“Mənim oğlum Səmədzadə Ənvər Ramiz oğlu 10 ildir Qobustan Qapalı Həbsxanasında cəza çəkir. O zaman Akif Çovdarovun dəstəsi onu narkotiklə şərləmişdi, heç bir günahı olmasa da, 13 il ağır cəzaya məhkum edilib. Hazırda oğlumun həyatına təhlükə yaranıb, onu incidir, ölümlə hədələyirlər”.
Gundemxeber.az bildirir ki, bunu “AzPolitika.info”-ya Gürcüstan vətəndaşı, Marneul rayon sakini, Bakıda kirayədə yaşayan Qənirə Səmədzadə bildirib.
Şikayətçi qeyd edir ki, Qobustan həbsxanasında nəzarətçi işləyən Ravil Məmmədov onun oğlu ilə konfliktdədir: “Ənvəri dəfələrlə döyüblər, son vaxtlar təzyiqlər, təhdidlər daha da güclənib. Oğlumu hədələyir ki, səni buradan sağ çıxmağa qoymayacağam. Bilmirəm, nə istəyir, dərdi nədir”.
Q.Səmədzadə bildirib ki, iyulun 21-də oğluna işgəncə vermək üçün kameradan çıxarıb aparıblar, amma rəislərdən biri xəbər tutub, imkan verməyib: “Həmin gün onu ailəsi ilə telefonla danışmağa qoymayıb. Qorxuram ki, həmin nəzarətçi Ənvərin həyatına qəsd edər. Mən sizin sayt vasitəsi ilə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə çatdırmaq istəyirəm ki, oğlumu ölümlə təhdid edən nəzarətçi Ravil Məmmədov barəsində tədbir görsünlər. Bu ölkədə qanunlar hakimdir, hansısa bir nəzarətçiyə məhkumları istədiyi vaxt döyüb, işgəncə vermək, ölümlə təhdid etmək səlahiyyəti verilməyib. Xahiş edirəm, bu şikayəti nəzarətə götürüb araşdırma aparsınlar”.
Penitensiar Xidmətin İcitimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “AzPolitika.info”-nun sorğusuna cavab olaraq bildirdi ki, həmin vətəndaş birbaşa onlara müraciət etsin.
“Bizim qurum bu şikayəti araşdırıb, müvafiq addımlar atacaq”, - deyə, o vurğulayıb.
Şikayətdə adı çəkilən şəxsin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?