Bu günlərdə Gundemxeber.az saytının elektron poçtuna Gədəbəy rayonu, Arqıran kənd sakini, şəhid anasıYunisova Qənirə Həsrət qızının,ürəkyanğısı ilə yazdığışikayət ərizəsi daxil olub.
Adı çəkilən xanım yazmış olduğu ərizəsində qeyd edir ki, “Mən ağbirçək anayam və 1974-cü il təvəllüdlü övladım Yunisov Seyfəddin Ağasəf oğlunun itgisi, bu gün də ürəyimi “parça-parça edir”. Seyfəddin Yunisov 1994-cü ilin 20 aprel gecəsində Ağdərə rayonunun Sərsəng su anbarı uğrunda gedən döyüş əməliyyatları zamanı rəhbərlik tərəfindən verilmiş kəşfiyyat tapşırığını yerinə yetirərkən, doqquz nəfər kəşfiyyatçı yoldaşı ilə birlikdə mühasirəyə düşür və həmin gün də şəhid olur. Övlad itgisi valideyin üçün nə qədər ağrılı-acılı olsa da, Seyfəddinin Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmasıbu gün də mənə bir təsəlli olur. Nə etmək olar! Əgər Vətən müqəddəsdirsə, hər kəs üçün əzizdirsə, o halda hər kəs onun uğrunda canından keçməyə hazır olmalıdır. Odur ki, mən övladımın şəhid olmasını, bir növ özüm üçün qürurverici addım hesab edirəm. Seyfəddin şəhid oldu və o, ölümü ilə şəhidliyin zirvəsinə ucaldı. Bu gün hər bir şəhid ailəsi, ölkə rəhbəri başda olmaqla dövlət-hakimiyyət orqanlarının diqqətdə saxladığı ailələrdir.
Bəli, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman, hər an yerli vəzifə sahiblərinəşəhid ailəsi üzvlərinə qarşı diqqətcil olmağı, onların üz-üzə qaldıqları problemlərin zamanında həll olunmasını, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını və s. hər bir vəzifə sahibinə ciddi tapşırıq olaraq verir. Düzdür, möhtərəm Prezident vəzifə sahiblərinə bu yöndə lazımi tapşırığını verir. Buna baxmayaraq, yerlərdə vəzifə sahibi olan bəzi şəxslər isə, verilmiş tapşırığı yerinə yetirmək əvəzinə, bu gün də “minbir oyun”dan çıxırlar. Məsələn, biz şəhid ailəsi olaraq illər öncə Şəmkir rayonunun “Kraz yolu” adlanan ərazisində torpaq sahəsi aldıq və şəxsi vəsaitimizlə birmərtəbəli fərdi yaşayış evi tikdirdik. İnşa etdirdiyimiz evin sağ və sol hissəsində bir neçə qonşumuz var və onların hər biri mavi qazla, elektrik enerjisi ilə təmin olunublar. Elə ki, bir neçə gün bundan öncə Şəmkir rayon Qaz İstismarı idarəsinə müraciət edib,inşa etdirdiyimiz fərdi yaşayış evinə sayğac quraşdırılmasını xahiş etdik, o halda adı çəkilən qurumun əməkdaşları minbir bəhanə danışdılar və görəcəkləri işin müqabilində bizdən rüşvət tələb etdilər. Onlara şəhid ailəsi olduğumuzu bildirsək də, ölkə rəhbəri cənab İlham Əliyevin şəhid ailəsi üzvlərinə qarşı ortaya qoyduğu yanaşmanın varlığını bir dahaqurum əməkdaşlarının diqqətinə çatdırsaq da, Şəmkir rayon Qaz İstismarı idarəsinin əməkdaşları, bu gün də inadkarlıq edib israr etdikləri mövqedən geri çəkilmirlər. Qarşıdan soyuq qış günləri gəlir. Buna baxmayaraq, adı çəkilən qurumun əməkdaşları heç bir halda bizim vəziyyətimizi nəzərə almırlar. Əgər biz onların istədikləri rüşvəti verəriksə, o halda ortada heç bir bəhanə olmayacaq. Bu da onu söyləməyə əsas verir ki, Şəmkir rayon Qaz İstismarı idarəsinin əməkdaşları nə şəhid ruhuna, nə də ki, ölkə rəhbəri cənab İlham Əliyevin vermiş olduğu tapşırığa hörmət qoymurlar”.
Bəli, şəhid anası Yunisova Qənirə Həsrət qızının ürəkyanğısı ilə yazdığı şikayət ərizəsini nəzərdən keçirib, problemin mahiyyəti ilə maraqlandıqda o da bəlli oldu ki, şəhid adı Şəmkir rayon Qaz İstismarı idarəsinin əməkdaşlarına yad olan bir anlayışdır. Əgər bu belə deyilsə, o halda onlar Ağdərə rayonunun Sərsəng su anbarı uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş Yunisov Seyfəddin Ağasəf oğlunun ruhuna hörmət edib, ən azından həmin ailəyə öz köməkliklərini göstərərdilər. Deməli, ....
Düşünürük ki, məqalənin dərcindən sonra Şəmkir rayon Qaz İstismarı idarəsinin rəhbərliyi problemin mahiyyəti ilə daha yaxından tanış olacaq və şəhid ailəsini naümid qoymayacaq. Odur ki, həm gözləyək, həm də izləyək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?