"Biz, Əvəz Zeynallı və Elçin Sadıqlının hüquqlarını müdafiəsi ilə bağlı toplantı iştirakçıları, tanınmış jurnalist, müstəqil "XuralTV" internet TV-nın rəhbəri Ə. Zeynallı və tanınmış vəkil Elçin Sadıqovun həbsini qanunsuz və ədalətsiz xarakterini göstərərək, bunu onların peşə fəaliyyəti ilə birmənalı əlaqəsini qeyd edir, bu həbsləri Azərbaycanda söz və ifadə azadlığına və müstəqil vəkillik institutuna qarşı təqib kimi dəyərləndirir, hakimiyyət daxilində mürtəce, antiislahatçı, korrupsioner korporativ qrup və dairələrin cəmiyyətdə islahatlara yönəlik meyllərə qarşı müqavimət aktı, mütərəqqi dəyişikliklik tərəfdarları içərisində xof və vahimə yaratmaq cəhdi sayır, bütövlükdə insan hüquq və azadlıqları sahəsində vəziyyəti ciddi təhdid altında qoyduğunu diqqətə çatdırıraraq ciddi narahatlığımızı və qəti etirazımızı bildiririb şiddətlə pisləyirik.
Eyni zamanda Azərbaycanın siyasi, hüquq – mühafizə, məhkəmə orqanları rəhbərliyinə, milli və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edərək məsələyə qanuni müdaxilə etməyə, Əvəz Zeynallı və Elçin Sadıqovun dərhal həbsdən azad olunması üçün effektiv addımlar atmağa çağırırıq. Hesab edirik ki, bu təqibin təşkilatçıları və icraçıları aşkar olunub məsuliyyətə cəlb olunmalıdırlar.
12.09.2022
------- ------- -------
Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun hüquqlarının müdafiəsi komitəsinin
BƏYANATI
11 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatını təmin edərək tanınmış jurnalist Əvəz Zeynallı və tanınmış vəkil Elçin Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barəsində qərar çıxarıb.
Onlara elan edilmiş ittiham Azərbaycan ictimaiyyəti tərəfindən qondarma ittiham kimi qəbul edilir və onların barəsində başqa qətimkan tədbiri seçilə biləcəyi halda həbs edilməkləri birbaşa jurnalist və vəkil peşə fəaliyyətləri ilə əlaqələndirilir.
Biz, vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbs edilməsinin Azərbaycan daxilində və Azərbaycanddan kənarda dövlətimiz üçün başucalığı gətirmədiyini bildiririk.
Biz, Azərbaycan hakimiyyətini siyasi motivlərlə ayrı-ayrı şəxslərin həbs edilməsi praktikasının dayandırmağa, tanınmış jurnalist Əvəz Zeynallı və tanınmış vəkil Elçin Sadıqov başda olmaqla siyasi motivlərlə həbs olunmuş şəxslərə qarşı cinayət təqiblərini dayandırmağa və onları azad etməyə çağırış edirik.
Biz, beynəlxalq insan hüquqları təşkilatları, dünyanın demokratik ölkələrindəki müvafiq təsisatları məsələni diqqətdə saxlamağa, Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqlarına hörmət etməyə çağırmasına, insan hüquq və azadlıqlarının sistemli şəkildə pozulmasında aktiv rol oynayan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilməsinə səsləyirik.
Biz, Azərbaycan ictimaiyyətini vətəndaşlarımızın hüquqları pozulanda hər zaman onların yanlarında olmuş jurnalist və vəkillərin hüquqlarının qorunması istiqamətində birləşməyə çağırırıq."
Sorğu
Yeni dizaynımız necədir?