Tamahının qurbanı olaraq keçən ilin iyul ayında vəzifəsindən uzaqlaşdırılan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun nəhayətsiz kapitala yiyələnməsində Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin xüsusi xidmətlərinin olduğunu hamı bilir. Bu barədə çox deyilib, çox yazılıb. Onların əlbir olaraq dövlət, bələdiyyə və ictimai mülkiyyətdə olan torpaqları satmaları, yaşıllıqları məhv etmələri, ayrılan maliyyə vəsaitlərini mənimsəmələri barədə dövrü mətbuatda xeyli informasiyalar gedib.
Nizami rayon İcra Hakimiyyətinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi tenderlərin nəticələri də çox vaxt gizlədilib, açıqlananda isə şəffaflığı həmişə şübhə doğurub. Belə ki, MKTB-nin nəqliyyat vasitələrinin cari təmirinin, onların ehtiyat hissələrinin, rayonun küçələrində istirahət parklarının yenidən qurulması və abadlıq işlərinin, rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının fasadının, dam örtüyünün və blokların təmiri işlərinin, rayon ərazisində bərk məişət tullantılarının daşınması üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin satınalma xərcləri həm “şişirdilib”, həm də qalib şirkətlərin (Nizamnamə kapitalları 10 manat olan MMC-lərin) lazımi maliyyə və texniki imkanlara malik olmadıqları, onların sözün həqiqi və hərfi mənasında udduqları satınalmaların çox vaxt vahid internet portalına düşmədiyi bəlirlənib.
İndi artıq rayon ərazisində satılası torpaq sahəsi də demək olar qalmayıb, az miqdar qalan yaşıllıqlar isə Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Odur ki, iştahını küsdürmək istəməyən Ramsin Abdullayev daha xırdaçı işdəycələrə əl atmaq məcburiyyətində qalıb. Bildiyimiz kimi, il yarımdan bir az artıq müddətdir ki, ilk dəfə paytaxtın Nərimanov rayonunda pilot layihə olaraq start verilən məişət tullantılarının yığılması, daşınması, çeşidlənməsinin müasir səviyyədə təşkili layihəsi sonradan genişləndirilərək Bakının digər rayonlarını da əhatə etdi. Lakin R.Abdullayevin zibilə də göz dikməsi bu mütərəqqi layihənin Nizami rayonu üçün “üzünün astarından baha” başa gəlməsinə səbəb olmuşdur. Belə ki, MKTB –nin məişət tullantılarının daşınması, çeşidlənməsi üzrə özünə tərəfdaş firma seçimində yenə də əsas söz sahibi Ramsin Abdullayev olmuşdur. Aşkar müşahidə olunmuşdur ki, zibili onun müqavilə bağladığı firmanın deyil, MKTB-nin özünün balansında olan yük maşınları daşıyır. Əvəzində isə firmanın maşınlarına artıq reyslər yazılaraq, hesabına külli miqdarda pul vəsaiti köçürülür. Sözsüz ki, həmin artıq vəsait sonradan nağdlaşdırılaraq mənimsənilir. Bu prosesin reallaşmasında əsas fiqurlardan olan MKTB maşın qarajının müdiri İsmayıl isə deyir ki, özü sadəcə “buyruq quludur”, nə edirsə, direktor edir.
Əvvəllər torpaq satışından, park və yaşıllıqların zəbti yolu ilə R.Abdullayevin varlanmasının səbəbkarları əhalinin orta təbəqəsinin nümayəndələri (fərdi ev və obyekt inşa edənlər) idisə, indi o, artıq aşağı təbəqənin adamlarını hədəfə almışdır. Zirzəmilərdə dır-deşik qalmayıb ki, Ramsin xəbərsiz olsun. Balkonlarda artırma edənlərə, podvalda qapı açmaq istəyənə MKTB direktoru sahədən asılı olaraq 2-3-5 min manat qiymət kəsib.
Qol qoyduğu bütün bu sadalanan qanunsuzluqlara baxmayaraq, R.Abdullayev məhrəm məclislərdə “yuxarıların” ünvanına gileylənməkdən belə çəkinmir. Deyir ki, guya daha işləmək mümkün deyil, pandemiya “moda düşəndən” yuxarı təşkilatlar Birliyin hesabına pul köçürmürlər. O, hətta Bakı ŞİH-nin Mənzil Kommunal Təsərrüfatı Departamenti rəhbərliyinin qarasına deyinməyi də unutmur ki, bəs hər şeyi, o cümlədən, koronavirusa qarşı dezinfeksiya məhlulları və ləvazimatlarını da özümüz alırıq.
“Özümüz alırıq” deyəndə yəqin ki, R.Abdullayev cibindən xərclədiyini nəzərdə tutur. Belə yerdə adama sual verərlər: Sənə nə düşüb ki, cibindən xərcləyəsən? Yaxud, yoxundusa, necə və hardan xərcləyirsən? Varındısa, hardan əldə etmisən?
İnanmaq istəyirik ki, yəqin, aidiyyəti qurumlar R.Abdullayevlə bağlı açıq qoyduğumuz bu suallara cavab tapmaqda bizə kömək edəcəklər.
P.S. Aprelin 4-də Baş prokurorluq məlumat yaydı ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunmuş, ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Ola bilsin ki, prokurorluğun Bakı ŞİH-də anti-korrupsiya tədbirləri digər vəzifəli şəxslərin də kürsülərini laxlatsın və o halda R.Abdullayevin arxasında duran şəxsin də kimliyi və acizliyi üzə çıxsın. Yaşayarıq, görərik!
P.S..Gələn sayımızda Ramsin müəllimin var dövləti və əmlakları barədə geniş məlumat verəcəyik /Deryaz.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?