İki gün əvvəl Kürdəmirin Xırdapay kəndindəki “Folklor Evi”ndə Yeni il şənliyi zamanı döşəmə çöküb, şagirdlər zirzəmiyə düşüblər. Nəticədə azyaşlı məktəblilər əzilib, bir neçəsi yüngül xəsarət alıb, biri isə ayağında sınıq şübhəsiylə xəstəxanaya aparılıb.
Gundemxeber.az xəbər verir ki, faktla bağlı AYNA-ya məlumat verən Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin (RİHMM) rəhbəri Lətafət Malikova bildirib ki, həmin binanın vəziyyəti yaxşı deyil: “Yenil il şənliyinin “Folklor Evi”ndə keçiriləcəyini eşidən Kürdəmir müəllimləri lap əvvəldən bunu etirazla qarşılayıb, binanın qəzalı vəziyyətdə olduğunu söyləyiblər. Rayonda büdcənun puluna tikilmiş Heydər Əliyev Mərkəzi, şəhər məktəblərinin böyük zalları olduğu halda, yararsız, uçmaq təhlükəsi olan binada niyə tədbir keçirsinlər? Hətta müəllimlər təklif ediblər ki, “məktəb zallarımız boşdur, hər məktəb şənliyi özü təşkil etsin”. Adı məlum olmayan təşkilatçılar isə cavabında deyiblər ki, “Rayon İcra Hakimiyyətindən o binanı məsləhət biliblər”. Hətta şənlik olan gün (26 dekabrda) müəllimlər bir daha həmin binanın qəzalı olduğunu dilə gətirib və şənliyinin məkanının dəyişməsi təklifini ediblər, heç bir fayda olmayıb”.
“Adi vətəndaşların, balaca uşaqların həyatı pul hərisi olan məmurların gözlərini kor edib, ürəklərini daşa döndərib. Şagirdlərin vəsaiti hesabına avtobus tutulub, hər sinifdən 10 şagird olmaqla 5 manatdan pul yığılaraq yararsız binada şənlik keçirilib. Biletlərlər də 5 manatdan satılıb. Bəlkə o bina 3 aydan sonra vaxtını bitirəcəkdi, pula həris olan məmurların sayəsində 3 gün davam gətirdi. Ölkə Prezidenti İlham Əliyev sonuncu çıxışında dedi ki, "Məmurlar, xalqdan qorxmursuz, Allahdan qorxun". Kürdəmir Rayon İcra Hakimiyyəti isə heç kimdən qorxmur. Qorxsaydılar, rayonda boş qalmış zallardan şənlik üçün istifadə edərdilər. Deməli, bu məmurlar üçün insan amili yoxdur. Xəsarət alan, ayağı sınan, sarsıntı keçirən uşaqların göz yaşları məmurlar üçün külək vıyıltısıdır. O uşaqların ah-naləsi məmurların vicdanını, görəsən oyadacaqmı?”, - Mərkəz rəhbəri vurğulayıb.
L.Malikovanın sözlərinə görə, o, xəsarət almış uşaqlardan birinin ailəsi ilə görüşüb, uşağı ziyarət edib: “Hadisə olandan sonra ailə uşağını dərhal xəstəxanaya aparıb, xərcini çəkib, iki gün keçsə də, hələ nə məktəbdən, nə təhsil idarəsindən, nə də icra hakimiyyətindən maraqlanan var”.
Ayağından zədə alan sözügedən şagirdin - Abukə Qənizadənin valideyni Natiq Qənizadə AYNA-ya açıqlamasında deyib ki, qızı Kürdəmir rayonu 3 saylı orta məktəbin 4-cü sinif şagirdidir: “Hadisə olan gün özümüz də şənlikdə idik. Uşaqlar oynadıqları zaman qəfil zalın döşəməsi çökdü və məktəblilər zirzəmiyə düşdülər, hamımız şoka düşdük, qorxduq ki, uşaqlara ciddi nə isə oldu. Dərhal uşaqlara kömək edib oradan çıxardıq, mənim qızım, o biri uşaqların onun üzərinə düşməsi nəticəsində xəsarət alıb. İki gündür, ayağı ağrıyır, bərk əzilib, bir müddət gəzə bilməyəcək, həkim sağalacaq desə də, hər halda biz ailəliklə gərginlik keçiririk. Əgər əvvəldən pul istəyirdilərsə, deyərdilər, pul verərdik, axı uşaqlarımızı niyə belə incidirlər, bu, nə vicdansızlıqdır?!”.
AYNA əməkdaşı, baş verənlərlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1-ci müavini Tacəddin Novruzovla əlaqə saxlayıb. O, əvvəlcə qərəzli və kobud davranış sərgiləyib. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunu xatırlatdıqdan sonra, Tacəddin müəllim özünü ələ ala bilib, amma də deyilənləri inkar edib.
“Elə bir söhbət yoxdur, elə bir hadisə olmayıb. Boş-boş söhbətlərdir, şantajdır”, - RİH rəsmisi bildirib.
“Əlimizdə fotolar, faktlar var, zədə almış uşaqlar ortadadır, buna nə deyirsiz, gərək ölüm ola?” sözləri qarşılığında isə Tacəddin Novruzov daha da hiddətlənərək, “yazın, rəsmi də cavab verim, bizə böhtan atırlar”, - cavabını verib.
İndi bu məsələdə maraqlı olan başçı müavininin yersiz qıçıqlanması, “böhtan” sözünü dəfələrlə işlətməsidir. Axı, ortada şayiə yox, fakt var. Jurnalist faktın yoxlanması məqsədilə sual verirsə, bunu ya təsdiq, ya da inkar edirlər. Hirslənmək niyə?
Görünür, Tacəddin müəllim İcra Hakimiyyətinin rəsmi səhifəsindəki tərifnamə xəbərlərə öyrəşib, irad eşitməyə dözümsüzdür. Həm də bu davranış “icra hakimiyyətlərinin monitorinqi” vəlvələsindən də doğa bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?