Ölkədə yaxın zaman üçün rəsmən hər hansı seçki elan olunmasa da siyasi aktivlik seçki mühiti qədər yüksəkdir. İlin əvvəlində, yanvarın 19-da keçirilən mitinqdən sonra proseslərə təsir gücü və gündəmi yaratmaq baxımdan müxalifətin estafeti göturdüyü aşkardır.
Amma o da bəllidir ki, ən yaxın tariximizdə dəfələrlə belə hallar yaşanıb və müxalifətin bundan da yüksək pik nöqtəsindən düşməsi an məsələsi olub. Güman ki, indi də iqtidar texnoloqları eyni əks həmlə üzərində işləyir və bir müddət sonra bunun işartılarını görəcəyik. Ancaq bu mitinqlə bağlı diqqət çəkən başqa bir məqam da var ki, bunun üzərində hakim komandanın rəhbərliyi ciddi düşünməlidir. Söhbət narazılığın birdən birə bu şəkildə ifadə olunmasından, hətta gündəlik dolanışığında maddi problemlər yaşayan insanların yol xərci çəkərək rayondan Bakıya mitinqə gəlməsidir. Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinq ərəfəsində bu məqam yenidən aktualdır. Mitinqə icazə verilib verilməməsindən asılı olmayaraq bölgələrdən verilən reaksiya xüsusilə maraq doğurur. Onu da bildirək ki, daxil olan məlumata görə, 19 yanvar aksiyasında Bakıdan kənar rayonların hər birindən nə qədər şəxs iştirak etdiyi ayrıca təhlil olunub. Məsələn, ilk sıralarda yer alan rayonlardan birinin Salyan rayonu olduğu ortaya çıxmışdı. Yerdə vətəndaşların narazılıqlarını həll etmək, onları dinləmək əvəzinə yenə də problemin üstünü komik üsullarla pərdələdilər və illərlə general rütbəsi daşıyan, bu gün ölkənin Ali Qanunverici orqanında təmsil olunan, Salyan deputatı Əliağa Hüseynov demişdi ki, “Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Mən bir general kimi deyirəm ki, Salyanda müxalifət yoxdur, hamı cənab Prezidentin siyasətini dəstəkləyir. Salyan camaatı həmin adamları özləri döyüb qovurlar”. Mitinqdə Salyan rayonundan olan etirazçıların çoxluğu hakimiyyətə nə qədər zərbədirsə, olaya bu təfəkkürlə yanaşmaq ikiqat zərbədir. Ancaq ortada başqa örnək də var. Məsələn, cumhuriyyet.az-a daxil olan məlumata görə mitinqdə sakinləri minimal şəkildə iştirak edən rayonlar da var ki, bu sırada Quba və İsmayıllı rayonları xüsusi seçilir. Bu heç də adı çəkilən rayonların paytaxtdan uzaqda yerləşməsi ilə bağlı deyil. Çünki məlumata görə hər iki rayınla qonşu olan Xaçmaz və Göyçay rayonlarından mitinqdə iştirak göstəricisi yüksək olub. Demək məsələ məsafədə və bütün ölkə boyu narazılıqda deyil. Yerlərdə təyin olunan icra başçılarının idarəçiliyi və vətəndaşlarla ünsiyyəti mühüm rol oynayır. Bir vaxtlar ölkənin üsyan rayonu kimi tanınan İsmayıllıda icra başçısı Mirdamət Sadıqovun idarəçiliyi indiki məqamda buna örnəkdir. Bütün bunlar isə heç şübhəsiz yuxarı dairələrdə təhlil olunur. Narazılıqları əvvəlki kimi yönəldəcək müxalifət olmasa da, iqtidardakı düşünən başlar yaxşı anlayır ki, bu sakitlik günlərin birində elə bil kortəbii sosial partlayışla nəticələnə bilər ki, bunun fəsadları çox ağır olar. Maraqlıdır ki, 28 sentyabr mitinqi öncəsi də Salyan rayonunda ciddi aktivlik müşahidə olunur. Belə ki, artıq sosial şəbəkədə Salyan fəalları bununla bağlı anonslar verir. Bütün bunlar rayondakı vəziyyəti, icra başçısının idarəçiliyi haqda tam təəssürat yaradır. Əslində bundan əvvəl də Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovdan İsayevdən narazılığın pik həddə çatdığını göstərən faktorlar var idi. Məsələn hələ ilin əvvəlində Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində narazılıqların artdığı rayonlar arasında Salyanı xüsusi olaraq vurğulamışdı. Onun sözlərinə görə, dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, Salyanın da daxıl olduğu yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir və Salyan rayonu və adları çəkilən başqa rayonların icra hakimiyyətləri öz işlərini düzgün qura biulmədiklərindən, vətəndaşların dərdləri ilə maraqlanmadıqlarından yerlərdə narazılıqlar artır. Bu da Prezident İlham Əliyevin həyata keçirtdiyi kursla daban dabana ziddir. Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb. Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz. Onlara görə hökumətin başı ağrayır, altını iqtidar çəkir və tənqidlər yerli idarəçilərə yox, mərkəzə tuşlanır. Belə gedişatlardan biri və SOS siqnalı çalınan ünvan Salyan rayonudur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?