Ermənistan tərəfi sərhədə Rusiya qoşunlarının gəlməsini bildirib. Gundemxeber.az məlumat verir ki, bu, Rusiyanın da ürəyincədir. Rusiya bu məsələni yumşaq siyasətlə həyata keçirmək niyyətindədir.
Yəni hər iki tərəfin razılığı əsasında. Ermənistan tərəfinin belə məlumat yaymasından sonra Rusiya xarici işlər naziri Lavrovla Azərbaycan xarici işlər naziri Bayramov arasında telefon danışığı olub. Görünən odur ki, danışıqlar müəyyən qədər axarında olmayıb. Nazirlərin danışığından sonra isə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Putin arasında da telefon danışığı baş tutub. Ekspert Elman Vəliyev deyir ki, Rusiya bölgədən təcrid olunması ilə üzləşməkdən nigarandır: “Ərdoğanın Qarabağa gəlməsi, iki tərəfli hərbi müqavilə bağlaması, həmçinin qərbin və Amerikanın da bölgədə yer almaq niyyəti Rusiyada narahatlıq hissi yaradıb. Qərb yönümlü Paşinyanın qalib gəlməsi və xalqın qərbə meyil etməsi də Rusiyadakı bu narahatlığı daha da artırır. Ona görə əl-ayağa düşüb. Hər iki tərəf arasındakı gərginliyin nizamlanmasını istəmir. Bəhanə kimi də Rusiya qüvvələri bölgədən çıxarsa, sabitlik pozulacaq, konflikt yenidən alovlanacaq deyə düşünüb diktə edir. Əlbəttə ki, bu Rusiyanın əlində saxladığı bir kartdır. Və vaxtı-vaxtında istifadə etməyə səy göstərir”. Ekspert hesab edir ki, telefon danışıqlarında sərhəd məsələsi, dəhliz məsələsi yer alıb: “Dəhlizin açılmasında Rusiya da maraqlıdır. Hesab edir ki, bu dəhlizin təhlükəsizliyini özü təmin etməlidir. Rusiya tərəfinə çox güzəştlər getmək gələcəkdə başağrısı ola bilər. Elə siyasət yeritmək lazımdır ki, sülhməramlılara ehtiyac qalmasın və Rusiya da bunu anlasın. Ehtimal edirəm ki, növbəti dəfə seçkilərdə qalib gələn Paşinyan Azərbaycan tərəfi ilə uzlaşmağa doğru addımlar atacaq”.
Sorğu
Yeni dizaynımız necədir?