Son illər ölkə əhalisinin sosial müdafiəyə ehtiyacı olan hissəsinin sosial müdafiəsinin ödənilməsi, ələlxüsus yaşlılara, xəstələrə, əlillərə, kimsəsizlərə və s. kimi kateqoriyadan olan insanlara qarşı diqqət və qayğının artırılması, aidiyyatı dövlət qurumlarının qarşısında duran əsas prioritet vəzifələrdən biri olub. Bütün bunlara baxmayaraq, bu yöndə apardığımız araşdırmalar, ümumi müşahidələrimiz, ayrı-ayrı şəxslər tərəfindən redaksiyamızın elektron poçtuna göndərilən şikayət məktubları, vətəndaşların məmur özbaşınalığına qarşı etdikləri sosial etirazlar onu sübut edir ki, hələ də cənab Prezidentin rəhbərliyi altında yürüdülən dövlət siyasətinə ölkəmizin əksər şəhər və rayonlarında əməl olunmur? Məsələn, bir neçə gün bundan öncə Astv İnformasiya Agentliyindən redaksiyamızın elektron poçtuna göndərilən video-çəkilişdən aydın olur ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev-6, blok-3, mən-35 ünvanında yaşayan İsmayılov Zakir Xıdır oğlu və Salahova Həqiqət Ağa qızı, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının günahı ucbatından olmazın durumla üz-üzə qalıblar.
Belə ki, video-çəkilişə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, təqaüdçü olan hər iki şəxsin Gəncə Şəhər İcra Hakimiyyəti Aparatına qarşı narazılıqlarını ifadə etməkdən başqa yolları qalmayıb. Zakir İsmayılov və Həqiqət Salahova bildirir ki, “Biz təqaüdçüyük, yaşadığımız mənzili yağış suları bərbad hala salıb. Elə ki, yağış yağır, o halda mənzilimizdə yaşamaq qeyri-mümkün olmur. Belə dözülməz vəziyyətlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov məlumatlandırılıb. Düzdür, ŞİH-nin başçısı məlumatlı olduqdan sonra yaşadığımız mənzilə iki nəfər şəxs baş çəkdi və real mənzərəni öz gözləri ilə gördülər, hətta təmir işlərinin həyata keçiriləcəyi ilə bağlı bizə vəd də verib getdilər. Təəssüflər olsun ki, bir daha ŞİH-dən və həmin şəxslərdən heç bir səs-soraq çıxmadı. Bu da onu göstərir ki, cənab Niyazi Bayramovu sadə sakinlərin taleyi, yaşam tərzi heç cür maraqlandırmır”.
O halda sual oluna bilər ki, görəsən təqaüdçü olan Zakir İsmayılova və Həqiqət Salahovaya qarşı belə bir ögey münasibətin kökündə nələr durur? Axı, bu gün ölkə rəhbəri İlham Əliyev cənablarının həyata keçirdiyi daxili siyasətin əsasında, insan amili əsas faktor olaraq durur. Bu belə olduğu halda cənab Niyazi Bayramovun rəhbərlik etdiyi Gəncə ŞİH Aparatının hər iki şəxsə qarşı bəslədiyi ögey münasibətin varlığını heç cür başa düşmək olmur. Əslində belə bir münasibətin varlığı ölkə rəhbərinin yürütdüyü siyasətə qarşı çıxmaqdır, xalqı dövlət qurumlarından narazı salmaqdır. Yəni, bu cür addıma başqa bir ad vermək mümkün deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?