"Əgər seçmək lazım gəlsəydi qəzetlərsiz hökumət olsun, ya hökumətsiz qəzetlər, mən tərəddüd etmədən ikincini seçərdim"
Tomas Cefferson. ABŞ-in 3-cü prezidenti.
Müdriklərin dediyinə görə əgər bir millətin mədəniyyətini öyrənmək istəyirsənsə ilk növbədə onun yolundan keç. Əgər bir millətin xarakterini bilmək istəyirsənsə onun mətbuatını oxu. Birinci haqqqında bu gün iftixar hissi ilə danışmaq üçün kifayət qədər sözümüz varsa, təəssüflə qeyd etməliyik ki, ikinci haqqında nəinki danışmaq belə olmur, hətta sözün bitdiyi yerdəyik. Ölkədə çıxan bütün qəzet və jurnalların səviyyəsi bir yana qalsın, ümumi tirajı sovet dövründə çap olunan bir rayon qəzetinin tirajına bərabər olmaz. Bilirəm ki, fikrimin alternativi də var. Mənə irad tuta bilərlər ki, həyat dinamik inkişafdadır. Kağız mətbuatı operativ informasiya təminatında rəqabətə dözümsüzdür. Ölkəmizdə operativliyi ilə seçilən kifayət qədər elektron informasiya vasitəsi, saytlar, radio və televiziyalar fəaliyyət göstərir. Ürəyi istəyən şəxs hətta internet televiziyası açıb, müstəqil fəaliyyət göstərə biər. Əslində bu belədir də. Xub… Mən bunu heç də inkar etmək fikrində deyiləm. Hətta fakta amin deyirəm. Amma, əmması olmasa. Məsələ də elə bu ammaya çox yaxın olan əmmanın başındadır.
Gəlin, sizinlə birlikdə bu gün elektron mətbuatın ən kütləvisi sayılan və respublikamızda fəaliyyət göstərən televiziyalara ötəri bir nəzər salaq. Ümumi mənzərəni öyrənmək üçün çox da uzağa getmək lazım deyil. Kifayət edər ki, ətarfınızda olan adamlara respublikamızda fəaliyyət göstərən kanallardan hansına baxırsan sualını unvanlayasan və baxdıqları verlişlərin adını soruşasan. Alınan cavablar ya, “heç baxmıram”, yaxud da hava haqqında məlumata, ya da “xəbərlər proqramına baxıram”, deyəcəklər. Burada bir-iki şou xarakterli verliş istisnalıq təşkil edə bilər.Təbii ki, bu da respondentin dünya görüşündən, elmi və mədəni potensialının hansı səviyyədə olmasından asılı olan məsələdir. Biz burada “Xəbərlər”i xüsusi vurğuladıq. Onu da deyim ki, biz “xəbərlər” deyəndə rəsmi xəbərləri, ölkə prezidentinin verdiyi sərəncamları və imzaladığı fərmanları, ölkədə gedən dəyişikliklərlə bağlı olan məsələləri nəzərdə tuturuq. Əslinə qalsa, bu sahədə olan nöqsanlar heç də digər proqramlardan az deyil. İstədiyi məlumatı ala bilməyən tamaşaçı və dinləyici alternativ vasitə axtarışında olur. Beləliklə, o üz tutur xarici kəşfiyyat orqanlarının məqsədli şəkildə maliyyələşdirdiyi və məqsədli şəkildə dezinformasiya yayan xarici mənbələrə. Təəssüflə deməliyəm ki, bu gün ölkəmizdə fəaliyyət göstərən əksər televiziyalar internet üzərindən yayımlanan elektron kütləvi informasiya vasitələri ilə rəqabətə davamsızdırlar. İnformasiyaların operativliyi və dəqiqliyi baxımından onlara uduzurlar. Bunun da əsas səbəblərindən biri əksər televiziyalarda işləyən