Göygölün icra başçısı Arif Seyidovun qoyun-quzu sürüsünün “yürüşü” görüntülənib
İcra başçısına məxsus olduğu deyilən mal-heyvanın videosu sosial şəbəkələrdə yayılıb.
Kadrda danışan yerli sakinin sözlərinə görə, videodakı ərazilər A.Seyidov tərəfindən zəbt olunub, otlaqlar onun fermer təsərrüfatına xidmət edir.
Sakinlər bildirirlər ki, örüş sahələrini ələ keçirən icra başçısının fəaliyyəti araşdırılmalıdır. Onun vəzifəsi İH rəhbəri olaraq yerli camaatın problemləri ilə maraqlanmaq, Göygöldə yerli idarəetmə strukturunun başında olmaqdır. Amma icra başçısı fermerə çevrilib, mal-heyvan saxlayır.
Gundemxeber.Az cahan.info-ya istinadən xəbər verir ki, Göygöl camaatı A.Seyidovun otlaqları “işğal” etdiyini bildirirlər. Bu azmış kimi, rayonda fermerlərin başına oyun açır, onlardan “haqq” alır.
Prezident onu icra başçısı təyin etməyib ki, otlaqları ələ keçirsin, mal-heyvan saxlasın. Dünyanın hansı ölkəsində əyalət başçısı məmur özünə hörmət qoymayıb qoyun-quzu təsərrüfatı açar?
A.Seyidov isə insanları o həddə çatdırıb, otlaqları özünküləşdirərək narazılıq yaradıb ki, artıq məsələ sosial şəbəkəyə çıxır, video kadrlar yayılır.
"Göygöl rayonunun icra hakimi Arif Seyidov məndən 10 min manat pul istədi. Pulum olmadı verməyə, torpağı başqa adama satdı. Anam, yoldaşım, qaynanamın hamısının yanında məni söydü" - Göygöl rayonu Hacıməlik qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev bir neçə il qabaq şikayətində belə demişdi. Yəni, bu, bir təsdiqdir.
Göygöl rayonu məmur tapdağı altında inildəyir. Ərazilər qarış-qarış satılıb, torpaqlar məmurlar arasında bölüşdürülüb.
Hara baxsan məmur villası, milyonçu evləri və hasarlamış ərazilərdir. Bu rayonun icra başçısı Arif Seyidov isə ömürlük Göygölə rəhbər təyin olunub.
Deyilənə görə, A.Seyidov Gəncənin keçmiş icra hakimi Elmar Vəliyevə böyük ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib
A.Seyidovun özünə məxsus isə Aşıqlı, Toğanalı, Hacıkənd, Mixaylovka kəndlərində evləri var. Şəhər bələdiyyəsi Mikayıl Hacıyev sayəsində Göygöldə bir qarış torpaq qalmayıb.
Mətbuatda gedən xəbərlərə görə, Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib. Sakinlər bildirirlər ki, Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir.
Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra Hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar.
Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir.
Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?