Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün artıq 41 841 nəfər müraciət edib, onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb.
Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Məlumatda deyilir ki, seçkilərdə iştirak edənlərin 27 249 nəfəri fərdi qaydada müraciət edib. 14 564 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən keçirilir. Cari ildə keçiriləcək seçkilər sayca 4-cü olacaq. Ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi: Seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün dəyişikliklər həyata keçirilməyib Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin bələdiyyə seçkilərinə hazırlıq və seçki öncəsi ictimai-siyasi mühitlə bağlı mövqe sənədində deyilir ki, bələdiyyə seçkiləri ərəfəsində azad və ədalətli seçki mühiti üçün zəruri olan əsas hüquq və azadlıqlar məhdudlaşdırılıb, seçki təcrübəsi və seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün dəyişikliklər həyata keçirilməyib.
Bələdiyyə seçkiləri ərəfəsində azad və ədalətli seçki mühiti üçün zəruri olan əsas hüquq və azadlıqlar məhdudlaşdırılıb, seçki təcrübəsi və seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün dəyişikliklər həyata keçirilməyib. SMDTM-nin mövqe sənədindən sitat
“SMDT növbəti seçkilərin azad, ədalətli və rəqabətli şəraitdə keçməsi üçün aşağıdakı tədbirlərin qısa müddətli zaman üçün icrasını tövsiyə edir: Müstəqil namizədlər və müxalif partiyaları təmsil edən namizədlərin qeydiyyatına müdaxilələr yaradılmasın, rəqabətli seçki mühitinin formalaşması üçün siyasi iradə nümayiş etdirilsin, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər aradan qaldırılsın, namizədlərin seçicilərlə görüşləri və mitinqləri üçün zəruri şərait təmin edilsin, siyasi partiyalar, vətəndaş cəmiyyətlərinin normal fəaliyyətinə mane olan hallar aradan qaldırılsın, ictimai-siyasi fəallara qarşı təzyiqlərə son qoyulsun, siyasi məhbuslar azadlığa buraxılsın, ölkə televiziyalarında müxalif fikrə qoyulan qadağa aradan qaldırılsın, hər kəsin öz düşüncəsini televiziyalarda ifadə edilməsinə şərait yaradılsın, televiziyalar yalnız hakim partiyanın təbliğat vasitəsinə çevrilməsin."
Tövsiyə sənədində həmçinin Avropa Məhkəməsinin seçki hüququnun pozuntusu ilə bağlı qərarlarının icra edilməsinə, eyni pozuntuların bir daha təkrarlanmaması üçün AŞ NK-nin bu qərarlarla bağlı tələb və tövsiyələrinin icra edilmləsinə, seçki pozuntuları ilə bağlı gələn şikayətlərin səmərəli araşdırılması üçün məhkəmələrə siyasi müdaxilə hallarının qarşısının alınmasına və şikayətlərin ədalətli qaydada araşdırılmasına, məhkəmələrdə seçki hüquqlarının pozulması üzrə şikayətlər araşdırılarkən Avropa İnsan Hüquqları Məhkəməsinin seçki pozuntuları ilə bağlı qəbul etdiyi qərarlara və seçki hüququ ilə bağlı müəyyən etdiyi standartlara istinad edilməsinə çağırılır.
Nəsimi Məmmədli: Demokratik seçki mühitindən danışmaq mümkün deyil
Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib ki, bələdiyyələrin statusu kifayət qədər aşağıdır. Bu qurumun fəaliyyəti ölkədə ictimai-siyasi duruma təsir etmir və əhalinin sosial durumu ilə bağlı həra hansı müsbət dəyişikliyə gətirib çıxarmır.
O aparıcı müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirak etməməsinin obyektiv səbəblərinin oduğunu düşünür.
