“Çəplik düzəlsin deyə əməliyyat olunursan, əməliyyatdan sonra çəplik düzəlmir, əksinə görmə qabiliyyətin zəifləyir, əməliyyatı edən həkim isə ölkədən qaçır”. Gundemxeber.Az yenicag.az-a istinadla bildirir ki, qeyd olunan xəstəxananın həkimlərinin işlərində məsuliyyətli olmaması ilə bağlı vətəndaş Ləman İbadzadə öz etirazını bildirib. Ləman İbadzadə qeyd edib ki, DünyaGöz Bakı xəstəxanasında həkimlər insanların taleyi ilə oynayırlar: “Bu xəstəxanaya Türkiyədən həkim gətirirlər. Xəstəyə yanlış diaqnoz qoyub, pul almaq xatirinə əməliyyata salırlar. Bu klinikada keçən il Türkiyədən gələn həkim Halit Özhisar bir gözdə çəplik olmasına rəğmən daha çox pul almaq üçün hər iki gözü əməliyyat edib. Əməliyyatdan sonra nəinki çəplik düzəlməyib, hətta, xəstənin görmə qabiliyyəti də zəifləyib. Əməliyyatdan sonra həmin həkim Azərbaycanı tərk edib. Başqa bir həkim gətiriblər – Halil İbrahim Altınsoy. O da klinikanın boyunduruğu altındadır və guya əməliyyatın əslində effektiv olduğunu, çəpliyin sonradan naməlum səbəblərlə yarandığını iddia edir. Bu, absurd iddiadır. Çəplik düzəlsin deyə əməliyyat olunursan, əməliyyatdan sonra çəplik düzəlmir, üstəlik, görmə qabiliyyətin zəifləyir, əməliyyatı edən həkim ölkədən qaçır. Klinika başqa bir həkim vasitəsilə sənə deyir ki, əməliyyat uğurlu olub, amma çəplik naməlum səbəbdən yaranıb. Bu klinika barədə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edilib. Hüquq-mühafizə orqanlarının işə ciddi yanaşması üçün sosial şəbəkədə imza kampaniyası yaratmışıq. Özü və ya doğmaları bu klinikanın qurbanı olan hər kəsi səsini yüksəltməyə dəvət edirəm”. Məsələ ilə bağlı Dünyagöz Bakı Xəstəxanası ilə əlaqə saxlasaq da, cəhdimiz alınmadı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?