Hər şantajçının cavabı vaxtında verilmədikcə, özlərini hər kəsdən ağıllı hesab edirlər. Belə ki, Mirşahin Ağayev özünəməxsus ''REAL''ıqda şantaj xarakterli fikirləri ilə Elçibəy hakimiyyətinə böhtan atmaqdan çəkinməyib və ağlına gələni ağzından buraxıb. Onun yalanlarını faktlarla ifşa edən mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oktay Qasımovun yazısını olduğu kimi GundemXeber.Az-ın oxucularına təqdim edirik:
"01 dekabr "Mirşahinin vaxtı"nda Əbülfəz Elçibəyin 1992-ci ildə Ostankino televiziyasına verdiyi müsahibədən fraqmentlər yayınlayaraq prezidentin Azərbaycanın müstəqilliyinə baxışını şübhə altına almağa cəhd edildi. Əks təbliğat məqsədi güdən verlişdə, bir xeyli təhriflərə yol verildi. Bu baxımdan bəzi məqamlara aydınlıq gətirilməsinə ehtiyac yarandı: Əvvəla Mirşahinin qeyd etdiyi kimi müsahibə Elçibəyin prezidentliyinin 100-cü günündə deyil, fəaliyyətə başlamasının 18-ci günündə-1992-ci ilin 5 iyulunda baş tutub .O zamankı Rusiyanın aparıcı media qurumlarının rəhbərlərinin iştirak ilə təşkil edilən bu müsahibənin məqsədi AXC sədri Əbülfəz Elçibəyin formalaşdırmağa çalışılan Rusiya əleyhidarı obrazının aradan qaldırılması, tanıdılması, dövlətlərarası münasibətlər və əməkdaşlıqla bağlı Rusiya cəmiyyətinə yönəlik mesajların verilməsi idi. Təşkilindəki nöqsanlar xaric müsahibədə iki ölkə arasındakı münasibətlərə aydınlıq gətirildi və prezidentin bu münasibətlərin inkişafında maraqlı olduğu açıq şəkildə ifadə olundu. Azərbaycan-İran, Azərbaycan-Rusiya sərhədlərinin mühafizəsi ilə bağlı səslənən fikirləri başqa yerə yozmaq cəhdinə cavabı rəsmi tarixlərlə vermək daha doğru olardı.
Qeyd etməliyəm ki, Elçibəy prezidentliyə başladığı dövrdə İranla sərhəd Rusiya (sovet) sərhədçiləri tərəfindən qorunurdu və müştərk mühafizə fikri də buna görə səsləndi. Müəyyən xətalarına baxmayaraq Dövlət Sərhəd ximətinin saytında yerləşdirilmiş 1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər olan dövrünü əhatə edən məlumatlar rəsmi cavab xarakteri daşıyır: "1991-ci ilin dekabr ayının 16-da Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.
1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Xüsusilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. DSMK-nın qarşısında duran ən böyük vəzifə keçmiş Sovet hərbçilərinin tabeliyində olan hərbi hissələrin və sərhəd dəstələrinin təhvil alınması idi. Keçmiş SSRİ Sərhəd Qoşunlarının Bakı şəhərində yerləşən Əməliyyat Döyüş Şöbəsi, eləcə də hərbi hissələrin rəhbərləri isə bu prosesi uzatmağa, təxribatlar törətməyə çalışırdılar. DSMK-nın maddi-texniki bazasının yaradılmasında mühüm rol oynayan, silah-sursat və digər lazımi hərbi ləvazimatlarla dolu hərbi anbarların ələ keçirilməsi əsas məsələ kimi qarşıda dururdu. Həm də oğurluq, hərbi sursatın və əmlakın sovet sərhədçiləri tərəfindən talan edilməsi adi hal almışdı. Buna görə də hərbi anbarların ələ keçirilməsi zəruri idi və milli sərhədçilərimiz 1992-ci ilin iyul ayının 26-da əsl fədakarlıq göstərərək bu vacib hərbi obyekti öz tabeçiliklərinə keçirməyə nail oldular.