kadrların peşəkarlığının, eləcə də elmi potensialının zəif olması, savadsız və təcürbəsiz insanların televiziyalara cəmləşməsidir. Dediklərimin sübutu üçün cəmi bircə fakt. Bu günlərdə ölkənin “ən baxımlı” kanalı olan, faktiki olaraq reklam bazarına tam sahiblənmiş Xəzər TV-nin səhər proqramı olan “Hər şey daxil”ın hər şeyə girişən aparıcısı Tarix Əliyev efirə zəng etmiş tamaşaçıya sual verir, tamaşaçı sualı cavablandırır. Aparıcı isə verdiyi sualın cavabını özü bilmədiyi üçün verilən cavabın da doğru və ya yanlış olduğunu bilmir və tamaşaçıya da dəqiq bir söz deyə bilmir. Məlum olur ki, verlişin radaktoru da bu sualın cavabını bilmir. Efirdə arzuolunmaz duruma düşən aparıcı əlacsız qalaraq hansısa dosta zəng edir. Bu fakt onu göstərir ki, ölkənin efir məkanı tam nəzarətsidir. Özbaşınalıq baş alıb gedir. Təkcə dilimizə, düşüncəmizə deyil, mənəviyyatımıza ağır zərbə vurulur. Fahişəlik, əxalqsızlıq, az qala milli ideologiya kimi təbliğ edilir. Verlişlərə ekspert kimi cəlb olunmuş adamların bir çoxu öz peşəsində ən uğursuz “sənət” adamları, 3-4 ər dəyişmiş müğənnilərdir. İfadəyə görə oxuculardan üzür istəyirəm, bətnindəki uşağının atasının kimliyi özünə də bəlli olmayan “müğənni” efirdən millətə milli əxlaqdan, mənəviyyatdan dərs keçir. Oğlu narkomanlıq üstə həbs olunmuş ata ekspert qismində millətin qarşısında əxlaqi dəyərlər mövzusunda “artistlik” edir. Günün mənzərəsi belədir: Təbii ki, bütün bunlar həmin sahəyə nəzarət etməli olan MTRŞ-nın qəbahəti, bütövlükdə bu qurumun öz funksiyasını yerinə yetirməməsindən irəli gələn amillərdir. Ürək ağrısı ilə deməliyəm ki, bu gün ölkəmizin nəinki sərhədyanı rayonlarında, hətta bəzi mərkəzi rayonlarımızda belə erməni və gürcü kanalları hökmrandır. Azərbaycan televiziyaları və radiolarının siqnalları isə demək olar ki, həmin ərazilərə çatmır. Halbuki “Televiziya və radio haqqında”Azərbaycan Respublikası qanununa görə ölkə ərazisinin ən azı 98 faizindən çoxunda yayımlanmayan TV və radioların lizensiyası dərhal ləğv edilməlidir. Bəs nədən indiyə kimi MTRŞ tərəfindən nümunə üçün ümumrespublika yayımçısı olan bir TV-nin və ya bir radionun lisenziyası ləğv edilməyib? Qanun demişkən, Azərbaycan Respublkasının Prezidentinın 5 oktyabr 2002-ci il trixli 795 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Milli Televiziya və Radio Şurasının Əsasnaməsi”nin 12 bəndinə əsasən “pedoqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olanlar Şura üzvü ola bilməzlər”. İndi görün, el arasında Əli Həsənovun “tələbə klubu” kimi tanınan və əksəriyyəti Prezidentin sabiq köməkçisi Əli Həsənovun tələbə yoldaşlarından ibarət MTRŞ kimlərdən ibarətdir. Onlardan biri 2007-2018-ci ilərdə Şura sədri Nuşirəvan Məhərrəmlinin müavini kimi məvacib alan, bu müddətdə bir dəfə də olsun onun üçün ayrılmış iş otağının qapısını belə açmayan Sona