Jurnalistlərə vahid press kart verilməsi təklifi hələ də media camesində müzakirə edilməkdədir. Reportyor.info xatırladır ki, bu təkliflə Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış edib.
“Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmadığını müəyyən etmək mümkün deyil. Ona görə də, jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifi ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”, – deyə o bildirib. Əhməd İsmayılovun təklifi jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb. Müstəqil və müxalif medianın təmsilçiləri hesab edir ki, vahid press kart təklifi mətbuat azadlığına yönəlik addımdır. Onların fikrincə, vahid press kart əsasən hakimiyyətə yaxın media quruluşlarında çalışan jurnalistlərə veriləcək. Digər media nümayəndələrinin fəaliyyəti isə qanundan kənar hesab ediləcək. Bununla da müstəqil və müxalifə medianın faəliyyəti faktiki mümkün olmayacaq. Lakin Əhməd İsmayılovun təklifini dəstəkləməyənlər arasında hakimiyyətə yaxın media qurumları, yaxud iqtidarla hər hansı problemi olmayan KİV-lərin də nümayəndələri var. Bu kateqoriyaya aid olanların fikrincə, jurnalistlərə vahid press kart verilməsi mətbuatın inzibati amirlik üsulları ilə idarə olunmasından başqa bir şey deyil. Onsuz da Azərbaycan reallığında medianın fəaliyyətinə bu və ya digər formada müdaxilələr olunur. İndi bunu legitimləşdirmək vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Ölkədə islahatların getdiyi, korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dönəmdə media proseslərə böyük töhvə verə bilər. Hər halda məmurların korruppsiya əməliyyatları, topdağıtmaz sərvəti və digər neqativ hallar media vasitəsilə işıqlandırılır. Yəni, dövlət idarəetməsində şəffaflığın təmin olunması üçün medianın sərbəst fəaliyyəti mühüm amildir. Belə faktları da adətən heç bir məmura, dövlət qurumuna, siyasi qrupa bağlı olmayan media nümayəndələri işıqlandırılır. Vahid press kart onların faəliyyətini əngələyəcəksə, deməli, bu təklifin medianın inkifaşına hər hansı töhvə verəcəyindən danışmağa dəyməz. Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, mətbuata şərait yaratmaq, azad mühiti təmin etmək hökumətin vəzifəsi olsa da, jurnalistləri qeydiyyata almaq və onları sistemli şəkildə bir vəsiqəyə tabe etmək hökumətin vəzifəsi deyil: “Çünki jurnalistika, media hökumətə nəzarəti həyata keçirir. Hökumət jurnalistlərin fəaliyyətinə müdaxilə edə, kimin jurnalist olduğunu, kimin isə olmadığını müəyyən edə bilməz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?