Astara gömrük-keçid məntəqəsinin önündə olan mağazaların əksəriyyəti bağlıdır. İndi əvvəlki kimi qələbəlik yoxdur. Mağaza sahiblərindən biri deyir ki, “İranın qapıları bağlı olduğundan burada alış-veriş də azalıb”: “Bu mağazalarda əsasən İrandan gətirilən mallar satılırdı. Gediş-gəliş yoxdur, mal da yoxdur. 2-3 mağaza var ki, işləyir. Onların da azca ərzaqları qalıb. O tükənəndən sonra bağlanar. Yaxınlıqda yerləşən mərkəzi xəstəxanada da karantindir. Müştəri yoxdur. Rayonun digər yerlərində ticarət xidməti göstərən supermarketlər var, alış-verişə həmin markertlərə gedirlər.”
Astara şəhər sakini Asən Həşimlinin deməsinə görə, İranla qapıların bağlanması bir tərəfdən yaxşıdır: “Deyirdilər ki, İranın qapıları bağlansa sərhədyanı ərazidə yaşayanlar ərzaq qıtlığı ilə üzləşə bilərlər. Göründüyü kimi, bu hal müşahidə olunmur. Tərəvəzi də İrandan gətirirdilər. İndi özləri əkmək məcburiyyətində qalacaqlar. Karantin qaydalarına o qədər də əməl olunmur.”
Şəhər mərkəzində dizenfeksiya işləri aparılırdı, inzibati binaların ətrafı dərmanlanırdı.
Supermarketlərdən birinin sahibinin sözlərinə görə, problemlər var: “Karantinə görə vergi və sosial ödəmələri nəzərə alaraq 600 manata yaxın pul almışam. İki işçimizin hər birinə 250 manat yardım edilib. Hesablarına köçürülüb, ancaq bankdan ala bilməyiblər. Orda böyük növbə var. Mal çox az gəlir. Gələndə də pulunu istəyirlər. Əvvəllər belə idi ki, satırdıq, pulunu verirdik. İndi o yoxdur. Mallar azalır. Demək olar ki, on adda mal tükənib, yoxdur. Belə getsə problem yaranacaq.”
Kapital Bank-ın Astara fillialın qarşısında yüzlərlə sakin toplaşıb. Orada necə deyərlər, “ağız deyəni qulaq eşitmir”. Polislər orada toplaşanları sıraya düzmək istəyirlər. Sakinlərin birinin dediyinə görə, 4 gündür ki, gəlib-gedir.
“Kimin tanışı var içəriyə keçir. Məcbur olub onlayın qaydada növbəyə durdum. Gəlib polisə dedim ki, Kapital Bank-ın mərkəzi ofisindən mesaj var. Filan saatda bankların filiallarının birində pulunu ala bilərsən. 100 mindən çox əhalisi olan Astara rayonunda cəmi bir bankın fillialı fəaliyyət göstərir. Oraya müraciət etdim. Qəbul etmədilər. Bank işçisi dedi ki, ümumi növbəyə dur. Mən kiçik sahibkarlıqla məşğul oluram. Mənə SMS gəlib ki, get bankdan 250 manatı al. Ala bilmirəm. Buraya toplaşanların çoxu 190 manat (işsizlər-red) almaq istəynlərdir.”
Bu şikayətə bank rəhbərliyindən münasibət almaq cəhdimiz isə nəticə vermədi.
Rayonda kənd təsərrüfatı məhsulları satan bir satıcının sözlərinə görə, qiymətlərdə ciddi artım olmasa da alıcılıq aşağıdır: “Keçən il bu vaxtları pomidor, xiyar 50-60 qəpiyə idi. İrandan gətirilirdi. İndi daxili istehsalın ümidinə qalmışıq. Son günlər xiyarı yerli istehsalçılardan alırıq, 1 kilosu 1 manat 50 qəpiyədir. Yəqin qiymətlər yenə düşər. İndi “ salafan” altında yetşidirilərn məhsulu bazara çıxardırlar. Açıq sahədə hələ yetişməyib. Sarımsağın 1 kilosu 2 manatadır, Masallıdan gəlir. Kələm Ağsudan gəlir, 1 kilosu 70 qəpikdir.Yerli kartof çıxıb.1 manat da var, 2 manata da. Ötən ilki kartof da satılır. Quş dəni, mal yemini alan azdır. Alıcılıq aşağıdır. Ərzaq məhsulu satan mağazaların vəziyyəti yaxşıdır.Yerli camaat İranda bazarlıq edirdi, indi yerli mağazalara üz tutublar”
Ərzaq məhsulları satan mağazada isə iddia edirlər ki, gəlirləri azalıb. Sahibkarın vurğulamasına görə, hamı məhsulu nisyə alır: “Nisyə dəftərdə yer yoxdur.Vermirsən, inciyirlər.Birinin 1500 manata yaxın borcu var idi, gözlənilmədən rəhmətə getdi. Pulunu övladlarından tələb edə bilmədim, üzüm gəlmədi.Ürəkacan deyil.Camaat xəstəliyin hayında deyil. Dolanışıq uğrunda mübarizə gedir.190 manatı hər adam ala bilmir.Alan da borcunu ödəyir. Pul bir gün də əlində qalmır.”
Rayonun mərkəzi bazarı açıq idi. Burda da satıcılar alıcıların azlığından şikayyət edirdilər. Deyirlər ki,bazara girən, kartof alır, bir də soğan.
Qeyd edək ki, Azərbaycanla İran arasında gediş-gəliş koronavirusla bağlı fevralın 29-da dayanıb.
Azərbaycan hökuməti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, sahibkarlıq və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədi ilə 3,5 milyard manatlıq paket elan edib. Həmin istiqamətdə görülən tdbirlərdən biri də işsizlərə verilən ( aprel, may aylarıüçün verilir) 190 manatlıq yardımdır. Bundan başqa sahibkarlıq subyektlərinə də müəyyən dəstək verilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?