Vəliyevadır. Əli Həsənovun həyat yoldaşı olan Sona Vəliyevanın böyük bir biznes şəbəkəsi olduğunu bu ölkədə sahibsiz pişiklər də bilir. Ə. Həsənovun “Metallom Mamed” kimi ad çıxaran, dənizdəki estakadaları, istismar müddəti başa çatmış metal qurğuları, su və qaz xətlərinin borularını, neft buruqlarını doğrayıb satmaqla məşğul olan, vergidən yayınmaq məqsədi ilə tez –tez şirkətinin fəaliyyətini “dayandırıb” başqa adlar altında fəaliyyət göstərən dayısı oğlu işbaz Məmməd Cəfərov da 2005-ci ildən bu günə kimi MTRŞ-nın şura üzvüdür. Ə.Həsənov çoxşaxəli sahibkarlıq fəaliyyəti ilə məşğul olan, vergilərdən yayınmaq məqsədi ilə min bir fırıldağa əl atan S.Vəliyevanın və M. Cəfərovun Şura üzvlüyünə təyinatını necə reallaşdırıb? Xeyli vaxdır ki, “Kaspi” litseyinin filiallarından birinin fəaliyyəti məhkəmə orqanları tərəfindən araşdırılır. Digər filiallar, bağçalar, “Xətai” klinikası da yoxlanılmalıdır. O zaman S.Vəliyevanın cinayətinin əhatə dairəsi və dərəcəsi tam aydın olacaq. “Kaspi” təhsil mərkəzinə rəhbərlik edənlərin hansı yuvanın quşu olduğunu göstərən daha bir fakt: İki il öncə Lahıc qəsəbə orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal toplayaraq Bakı Ali Neft məktəbinə daxil olub. Sona Vəliyeva öz adamını və Xəzər TV-nin çəkiliş qrupunu Lahıca göndərərək həmin gəncə və onun valideyinlərinə rüşvət təklif ediblər ki, V. Cəbrayılov efir vasitəsi ilə bildirsin ki, o, guya “Kaspi” litseyini bitirib. Vahab və valideyinləri isə bununla razılaşmayaraq onları qapıdan qovub. Ə.Həsənovun oğlu Şamxal da gənc olmasına baxmayaraq geniş fırıldaq, mənimsəmə, sui-istifadə və qanun pozuntuları içərisindədir. Görəsən, o, ABŞ-da təhsil alarkən nə edib ki, Ə.Həsənov ABŞ-dakı leqal və qeyri-leqal kanallarını işə salaraq onu çətinliklə oradan qaçıra bilib? O, Bakıda İdarəçilik Akademiyasından da çıxaraq “Xəzər” Universitetinə keçib. Hələ tələbə ikən atasının tabeçiliyində olan idarə və təşkilatlara ayaq açıb. Ölkə prezidentinin 2011 və 2013-cü illərdə teleserialların çəkilişi məqsədi ilə ayırdığı pulların xeyli hissəsi məhz Şamxala çatıb. Guya ki, ATV kanalının sifarişi ilə C.Cabbarlının “Aydın” pyesi əsasında “Aydın” teleserialını çəkməli idi. Amma film üzə çıxmadı. İndi də iki telekanalı (Xəzər və Dalğa TV ) və üç radionu (Xəzər, Araz və Radio qrup-keçmiş Burç FM) fırladır. Atasının birbaşa “qayğısı” sayəsində Azərbaycanın reklam resurslarının 75-80 % -i məhz “Xəzər TV-yə, daha doğrusu Həsənovlar ailəsinin cibinə gedir. Söhbət ölkə prezidentinin teleseriallar üçün ayırdığı vəsaitdən düşmüşkən, o pulun daha bir hissəsini Ə. Həsənov və N.Məhərrəmov “Xəzər TV”-yə ötürməklə həzmi-rabedən keçirdilər. Guya ki, onların adamının rəhbərlik etdiyi “Trem” prodakşın Xəzər TV üçün “Əli və Nino” filmi çəkməli idi. Halbuki, o dönəmdə hörmətli Leyla xanımın təşəbbüsü və