Mingəçevir şəhərindəki ümumtəhsil məktəblərində şagirdlərdən valideynlərinin koronavirus əleyhinə COVID-19 pasportunun surətinin gətirmələri tələb olunur.
Gundemxeber.az bildirir ki, bu haqda azadliq.info-ya bir qrup valideyn məlumat verib. Onların sözlərinə görə, bunu övladlarının sinif rəhbərləri bildirib. Bəzi valideynlər bunun sırf onlara aid şəxsi məsələ olduğunu desələr də, müəllimlər göstərişin məktəb rəhbərliyindən deyil, şəhər İcra Hakimiyyətindən gəldiyini iddia ediblər. Mingəçevir şəhər İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Əsgərov əməkdaşımıza bildirib ki, icra hakimiyyəti tərəfindən məktəblərə bununla bağlı heç bir göstəriş verilməyib. T.Əsgərov məsələylə bağlı Təhsil şöbəsiylə əlaqə saxlamağı tövsiyə edib. Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev isə məşğul olduğunu bildirərək sonradan özünün bizimlə əlaqə saxlayacağını desə də, sözünə əməl etmədi. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmadığı və bu mövzuda heç bir xüsusi tapşırığın verilmədiyi, yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoyulduğu bildirilib. 2021-2022-ci tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev də bu faktı təkzib etmiş, “valideyni vaksinasiya edilməyən şagirdin məktəbə buraxılmayacaq”, deyə tələbin olmadığını bildirmişdi. Nazir onu da əlavə etmişdi ki, yaxşı olardı ki, məktəbə daxil olacaq valideyndə bu pasport olsun.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?