Bazar ertəsi Azərbaycanda keçirilən seçkidə təxminən 15 min bələdiyyə üzvü yeri uğrunda 41 min 500-ə yaxın namizəd mübarizə aparır.
Seçki məntəqələrində səsverməni müşahidə edən BBC News Azərbaycancanın müxbirləri bildirirlər ki, ilk baxışdan nəzərə çarpan məsələ bəzi seçicilərin harda səsverməsini bilməməsi olub. Müxbirimiz Aygül Mehmanın sözlərinə görə, onun müşahidə apardığı 31 saylı Suraxanı II seçki dairəsi üzrə seçki məntəqələrində bəzi seçicilər ona hər zaman eyni məntəqədə səs verdikləri halda bu dəfə geri qaytarıldıqlarını deyiblər.
10 saylı Binəqədi seçki dairəsində də eyni hal müşahidə olunub, bir çox seçici harda səs verməli olmalarını bilməyib, onlar bununla bağlı bildiriş almadıqlarını deyiblər, müxbirimiz Günel Səfərova məlumat verir.
Seçki məntəqə rəhbərləri isə BBC News Azərbaycancaya seçicilərə doğru ünvan əks olunmuş bildiriş göndərildiyini, dislokasiyanı seçicilərin özlərinin səhv saldığını söyləyiblər.
Səsverməyə gələn seçicilər bələdiyyədən yolların təmir edilməsini, kommunal xidmətin yaxşılaşdırılmasını gözlədiklərini söyləyiblər.
Müxbirlərimiz bildirirlər ki, seçki məntəqələrində yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün "çip oxuyan" cihazlardan istifadə edilir.
Ölkə üzrə 1600-dən çox bələdiyyə var.
Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.
Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən keçirilir. Bu il keçiriləcək seçkilər sayca 5-ci olacaq.
Son dəfə bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?