dəstəyi ilə “Əli və Nino” çəkildi. ”Xəzər” TV-nin “Əli və Nino”su isə hələ də üzə çıxmayıb. Çox qəribə bir mənzərədir. Əgər bu gün kimsə xəstəxana açmaq istəsə, mütləq orada çalışan insanların peşələri, ixtisası və təcürbəsinin nəzərə alınması şərt olur. Və ya bir təhsil müəssisəsi yaradılası olsa mütləq orada çalışanların pedaqoji fəaliyyəti, ixtisası, savadı, biliyi, bacarığı dəqiq araşdırılıb sonra fəaliyyət üçün lisenziya verilir. Bəs nədən bu günə kimi televiziyalarda çalışanların kimliyini araşdıran yoxdur?!. Mən televiziya tanıyıram ki, orada “dişə vurulası” bir peşəkar kadr yoxdur. Elə bu özbaşınalığın nəticəsidir ki, həyatlarını televiziyalara həsr etmiş illərin peşəkarları bu gün kənarda qalıblar. Bu səbəbdən də əksər televiziyalar təcürbəsiz və əxlaqdan kəm, mənəviyyatla qonşuluğu belə olmayan adamların ixtiyarına verilib. Bilirəm, yenə deyəcəksiniz ki, özəl televiziyalardır, sahibkarlığın bu növü ilə məşğul olurlar. Xub… Anladım. Bəs onda sahibkar deyilən şəxs vergi verməməlidir? Sahibkar hesabı, kitabı bəlli olmayan efirdə gedən bu qədər reklamın pulunu mənimsəməlidir? Təəssüf edirəm ki, televiziya və radiolarda gedən reklamların uçotuna nəzarət edən yoxdur. Bu sahədə hərə özünə bazar açıb. Məsələn, “Xətai” klinikasının və “Kaspi” litseyinin davamlı olaraq bütün telekanallarda gedən reklamlarının pulunu ödəyən varmı? Əgər ödənilirsə, hansı kriteriyalar əsasında ödənilir ? Belə olan halda Nuşirəvan Məhərrəmli hər dəfə əlinə mikrafon alan kimi deyir ki, Azərbaycanda reklam bazarı zəifdir. Bu, büsbütün absurd fikirdir. Necə olur ki, iqtisadi imkanları baxımından Azərbaycandan qat-qat aşağı olan ölkələrdə reklam var, bizdə yox? Reklam demişkən, bir müddət öncə telekanallarda “Spermagen” adlanan bir dərman peraparatının reklamı gedirdi. Milli mənəvi dəyərlərə ziddi olduğu üçün bu peraparatın reklamı bir ara bütün telekanallardan yığıldı. Amma “Xəzər” TV həmin reklamı verməkdə davam etdi. Ə. Həsənov əvvəllər Rza İbadova məxsus valyuta dəyişmə məntəqəsini işlədən tələbə yoldaşı Aslan Xəlilovu da ilk gündən Teleradio Şurasına üzv edib. Televiziyaya, ümumiyyətlə jurnalistikaya əsla aidiyyatı olmayan bir adama prezidentin jurnalistlər üçün tikdirdiyi evdən üç otaq verib. Ə. Həsənov jurnalistlər üçün tikilmiş II binadan isə Teleradio Şurasının “zavxoz”una, Nuşiravan Məhərrəmlinin yerlisi Rəfael Qaraşova da üç otaqlı mənzil verdi. Üstəlik “zavxoz”a “Tərəqqi” medalı da verildi. İndi görün, Ə.Həsənov vəzifədən necə sui-istifadə edib. Cənab Ə. Həsənov, yadındadırmı, Teleradio Şurası Xoşqədəmin “Səni axtarıram” layihəsini ATV-də birbaşa sənin tapşırığınla bağladı. Xoşqədəm həmin layihə ilə ANS-ə getdi. Teleradio Şurası yenidən həmin layihəni dayandırdı. Bütün bunlardan sonra sənin oğlunun rəhbərlik etdiyi “Xəzər TV” Xoşqədəmə qucaq açdı. O isə ATV