Müsavat başqanı İsa Qəmbər avqustun 2-də “Media forum” saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının seçki günü ilə bağlı qərarına toxunub və müxalif qüvvələrin öhdəsinə düşən təxirəsalınmaz vəzifələrdən söz açıb. Mərkəzi Seçki Komissiyası avqustun 2-də prezident seçkisinin gününü elan edib. Seçki oktyabrın 9-da keçiriləcək.
Seçki Məcəlləsinə görə, prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Bu il Azərbaycanda prezident seçkisi oktyabrın 16-da keçirilməli idi. Oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçki günü dəyişib.
“Media forum”a açıqlamasında İsa Qəmbər deyib ki, hakimiyyət onsuz da az olan zamanı bir az da daraldıb: “Hakimiyyət seçki kampaniyasını məhdudlaşdırmağa çalışır. Bilirsiniz ki, əvvəlki qanunlarda seçki kampaniyası üçün dörd ay zaman ayrılırdı. Sonradan isə iki aya endirdilər. İndi isə seçki öncəsi dövrü daha bir həftə qısaltdılar. Təbii ki, bu bizi işimizi daha da sürətləndirməyə vadar edir.
Milli Şuranın vahid namizəd olan Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemini həll etməsi üçün zamana ehtiyac vardı. Müzakirələrdə bu problemlərin həlli uçun avqustun 15-nə kimi vaxt nəzərdə tutuldu. Amma MSK seçkini oktyabrın 9-na təyin etdi. Bu isə o deməkdir ki, seçki kampaniyası avqustun 9-dan başlanır. Yəni vaxt bir həftə də qısaldı. Bu səbəbdən də intensiv məsləhətləşmələrə və müzakirələrə ehtiyac var. Mən təklif edəcəm ki, şuranın növbəti sessiyası tez bir zamanda keçirilsin.
Orda təklif verəcəm ki, Rüstəm İbrahimbəyovun namizədliyi qalmaq şərti ilə digər bir intellektualı namizəd kimi müəyyənləşdirək və avqustun 9-da seçki kampaniyası başlanan kimi həmin namizədin irəli sürülməsi işləri ilə məşğul olmağa başlayaq. İnşallah, o zamana kimi Rüstəm İbrahimbəyov öz işlərini həll edərsə, Azərbaycana gələr və artıq vahid namizəd kimi onun üçün nə lazımdırsa edərik. Problem davam eləsə, mənim təklifim qəbul olunduğu halda, Milli Şuranın yenə də seçkidə vahid namizədi olacaq. Heç bir halda demokratik qüvvələrin seçkidən kənarda qalmasına yol vermək olmaz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?