Bildiyiniz kimi, 29 oktyabr saat 17.20 radələrində Bakı şəhərində 28 may küçəsi ilə Puşkin küçəsinin kəsişməsində tanınmış hüquq müdafiəçisi, ictimai-siyasi xadim Oktay bəy Gülalıyev avtomobillə vurulub və ona ölümcül bədən xəsarəti yetirilib. Oktay bəy cərrahi əməliyyat olunub, sınmış kəllə sümüyü götürülüb, beyinə toplanmış qan kütləsi təmizlənib, hazırda neyrocərrahiyyə xəstəxanasının reanimasiya şöbəsində II dərəcəli koma vəziyyətində süni nəfəs aparatına qoşulu haldadır. Dualarımız onunladır, Allah yardımçısı olsun...
Oktay bəyin vurulma anının videosundan aydın görünür ki, sürücü sola dönərkən piyada keçidində saxlayıb piyadalara yol verməli olduğu halda, saxlamır və ya Oktay bəyin qarşısında görünən piyada keçidinin daha geniş hissəsindən manevr etmək imkanı olduğu halda, etmir və avtomobili tam sürətlə Oqtay bəyin üzərinə sürür.
Bu görüntünü izləyən hər kəsdə, o cümlədən, Oktay bəyin ailə üzvlərində, yaxın qohumlarında, həmkarlarında və böyük ictimai fikirdə hadisənin adi yol qəzası yox, terror effekti yaratmaq məqsədilə törədilmiş sui-qəsd olması barədə qənaət formalaşıb.
Artıq bir həftədir ki, sosial şəbəkələrdə, internet media resurslarında bu barədə yazılır, tələblər irəli sürülür ki, müvafiq dövlət orqanları Oktay bəyi vuran avtomobilin Nizami küçəsindəki hərəkətini əks etdirən video-görüntünü ictimaiyyətə təqdim etsin. Lakin müvafiq dövlət orqanları bu tələbə məhəl qoymur və nəticədə bilinmir ki, həmin avtomobil təbii intensiv hərəkətdə olub, yoxsa Oqtay bəyi izləyib və ya yolun kənarında dayanmış vəziyyətdə olub və hansısa komanda əsasında hərəkətə başlayaraq, Oqtay bəyin üzərinə sürərək, sui-qəsd aktını həyata keçirib?!
Həmçinin müvafiq dövlət orqanları texniki imkanlardan istifadə edərək, avtomobilin Oktay Gülalıyevi vuran andakı görüntüsünü irəli çəkərək böyüdülmüş halda ictimaiyyətə təqdim etməlidir ki, ictimaiyyət sürücünün həmin anda telefonla danışıb-danışmadığının və ya düz irəli baxıb-baxmadığının, yəni Oktay bəyi görə-görə qəsdən üstünə sürdüyünün və ya başqa yerə baxdığı halda qəza törətdiyinin şahidi olsun.
Dövlət orqanları yuxarıda qeyd edilən halları ictimaiyyət üçün açıqlamadığı halda, bu hadisə "müvafiq qurumların terror effektinə hesablanmış siyasi sifarişli sui-qəsdi" ehtimalının sübutedici fakta çevrilməsini və bütün məsuliyyətin hakimiyyətin üzərində qalmasını qaçılmaz edəcək !
Qeyd edilməlidir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi qaldırılması və sürücünün ən yüngül maddə ilə ittiham olunması da hadisənin sui-qəsd olması ehtimalını daha da artırır... Baxın: xəsarət alan şəxsin kəllə sümyü sınaraq beyini əzib, hazırda kəllə qapağı götürülmüş və koma halındadır – ölümlə əlləşir, istintaq orqanı isə ona 263.1-ci maddə ilə cinayət i.i qaldırır (?)
Görün, həmin maddədə nə deyilir:
"263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."
"Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda" ifadəsinə fikir verdinizmi? Bu hansı anlama gəlir? Milçəkdən fil düzəldən istintaq orqanı bu hadisədə nədən CM-nin ən yüngül maddəsini seçib? Xeyir ola, humanistləşibmi? Bu, hadisənin siyasi sifariş olması ehtimalını gücləndirmirmi?..
Diqqətə çatdırım ki, hadisənin sui-qəsd ehtimalı ilə əlaqədar digər detalları üzrə ictimai araşdırma aparılır və faktlar təsdiqini tapdığı halda ictimaiyyətə açıqlanacaq!
DOSTLARDAN XAHİŞİM: Bu statusu paylaşın ki, müvafiq hakimiyyət orqanlarının diqqətinə çatdırılma imkanı reallaşsın və əgər sifarişli sui-qəsd deyilsə, hadisənin yuxarıda qeyd edilən detallarını ictimaiyyətə təqdim etsin...! Videonu izləmək üçün linkə daxil olun:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?