Yəqin çoxları bilmir ki, Zabrat qəsəbəsində yerləşən bu müəssisənin tikintisi 2009-cu ildə başlayıb və düz 12 il sonra - 2021-ci idə təhvil verilib. Amma biz bu tikintinin niyə bu qədər ləngiməsi məsələsinə toxunmayacağıq, çünki bu başqa mövzudur...
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ay müəssisədə yaradılan şəraitlə də yaxından tanış olub. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Zabrat qəsəbəsində yeni inşa olunmuş 350 yerlik qadın cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan məhkumlar üçün tərbiyə müəssisəsi Xətai rayonundakı 4 saylı Cəzaçəkmə Müəssisəsinin (“Qadın kalonu” deyilən) məhkumları üçün nəzərdə tutulub. “Təzadlar”ın aldığı məlumata görə, artıq məhkumların hamısı yeni - komfortlu binaya köçürülüb.
Xatırladaq ki, həmin cəzaçəkmə müəssisəsi ötən əsirn 30-cu illərində Bakının mərkəzində inşa olunub. Bir əsrə yaxın yaşı olan bina həm bərbad vəziyyətdə idi, həm də nimdaş görünüşü ilə ətrafa xələl gətirirdi. Yeni binanın isə müasir tələblərə cavab verən yataq, yemək, istirahət, psixoloq, ibadət otaqları, kitabxanası, hətta qadınlar üçün gözəllik salonu da var… Orada məhkimlar üçün standartalara cavab verən ideal şərait yaradılıb.
Bəs "Qadın kalonu"nun köhnə yerinə müştəri gözü düşən məmur kimdir?
Qeyd edək ki, Xətai rayonu ərazisindəki 4 saylı Cəzaçəkmə Müəssisənin ("Köhnə nəsil "Jeniskiy kolon" kimi tanıyır) hələ köhnə binasından köçürülmə prosesi başlamazdan uzun illər öncə də ətraf binaların (beş və dördmərtəbəli) sakinləri köçürülmədən sonra həmin müəssisənin köhnə binalarının sökülərək yerində hər hansı tikintinin aparılıb-aparılmayacağı barədə narahat idilər. İnsanlar narahat olmaqda haqlıdırlar da, çünki Günəşli, Hövsan, Zığ, Aeroport-Mərdəkan... istiqamətindən paytaxtın mərkəzinə, Binə və Sədərək ticarət mərkəzlərinə, rayonlara üz tutan maşınların yeganə çıxışı bu ərazidən keçdiyi üçün dəhşətli tıxaca səbəb olur. Bir tərəfdən də ətrafda inşa olunmuş göydələnlərin yeraltı qarajlarına sığmayan maşınları buradakı Sabit Orucov və Fəzail Bayramov küçələrindəki (Xətai rayon prokurorluğunun ətrafı) həyətlərin ərazisini də zəbt ediyi üçün basabas yaradıb. Uşaqlar həyətə düşüb oynamağa belə yer tapmırlar. Və burada kiminsə bina tikəcəyi təqdirdə, həm yeni sıxlıq yaranacaq, həm də tıxacda qalma müddəti artacaq. Yeni göydələnlər isə mənzillərin ikiqat sayı qədər maşın deməkdi. Nəzərə alsaq ki, indi belə kamfortlu binalarda yaşayanların, nəinki ailədə bir, hətta ailə üzvlərinin sayı qədər maşını olur… Diqqətinizə çatdıraq ki, həmin ərazidə uşaqların əylənməsi, böyüklərin istirahəti üçün xüsusi şərait yaradılmış heç bir park yoxdur. Ərazidən bir qədər aralıda – Yusif Səfərov küçəsindəki “Respublika Perinatal Mərkəz”in yanında-YAP-ın təzə binasının qarşısında kiçik bir park var ki, orada da yalnız bir fontan və skamyalar qoymaqla istirahət yeri yaratmağa çalışıblar. Kiçik bir ərazidə, zatən başqa şərait yaratmaq da mümkünsüzdür. Xətai metrosunun qarşısındakı Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı ucaldılmış - “Ana fəryadı” abidəsinin yerləşdiyi park isə hər iki tərəfə yüksək sürətlə şütüyən səs-küylü avtomobil yolu, həmçinin ensiz zolaqdan ibarət olduğu üçün istirahət etmək üçün tamamilə əlverişsizdir. Gundemxeber.az bildirir ki, “Təzadlar”a verilən məlumata görə, həmin yerə (həbsxananın köhnə binası) çoxdan gözqoyan məmur var. Çünki ərazi şəhər mərkəzinə, həm də yeni salınmış Ağ Şəhər bulvarına çox yaxın olduğu üçün hündürmərtəbəli bina tikib, çox baha qiymətə mənzil satmaq olar. Bu isə çox böyük pullar deməkdir… Mənbənin məlumatına görə, həmin şəxs ərazidə yaşayış kompleksi üçün Bakı şəhər Meri Eldar Əzizovdan da gizlincə razılıq da alıb... Xatırladaq ki, Prezident İlham Əliyev neçə il öncə tıxaclar səbəbindən paytaxtın mərkəzində tikinti aparılmasını qadağan edən göstəriş verib. Və həmin ərazi də şəhərin mərkəzi sayılır. Hər gün Bakının mərkəzinə doğru 8 Noyabr və H.Əliyev, Babək prospektlərindən... Cavanşir körpüsünə doğru istiqamət götürən maşın karvanı saatlarla tıxac yaradır və bu səbəbdən ərazidə tərpənmək olmur. Saatlarla tıxacda qalan insanların əsəbləri tarıma çəkilir, ətraf binalarda yaşayan sakinlərin isə səs-küydən, siqnal səsindən rahatlıqları yoxdur. Hətta səhərlər mənzillərindən çıxıb harasa gedə bilmirlər, çünki tıxaca düşənlər həyətlərə soxulub çıxış yolu axtarırlar. Hansısa pullu bir şəxsin cibini düşünərək, həm də statusuna arxalanaraq, həmin ərazidə bina tikmək eşqinə düşməsi, ərazidə yaşayan əhalinin və sürücülərin həyatını ağırlaşdıraraq cəhənnəmə çevirə bilər. Odur ki, adı çəkilən F.Bayramov və Sabit Orucov, eləcə də Afiyəddin Cəlilov küçələrinin sakinləri Prezident İlham Əliyevə müraciət hazırlamaqdadır. Müraciətdə ölkə başçısından "Qadın kolonu"nunun ərazisində çoxmənzilli bina tikintisinin qarşısının alınmasına qarşı tədbir görülməsi xahiş edilir. Hətta artıq ciddi narahat olan sakinlərin bildirdiyinə görə, hələlik adını çəkmək istəmədiyimiz həmin məmurun köhnə tarixə Bakı Meriyasından Sərəncam da aldığı bildirilir. Hazırda müraciət çoxsaylı sakinlər tərəfindən imzalanma mərhələsindədir. Yaxın günlərdə həmin müraciət Prezidentə, Bakı meriyasına və mətbuata göndəriləcək. Çox təəssüf ki, qədim Bakının dar küçələrinin yaxınlığında tikilmiş belə göydələnlərin hesabına paytaxt sakinlərinin günbəgün rahat yaşayışı çətinləşir, zülmə və əzaba çevrilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?