Nəinki qanunla tənzimlənən toplantılar, qanunla tənzimlənməyən toplantıların özünə belə polis müdaxilələri açıq şəkildə diqqət çəkir. Bu, xüsusilə rayonlarda özünü çox qabarıq şəkildə göstərir. Nəsimi Məmmədli, siyasi ekspert
“Partiya çərçivəsində namizədlər irəli sürüləndə çoxsaylı sənədlər tələb olunur. Bu sənədlərin toplanması, notarial qaydada təsdiqi çox uzun və yorucu bir prosedurdur. Başqa bir səbəb, müxalif patiyalar region səviyyəsində namizədlər irəli sürəndə həmin insanlar seçkilərdən sonra təzyiqlərlə üzləşir. Bu səbəbdən də partiya üzvləri yerlərdə özlərini yerli hakimiyyət orqanlarına tanıtmaqdan ehtiyat edirlər. Hətta seçki komissiyalarında iştirak edən, müşahidəçi olan müxalif mövqeli şəxslərə qarşı da təzyiqlər olur. Ona görə də müxalifət təşkilatları səlahiyyəti aşağı olan, ölkənin sosial-siyasi həyatında xüsuisi çəkisi olmayan qurumda iştirak edərək özləri üçün çətinliklər yaratmaq istəmirlər. Başqa bir tərəfdən isə bələdiyyələrə üzv olacaq şəxslərin siyahısı qabaqcadan hazır olur. O şəxslərin siyahısını yerli icra hakimiyyətləri qabaqcadan tərtib edir. Yerlərdə hamı qabaqcadan bilir ki, kim bələdiyyənin üzvü olacaq. Bu səbəblərdən ciddi müxalifət qurumlarının bələdiyyə seçkilərində iştirak etməməsini anlaşıqla qarşılamaq lazımdır.”
Ekspert seçki öncəsi mühitlə bağlı danışarkən deyib ki, `ölkədə sanki elan edilməmiş bir fövqəladə vəziyyət yaradılıb`.
“Faktiki olaraq siyasi münasibətlərlə bağlı məsələləri Yeni Azərbaycan Partiyası deyil, hüquq mühafizə orqanları həyata keçirir. Çox anormal bir yanaşmadır ki, sanki YAP öz funksionallığını itirib və bu missiya polis orqanlarına həvalə edilib. Belə bir şəraitdə ölkədə hansısa bir normal seçki mühitindən dasnışmaq mümkün deyil. İfadə azadlığı çox məhdudlaşdırılıb, söz və mətbuat azadlığı getdikcə aşağı duruma düşüb, bütün beynəlxalq hesabatlarda qeyri-azad ölkə kimi xarakterizə olunur. Sərbəst toplaşmaq, demək olar ki, tamamilə qadağan edilib. Nəinki qanunla tənzimlənən toplantılar, qanunla tənzimlənməyən toplantıların özünə belə polis müdaxilələri açıq şəkildə diqqət çəkir. Bu, xüsusilə rayonlarda özünü çox qabarıq şəkildə göstərir. Belə bir şəraitdə hansısa bir demokratik seçki mühitindən danışmaq mümkün deyil.”
Mehman Hüseynov: Blogerliklə idarəetmədə iştirakı birləşdirib, ortaya gözəl bir iş qoymaq olar
Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində fərdi qaydada iştirak edir və namizədliyini irəli sürüb.
O 2017-ci ildə böhtan ittihamı ilə həbs olunaraq iki il məhbus həyatı yaşayıb. Hüseynov Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib, özü isə həbsinin ifadə azadlığının məhdudlaşdırılması məqsədi daşıdığını bildirib. Blogerin həbsi yüksək vəzifəli şəxslərin mülkləri barədə geniş rezonansa səbəb olan videoları yaymasından sonraya təsadüf edib.
İndi düşünürəm ki, niyə vətəndaşların problemlərinin həllində özüm iştirak etməyim? Ona görə də qərara gəldim ki, bələdiyyə seçkilərinə gedim.
O Amerikanın Səsin bildirib ki, əvvəllər də öz kamerası ilə xalqa xidmət edib.
“Problemləri kameram ilə çəkib ictimailəşdirirəm. Qismən də olsa problemlərin həlli üçün nə isə edirəm. İndi düşünürəm ki, niyə vətəndaşların problemlərinin həllində özüm iştirak etməyim? Ona görə də qərara gəldim ki, bələdiyyə seçkilərinə gedim. Blogerliklə idarəetmədə iştirakı birləşdirib, ortaya gözəl bir iş qoymaq olar,“ o qeyd edib.
Nurəddin Məmmədli: Seçkiyə getmək siyasi cinayətdir
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərində iştirak etmir.
Partiyanın Aili Məclisnin sədri Nurəddin Məmmədli Amerikanın Səsinə müsahibəsində deyib ki, Azərbaycanda demokratik və ədalətli seçki keçirmək üçün heç bir şərait yoxdur.