Sovet sərhədçilərinin milli qüvvələrlə əvəz edilməsi prosesindən aqressivləşən, əldə edilmiş sazişi pozaraq hərbi texnikanı, silah-sursatı çıxarmağa çalışan sovet sərhədçiləri şimala doğru üz tutdular. Bu istiqamətdə nəzarəti gücləndirmək zərurəti meydana çıxdı və DSMK 1992-ci ilin iyun ayının 13-də "Yalama" ƏNBM-in fəaliyyətə başlaması haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd qoşunlarımızın əsgərləri Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxdılar
Təhvil alınmış hərbi hissələri şəxsi heyətlə komplektləşdirmək, eləcə də təhvil alınan sərhəd dəstələrini hazırlıqlı əsgərlərlə təmin etmək üçün Neftçala Təlim Bazasının Sərhəd Qoşunlarının tabeçiliyinə keçməsinin böyük əhəmiyyəti var idi. 1992-ci ilin iyul ayının 8-də təlim bazası çətinliklə də olsa təhvil alındı və burada milli sərhədçilərimizin hazırlanmasına başlanıldı.
Cənub sərhədlərində xidmət edən keçmiş SSRİ sərhədçiləri könülsüz xidmət aparır, qaçaqmalçılıq və sərhədpozma halları baş alıb gedirdi. Belə bir şəraitdə Azərbaycan sərhədçiləri cənub sərhədlərini təcili surətdə öz nəzarətlərinə götürməli idilər. Məhz buna görə də DSMK birtərəfli qaydada 1992-ci ilin avqust ayının 1-də Lənkəran Sərhəd Dəstəsinin, avqust ayının 9-da isə Göytəpə Sərhəd Dəstəsinin yaradıldığını elan etdi. DSMK-nın atdığı bu məqsədyönlü addımları keçmiş SSRİ sərhədçilərinin rəhbərliyi çox narahatlıqla qarşılayır, hər vasitə ilə daxili pozucu qüvvələrin gücündən istifadə edib, artıq gedən prosesin qarşısını almağa çalışırdılar.
1992-ci ilin oktyabr ayından başlayaraq Hadrutda yerləşən Horadiz Sərhəd Dəstəsinin qəbulu məsələsi ön planda dururdu. Həmin ilin mart ayından başlayaraq sovet sərhədçiləri tərəfindən bu sərhəd dəstəsinə məxsus nə var idisə, hamısı ermənilərə təhvil verilmişdi. Odur ki, həmin sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə baş verə biləcək təxribatların qarşısını almaq üçün dövlət sərhədimizin bu sahəsi Azərbaycan sərhədçiləri tərəfindən tezliklə mühafizəyə götürülməli idi. Bir sıra çətinliklərə baxmayaraq 1992-ci ilin noyabr ayının 1-də Horadiz sərhəd dəstəsi də sərhədçilərimiz tərəfindən təhvil alındı.
Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsini təmin etmək məqsədilə 1992-ci ilin oktyabr ayının 6-da Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq 27 noyabr 1992-ci il tarixdə Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası Sərhəd Qoşunlarının ixtiyarına verildi.
Keçmiş sovet sərhədçilərinin Azərbaycan ərazisindən çıxarılması prosesi 1993-cü ilin aprel ayına qədər davam etdi. Həmin ilin aprel ayının 5-də Azərbaycan Respublikası ərazisində yerləşən sonuncu rabitə taborunun təhvil-təslimi başa çatdı və bununla da, sonuncu sovet sərhədçisi ölkəmizin ərazisini tərk etdi.
Bu da Mirşahinin Elçibəy İranla sərhəddi ruslar qoruyacaq, Rusiya ilə sərhəd olmayacaqdı təbliğatına rəsmi cavab sayıla bilər."
Sorğu
Yeni dizaynımız necədir?