Göyçayın Çərəkə kənd sakini Əhmədov Əli Şakir oğlu Prezident İlham Əliyevə və I vitse-Prezident Mehriban Əliyevaya müraciət edib.
Gundemxeber.Az reportyor.info-ya istinadla xəbər verir ki, o, dörd uşaq atasıdır, heç yerdən gəliri yoxdur. Evi qəzalı vəziyyətdə olan Ə.Əhmədovun sözlərinə görə, Göyçay Rayon İcra Hakimiyyətindən baxış keçirilib, həyət qazdırılıb. İH-dən Əhmədovlar ailəsinə bildirilib ki, Mehriban Əliyevaya şikayət etməyin, bizə töhmət gəlir, məsələ həll olunacaq. Aldadıldığını bildirən kənd sakini deyir ki, indiyə qədər heç bir iş görülməyib, onları yola veriblər. Ə.Əhmədov qeyd edir ki, Göyçay İH onlara “Kimə istəyirsiniz, şikayət edin” deyib. Atası Ağdam döyüşlərində yaralanmış qazi oğlunun sözlərinə görə, anası da böyrək xəstəsidir, heç yerdən qazanc yoxdur. “Mənim bir hektar yararsız torpağım var. Qapımda köhnə maşınım, qoca inəyim var. O maşını uşaqlar yeməyəcək ki? Heç sürücülük vəsiqəm də yoxdur. Göyçay icra hakimiyyətinə gedirəm, bizi qovurlar. Memar İntiqam Süleymanov hər dəfə məni hədələyir. Hara məktub yazıramsa, heç bir kömək yoxdur. Bizə hər dəfə deyilir ki, maşının var. Maşını sata bilmirik, metalloma yaramır, inəyimin də qiyməti 200 manat edir. Evim uçur, başımıza tökülür, 8 baş külfət bu vəziyyətdə yaşayırıq. Mən fəhləlik edirəm, o pulla sürünürük. Belə olmaz axı?!” Ə.Əhmədovun sözlərinə görə, 1958-ci ildə tikilən evdir, qəzalı haldadır: “Bizə qazdırdılar ki, guya təzəsini tikirik. Amma aldatdılar, heç bir köməklik olunmadı. İcra hakimiyyəti işçiləri deyirlər ki, gedin hara istəyirsiniz şikayət edin”. Ümidini hər yerdən üzən vətəndaş dövlətdən və Prezidentdən kömək istəyib. Dörd övladının həyatının təhlükədə olduğunu deyən ata M.Əliyevanın onların səsinə səs verməsini xahiş edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?