və ANS-də eləmədiklərini də “Xəzər TV”-də ortaya qoydu. Bu nə yanaşmadır? Başqalarına olmur, sənə və oğluna olur?! Yadınızdadırmı, qudanız Səttar Mehbalıyev bir Qarabağ əlilinin mülkünü mənimsəyərək özününküləşdirmişdi. O da S. Mehbalıyevin iş yerinin qarşısında özünü yandırdı. Mirşahin ANS-in efirində bu hadisə ilə bağlı sərt ifadələr işlətdi. Amma sayənizdə bütünlüklə Azərbaycan mediası buna susdu, belə bir ciddi olaya münasibət bildirmədi. Siz isə Mirşahin və ANS-dən fürsət düşən kimi qisas aldınız, ANS bağlandı. Siz bax, bu dərəcədə qisasçı bir məmur oldunuz. Gedənin arxasına danışmağın, yıxılana balta vurmağın yaxşı əlamət olmadığını gözəl bilirəm. Məsələ burasındadır ki, bu ğun gedənlərin sayı tək Əli Həsənovla bitmir. Ölkədə aparılan geniş miqyaslı kadr islahatı nəticəsində belə sürpürüzlərin hələ çox olacağına da şübhə etmirəm.Və hər gedənin arxasınca susmaq, hər gələn üçün eyni səhvi təkrar etmək üçün münbüt şərait yaratmaq demək deyilmi? Və yaxud bu gün həyatımızın bir hissəsi olan sosial şəbəkələrdə Əli Həsənovun əməlləri ilə bağlı tüğyan edən tufanı görüb gedənin heç də əməli saleh şəxs olmadığını anlamaq çoxmu çətindir? Bu gün baş verənlərə biganə qalmaq, əsl vətəndaş mövqeyi sərgiləməməyin özü belə Ə. Həsənovun bərbad hala gətirmiş olduğu Azərbaycan mediasına arxadan vurulan zərbə olmazmı? Belə bir zərbəni oturduğu stola, ona vəzifə etibar etmiş olan prezidentinə, Azərbaycan xalqının inamına və bu inamdan, etibardan sui-istifadə edib özünə səltənət quran Əli Həsənov vurubsa, biz niyə susmalıyıq? Artıq neçə aylardır ki, Azərbaycan cəmiyyəti müxtəlif kanallarla intensiv şəkildə Əli Həsənovdan, onun və ailə üzvlərinin xəyanətindən və əməllərindən yazır. Görünür, hələ cəmiyyətə bəlli olmayan hərəkətləri aşkara çıxdıqca onun barəsində daha çox yazacaqlar. Belə yerdə deyiblər ki, özü yıxılan ağlamasın gərək. Əli Həsənov işdən çıxarılma səbəbinin öz xahişi ilə olduğunu iddia edir... Çox ağıllısan, cənab Həsənov. Yəni, bunu da başa düşmürsənmi ki, öz xahişi ilə işdən çıxanlar, hörmətlə, izzətlə, hətta ordenlərlə təltif olunaraq yola salınır. Bunu bütün respublika ictimaiyyəti görür və nəticə çıxarır. Bu gün Əli Həsənov vəzifədən gedibsə bəlaları qalmaqdadır. Bu bəlalardan biri fəaliyyətinin nədən ibarət olduğu bilinməyən MTRŞ adlı lazımsız qurum və onun rəhbəri Nuşirəvan Məhərrəmlidir. Daha bir lazımsız qurum Vüqar Səfərlinin qazanc yeri olan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondudur. Heyif, dövlətin neçə illərdir ki, həmin qurumlara davamlı olaraq ayırdığı o pullara! Böyük mütəfəkkir Mark Alverin belə bir kəlamı var: “Həyatınızın gedişini dəyişmək istəyirsinisə, düşüncələrinizi dəyişdirin!” Düşüncəsini, iş prinsipini dəyişə bilməyənlərin isə özlərini dəyişmək gərəkdir. Bu, günümüzün tələbidir.
Sorğu
Yeni dizaynımız necədir?