Nəticəsi əvvəlcədən məlum olan seçkidə iştirak etməyi AXCP qeyri-mümkün hesab edir. Nurəddin Məmmədli, AXCP Ali Məclisinin sədri
“Ölkədə hakimiyyətin iradəsinə tamamilə tabe olan bir seçki qanunu var. Xalqın iradəsini nəzərə almadan dəfələrlə düzəlişlər edilmiş antidemokratik bir seçki qanunu mövcuddur. Bütün seçki komissiyaları, - Mərkəzi Seçki Komissiyasından tutmuş məntəqə seçki komissiyalarınadək, - tamamilə hakimiyyətin iradəsinə tabedir. Eyni zmanada bu gün seçkiyə qarşı nəinki bir nihilizm, hətta deyərdim ki, nifrət doğuracaq səviyədə bir antipatiya var. Yəni, xalq dəfələrlə seçki prosesində iştirak etdiyi halda onun iradəsinə hörmət edilmədiyinə görə, artıq, bu seçki oyunlarından təngə gəlib. Ona görə də bu gün faktiki olaraq siyasi partiyaların seçki prosesinə qoşulması Azərbaycan xalqını növbəti dəfə öz iradəsinə zidd olaraq öz məğluniyyəti ilə barışdırmaq cəhdidir. Yəni, partiya seçkiyə gedəndə xalqa müəyyən vədlər verir, - `mənə səs verin, sizin iradənizi ifadə edim`. Belə bir şərait yoxdursa xalqı seçkiyə çağırıb, bu oyunlara qoşmaq və seçkininn taleyini bilə-bilə xalqı növbəti dəfə aldatmağın heç bir mənası yoxdur. Bu bizim imicimizə, xalq içərisində olan nüfusumuza ciddi zərbə ola bilər. Ona görə də nəticəsi əvvəlcədən məlum olan seçkidə iştirak etməyi AXCP qeyri-mümkün hesab edir. Təsəvvür edin, bir ölkədə seçkiyə bilavasitə nəzarət edən beynəlxalq orqan olan ATƏT-in müşahidə missiyası seçkinin 57 fazi saxtalaşdılmasını ifadə edirsə, o ölkədə seçkiyə getmək nəinki xalqı aldatmaq, eyni zamanda siyasi cinayətdir,” AXCP Ali Məclisinin sədri qeyd edib.
Natiq Cəfərli: Şüarlarımızdan biri `seçkili mer` tələbi olacaq
Müxalifətdə olan ReAL Partiyası bələdiyyə seçkilərində iştirak edir.
Partiyanın icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, partiya üzvlərinə qeydiyyat üçün sənədlərini təqdim etmələri barədə müraciət edib.
Əsas hədəfimiz, yerli idarəetmə institutunun önəmini insanlara izah etməkdir. Natiq Cəfərli, ReAL Partiyasının icra katibi
“Yaxın bir həftədə namizədlərin qeydiyyatı bitəcək və nə qədər namizədimzin olacağı müəyyənləşəcək. Təşviqat dönəmində namizədlərlə paralel olaraq, bizim əsas hədəfimiz, yerli idarəetmə institutunun önəmini insanlara izah etməkdir. Şüarlarımızdan biri `seçkili mer` tələbi olacaq. Hesab edirik ki, yerli idarəetmənin doğru-düzgün qurulması və seçkili mer institutunun yaradılmasının Azərbaycanda idarəetmənin formulasının və fəlsəfəsinin dəyişməsində mühüm rol oynayacaq. Əsas hədəfimiz Bakı və digər böyük şəhərlərdə seçkili mer institutunun təsis edilməsi ilə bağlı insanların məlumatlandırılması, disskusiyaların aparılması və məsələnin yenidən diqqət mərkəzinə gətirilməsi olacaq,” Cəfərli qeyd edib.
Məzahir Pənahov: Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə görmürük Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə görmürük.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri elan edilərkən bildirib.
Onun fikrincə, seçkilərin keçirilməsi sahəsində Azərbaycanın geniş təcrübəsi var.
Seçkilərin keçirilməsi sahəsində Azərbaycanın geniş təcrübəsi var.
“Bələdiyyə seçkiləri ilə bağlı bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata kerçiriləcək. Seçkilərlə bağlı bütün əhəmiyyətli məqamlar KİV tərəfindən cəmiyyətə çatdırılır,” Trend agentliyi MSK sədrinə istindən qeyd edib.
Eyni zamanda, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə azad, ədalətli və demokratik seçki mühitinin yaradıldığını bildirir. Rəsmi Bakı bütün seçkilərin xalqın iradəsini əks etdirdiyini bəyan edir.=
Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri izləyən müşahidə missiyaları indiyədək keçirilən bütün seçkilərin beynəlxalq standartlara uyğun olmadığını öz bəyanatlarında əks etdirib. Avropa Şurasının Venesiya Komissiyası da Azərbaycana bələdiyyələrlə bağlı çoxsaylı tövsiyələr verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?