Prezident İlham Əliyevin son müşavirəsində səsləndirdiyi bir çox fikirlər, o cümlədən media ilə bağlı iradlar dünəndən başlayaraq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.
Həmçinin artıq sosial şəbəkələrdə müəyyən həştəqlərlə Prezidentin bu sözlərinin, əslində kimlərə ünvanlanması ilə bağlı ehtimallar səsləndirilir, müəyyən məmurların adları qeyd olunur.
"Turan" İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyev bu iradlar Prezidenr Administrasiyasında məsul şöbənin müdiri Əli Həsənova ünvanlanıb.
"Bu gün mediaya ancaq çirkli pullar axır. Bu, uzun illərdir, bu istiqamətdə aparılan media siyasətinin nəticəsidir.
Problem ondadır ki, onlar bu prosesə başlayanda Azərbaycanda sosial şəbəkələr çox zəif idi və elə bilirdilər ki, hər şeyi ələ almaqla istədiklərinə nail ola biləcək, istədiklərini təhqir edəcək, istədikləri böhtanları yayacaqlar və heç kəs də bunlara cavab verə bilməyəcək, çünki media da öz əllərindədir. Amma qəzetlər, telekanllar bağlansa da, sosial şəbəkələr, onlayn media inkişaf edir və mübarizə daha çox sosial şəbəkələrdə gedir", - deyə Mehman Əliyev qeyd edib.
"Əslində, Əli Həsənov çoxdan postundan göndərilməliydi, bilmirəm, onu bu vaxta qədər niyə saxlayıblar. Onu nəinki postundan göndərmək, məsuliyyətə cəlb etmək lazımdır ki, 1994-cü ildə Prezident Aparatına bir dəst paltarla gəlmiş Əli Həsənov, necə olub ki, multimilyonçuya çevrilib? Bu qədər sərvəti, media qurumları, binaları haradandır? Medianı məhv etmək, media bazarını öz əlinə keçirmək, bəhrələnmək və sair - hamısı onun siyasətidir. Ona görə də bütün bunların cavabı ondan ciddi şəkildə soruşulmalıdır. Həyat yoldaşının məhkəməsi gedir, ancaq hələ də Sona Vəliyeva məhkəmə qarşısına çıxmayıb”, - deyə M.Əliyev vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?