avropa, növbəti il dünya çempionatında qızıl medal qazanıb.
2009-cu ildə sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
10 il baş məşqçi işləyən Absaidovun qəfil yoxa çıxması, hətta qaçması haqda iddialara isə hələ ki cavab yoxdur. Daha dəqiqi var, amma o cavablar müəmmaları azaltmayıb, əksinə...
Belə ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev yalnız bir gün sonra Saypulla Absaidovun niyə milli komanda ilə gəlməməsinin səbəbi barədə danışıb. Amma qeyd etdiyimiz kimi, onun dedikləri də məsələyə aydınlıq gətirməyib.
Namiq Əliyev deyib ki, dağıstanlı mütəxəssis tutduğu vəzifədən istefa verməyib, onun çempionata gəlməməsi başqa səbəbdəndir(?-red) . “Heç bir istefa söhbəti yoxdur” deyən federasiya rəhbəri sərbəst güləşçilərin şəxsi məşqçiləri ilə gəlmələrini məqsədəuyğun saydıqlarını vurğulayıb: “Müəyyən idmançılarımız şəxsi məşqçilərlə hazırlaşırlar. Xüsusən də Dağıstan Respublikasından olan idmançılar. Bu halda onlar özlərini daha komfort hiss edirlər. Belə məsləhət oldu ki, onlar öz məşqçiləri ilə çalışmaqda davam etsinlər. Ona görə də belə formatda gəlmişik. Burada bir problem görmürəm”.
Namiq Əliyev dağıstanlı baş məşqçi üçün dünya çempionatına biletin sifariş olunmasına dair fikirlərə isə belə münasibət bildirib: “Bilet çox adama alına bilər. Akkreditasiyadan isə bir ay öncədən keçmək lazımdır. İdmançı öz psixoloji durumunun pozulmaması üçün öz şəxsi məşqçisi ilə hazırlaşmaq istəyir. Bu cür amillər də var”.
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya verəcək çempionat haqda federasiya rəhbərinin dedikləri də maraq doğurur. “Dünya çempionatını yola verək, daha sona bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”, - deyə, o bildirib.
Amma məlumdur ki, çempionatı asan “ yola vermək” mümkün olmayıb.
Belə ki, sentyabrın 18-də sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb. 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib. İlk hissədə üçqat dünya çempionumuz Hacı Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, güləşçimiz son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3. Lakin Rusiya tərəfi qərara etiraz edib. “Çelenc”ə baxıldıqdan sonra onların etirazı qəbul edilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, rusiyalı qalib elan olunub - 4:2.
Qərardan narazı qalan Azərbaycan güləşçisi hakimə ciddi etiraz edib. Ona qırmızı vərəqə göstərib və diskvalifikasiya ediblər. Sonra güləşçimiz hakimlərin üzərinə getmək istəyib. İşə yerli polislər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu sakitləşib. Sonra məlum olub ki, qırmızı vərəqə ləğv edilib və pəhləvanımız minimal da olsa, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək şansını saxlayır.
Sentyabrın 19-da daha bir sərbəst güləşçimiz Mahir Əmiraslanov 1/16 final görüşünə çıxıb. 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov rusiyalı Zavur Uquyevlə qarşılaşıb. Minsk-2019 II Avropa Oyunlarının qalibi ilk hissədə 1:0 hesablı üstünlük əldə edib. Lakin ikinci hissədə Uquyev hesabı öz xeyrinə dəyişərək qalib gəlib - 4:3.
Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşçiləri 2 medal qazansalar da, lisenziyasız qalıblar. Federasiya prezidenti əvəzi deyib ki, bu uğursuzluğa görə mütləq cəza olacaq. “Lakin bu, uzun söhbətin mövzusudur. Burada xırdalamağa zaman lazımdır. Bakıya qayıdandan sonra bunları müzakirə edəcəyik və sizinlə də görüşərək məlumat verəcəyik”.
“Yeni Müsavat” yada salır ki, Namiq Əliyev sabiq vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, Fazil Məmmədovun qızı Namiq Əliyevin gəlinidir. Onlar qohum olana qədər də birlikdə işləyiblər. Namiq Əliyev F.Məmmədovun həm Vergilər Nazirliyində, həm də AGF-də müavini vəzifəsini tuturdu.
Onlar quda olduqdan sonra Namiq Əliyev Azərbaycan Güləş Federasiyasından istefa vermişdi. Fazil Məmmədov nazir postundan ayrıldıqdan sonra Namiq ƏIiyev də nazirlikdəki vəzifəsini itirdi. Maraqlıdır ki, ötən ilin oktyabrında Namiq Əliyev gözlənilmədən yenidən AGF-yə, bu dəfə F.Məmmədovun yerinə- prezident vəzifəsinə qaytarılıb. Aydındır ki, baş verənlər həm də prezident kimi Namiq Əliyevin məsuliyyətidir. Bu “yıxılma”nın səbəbi hakim qərəzliyi olsa belə, Azərbaycan adına üzücüdür. Səbəbi isə federasiya prezidentinin dediyi kimi, çempionatı “yola verəndən” sonra Bakıda aydınlaşdırırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?