Sirus Təbrizlinin “YAP diaqnozu” doğrulanır Yeni Azərbaycan Partiyasını (YAP ) qurucularından olan Sirus Təbrizlinin “simasız quldurlar partiyası” adlandırması getdikcə daha çox doğrulanır.
Özəlliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yapçı icra başçılarının quldur simalarını ifşa etməsi mərhum yazarın “diaqnoz”unun dəqiqliyini göstərir. Bircə “diaqnoz”dan qırağaçıxma quldurların simalarında müəyyən mübahisələr doğurur. Məsələn, Ağsu sakinlərinə (seyid) simalı quldurun başçılığı altında 12 il muzdurluq etmək nəsib olub. Əhalinin örüş torpaqlarını belə satan, yüzlərlə hektar torpaq sahəsini ələ keçirən “peyğəmbərin quldur övladının” tamahı o qədər “qudurub” ki, dədə-bəbəsının uyuduğu qəbristanlığı da qonşu kəndin icra nümayəndəsinə satıb. Hazırda yeddi aydır görəvindən alınan başçı quldurluq yolu ilə ələ keçirdiyi göldə balıq yetişdirməklə məşğuldur. Necə deyərlər, onun gölü var, gölündə qayıqları, balıqları, örnəkləri üzür! Gölü qoruyanlar qıraq şəxsləri gölə yaxın da qoymurlar. Bəs yeni başçı bu 7 ayda əhalini bir qırağa qoyaq, özünə bir gün ağlaya bilibmi? Hələ ki, rayon sakinləri ağ günə çıxmaqdan uzaqdırlar. Başçı şəhidinə-əlilinə baxmadan haqqını tələb edənləri damlatdırır. Köhnənin “çekisti” olması, deyəsən, DTX -nı bu rayondan “perik salıb”. Qəribə mənzərədir, indi hamı DTX -nın qara maskalı oğlanlarını quldur icra hakimiyyətlərinin zülmündən qurtaran ağ atlı oğlan(lar) kimi görür, Ağsu RİH başçısı isə əhalini qara maskalılarla cəzalandırır ! Hələ də şəhid oğlunun da saxlanıldığı bildirilən olaya hüquqi qiymət verilməyib. Yeri gəlmişkən, rayonun Pirhəsənli kəndində kənd sakini olmayan, kənd məktəbində oxumayan, faciəli şəkildə dünyasını dəyişən 13 yaşlı uşağa biri yol qırağında, o biri məktəb həyətində 2 “xatirə bulağı” inşa edilib. Nə Təhsil Nazirliyi və rayon təhsil şöbəsi, nə də Prezident Administrasiyası Ağsu RİH -in bu “səxavət bulağı”nın gözünü bağlamağa göstəriş verib . Şəhid-əlil ailəsinin torpağını vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirən icra hakimiyyəti və bələdiyyə orqanlarının , təhsil, məktəb rəhbərliyinin bu “vətənpərvərlik” eşqi neçəyə başa gəlib , görəsən? Deyəsən, torpaq -uğrunda ölənin vətəni yox, ona arxa çevrənin alver obyekti olub axı! Ağsu sakinlərinin də gözü yoldadır, qara maskalı oğlan(lar)ın gəlişini gözləyirlər. Bəlkə onda onlar da icra hakimiyyəti orqanlarının ələ keçirdiyi torpaqlarının yiyələri ola bildilər. Hələliksə, Ağsu göllərində icra başçısının balıqları üzür! ?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?