2019-cu ildən başlayaraq 1997-ci ilə kimi şəhid olmuş şəxslərin ailələrinə 11 min manatlıq sığorta ödənişinin , el dilində “qanpulu”nun verilməsi həyata keçirilib. Statistika ümumi sayın 12 min 268 olduğunu açıqlayıb. 44 günlük savaşda canını , qanını verən üç minə yaxın şəhidlə birgə toplam 15 mindən çox ailəyə birdəfəlik ödəmələr edildiyi hesabatlarda əksini tapıb. Qarabağ qazilərini və yaralıları da hesaba alsaq, 22 min civarında birdəfəlik ödəmənin imtiyaz yiyələrinin bank hesablarına keçirildiyini demək olar. Ortalıq 200 milyon manat bankların araçılığı ilə qazi və şəhid ailələrinə qan pulu ödənilib. Amma bu ödəniş tam olaraq qanpulu yiyələrinə çatmayıb. Necə?
Bəri başdan vurğulayaq ki, bütün şəhid ailələrinin və qazilərin pensiya hesabları olduğu halda və bu hesablara ödəniş etmək mümkün olduğuna baxmayaraq, onlardan yeni hesab açmalarının tələb edilməsi, yumşaq desək, süründürməçilikdən özgə bir şey deyil. Heç demə, burada süründürməçilikdən əlavə , həm də qanpulundan qanunsuz 0.5-1% komissiya haqqı adına pul tutulması başlıca məqsəddir. Haqq faizinin yarım -bir olmasına, cüziliyinə aldanmayın. Toplam 200 milyonun yarım faizi BİR MİLYON MANAT edir! Bəli, hökumətin nağdsız sosial siyasəti nəticəsində banklar (“Kapitalbank” və Beynəlxalq Bank) şəhidlərin qanpulundan BİR MİLYON MANAT QAZANC ƏLDƏ EDİBLƏR! (?) Belə sosial siyasətdən nə qazi inciyir, nə şəhid ailəsi! 11 min manatın qarşılığında 55 manat nədir ki? Bu yeyintidə ağrıdıcı odur ki, həmin bir milyonla neçə yaralının xaricdə müalicəsini təşkil etmək olardı ! Bir də, bu banklar “milli” deyil, bəyəm? Özləri qazi və şəhid ailələrinə yardım etmirlər, etməsinlər, heç olmasa, qanpulundan yeməsinlər! Olmaz? Axı, ümumiyyətlə, sosial ödənişlərdən, özəlliklə, qanpulundan komissiya haqqı tutulması nəzərdə tutulmayıb! Azərbaycan Beynəlxalq Bankı , görün, bu nəzərdə tutulmayan haqqı necə “əsaslandırır”: MÜAVİNƏT, TƏLƏBƏ TƏQAÜDÜ VƏ BU KİMİ KOMİSYON HAQQ TUTULMAYAN KARTLARIN HESABINA DAXİL OLMUŞ VƏSAİTƏ GÖRƏ 0. 5 FAİZ KOMİSSİYA HAQQI TƏYİN EDİLİB! (?) Görəsən, Mərkəzi Bankın baş direktoruna ünvanlanan bu “nəzərdə tutulmayan, təyin olunan yarım faiz komissiya haqqı” ifadəsindən baş direktor nəsə anlaya bilib? Bəs ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanları necə? Deyəsən, suallar ritorikdir , hökumət nağdsız sosial ödəniş bazarlığına son qoymaqda maraqlı görünmür. Yoxsa, qanpulundan komissiya haqqı tutulmasına son qoymaq nə çətin işdir ki? !
1-ci Qarabağ savaşı qazilərinin qanpulu ödənişlərinin ödənilməsinin təmin edilməsi, hələ də, nə Prezidentin yadına salınır, nə baş nazirin, nə də Konstitusiya Məhkəməsinin, Ombudsmanın ... Qanpulunu yeyən Dövlət Sığorta Kommersiya Şirkəti heç məhkəmə qərarlarını belə icra etmir, əksinə icra şöbələrinə və məhkəmələrə qazilərin qanpulundan rüşvət verib qarnını doyuzdurur. Banklara gəldikdə isə, ödəniş edilmədiyindən qazilərin qanpulundan komissiya haqqından da məhrumdurlar. Bəlkə, bankların hökumətə müraciətləri qaziləri qanpuluna qovuşdurdu? Mərkəzi Bankın qazilərin qanpulunun ödənilməsi məsələsini Milli Məclisdə qaldırmasına dəyər. Lap yeridir, MM -də gələn ilin büdcəsi müzakirəyə çıxarılıb. ..
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?