Hazırda Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Avrasiya Klinikasında müalicə olunan hüquq müdafiəçisi Oktay Gülalıyevin durumu ağır olaraq qalır.
Məlum olduğu kimi 29.10.2019-cu il tarixdə Oktay Gülalıyev Səməd Vurğun bağının yaxınlığında piyadalar üçün nəzərdə tutulmuş yoldan keçən zaman bir avtomobil onu vurub. Hadisəni əks etdirən videodan görünür ki, sürücü Oktay bəyi vurmamaq üçün sükanı sağa və ya sola döndərə, həmçinin ayağını əyləcə basıb maşını saxlaya bilərdi. Ancaq sürücü Oktay bəyi vurana qədər bunların heç birindən istifadə etmir. Yəni bütün bunlar hadisənin təsadüf nəticəsində deyil, qəsdən olduğuna dair əsaslı şübhələr yaradır. Sürücünün Oktay bəyi vurandan sonra sərbəst hərəkət etməsi biraz da şübhələri artırır.
Fakt üzrə AR CM-in 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılır. Oktay Gülalıyevin avtomobillə vurulmasına görə AR CM-in 263.1-ci maddəsi ilə başlanmış cinayət işi o demək deyil ki, iş məhkəməyə həmin maddə üzrə göndəriləcək. Yəni, istintaq müddətində həmin maddə ilə başlayan cinayət işi başqa bir maddəyə tövsif oluna bilər. Əgər sürücünün hüquq müdafiəçisi Oktay Gülalıyevi qəsdən vurduğu sübut olunacaqsa, o zaman ona daha ağır ittiham irəli sürüləcək. Bütün hallarda biz istintaqın nəticəsini gözləməliyik.
Oktay Gülalıyev kimdir? O, peşəkar hüquq müdafiəçisi olmaqla ölkədə insan haqlarının qorunmasında fədakar mövqeyi ilə seçilib. Oktay Gülalıyev hüquqları tapdanan insanların daim yanında olub. O, ən mərd və cəsur hüquq müfafiəçisidir. Sadə, qayğıkeş bir insan olan Oktay Gülalıyevə minlərlə insanların bəslədiyi rəğbətin nəticəsidir ki, onun adı gündəmdən düşmür. Ona tezliklə sağalmaq və tutduğu haqq-ədalət yolunda mübarizəsini davam etdirməyi arzulayıram. Allah bu ağır durumunda nəzərini Oktay Gülalıyevin üzərindən çəkməsin!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?